"Münasibətlərdə yeni bir mərhələ başladı" - EKSPERT AYDINLIQ GƏTİRDİ
Xəbər verdiyimiz kimi, Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində Şavkat Mirziyoyev yenidən ölkə prezidenti seçilib. Bu münasibətlə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib və onu bu qələbəsi vasitəsilə təbrik edib. Bu, Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricisidir.
Lakin Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi təkcə bundan ibarət deyil. Bu barədə SİA-ya açıqlamasında siyasi ekspert Samir Hümbətov danışıb: "Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi təkcə müstəqilliyin bərpa olunması dövründə deyil, eyni zamanda, hətta Sovetlər dönəmində belə mövcud idi. Digər tərəfdən isə həm Azərbaycan, həm də Özbəkistan Türkdilli Dövlətlər Təşkilatının üzvüdürlər, eyni kökdən gəlirlər, tarixi, dil, din, mədəniyyət birlikləri var. Tərəflər arasında mədəni, diplomatik, iqtisadi, siyasi əlaqələr mövcuddur. Özbəkistanın Azərbaycanda, Azərbaycanın da Özbəkistanda səfirlikləri fəaliyyət göstərir. Azərbaycan-Özbəkistan arasında hərbi-stretejik sahədə əməkdaşlıqlar vardır ki, bu da prinsip etibarilə ikili münasibətlərin inkişafına təkan verir".
Ekspert iki ölkənin prezidentləri arasındakı əlaqələrin önəmindən bəhs edib: "Nəzərə almaq lazımdır ki, Özbəkistan prezidenti Şövkət Mirziyayevin Azərbaycana səfəri olub. Ötən ilin noyabr ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri baş tutub, Türk Dövlətləri Təşkilatının birinci sammitində iştirak edib. Düşünürəm ki, bütün bunların hər biri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından önəmlidir. Eyni zamanda, Özbəkistanda yaşayan azərbaycanlılar, Azərbaycanda yaşayan özbəklər də mövcuddur. Bu, tərəflər arasında bütün sahələrdə inkişafın göstəricisidir. Azərbaycanın işğal edilmiş ərazilərində Özbəkistanın təşəbbüsü ilə Füzulidə məktəb tikintisi həyata keçirilir. Bu, onu göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri təkcə siyasi əlaqələr deyil, həm də humanitar sahədə də mövcuddur və bu əlaqələr qarşılıqlı, faydalı əməkdaşlığa söykənir. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi nəzərdə tutulur. Doğrudur, İslam Kərimovun dövründə Özbəkistan-Azərbaycan əlaqələri o qədər də inkişaf etməmişdi. Lakin Şövkət Mirziyayevin hakimiyyətə gəlməsindən sonra bu vəziyyət dəyişdi və münasibətlərdə yeni bir mərhələ başladı. Düşünürəm ki, bu mərhələ bundan sonra da davam etdirilə bilər və inkişaf strategiyası hərtərəfli ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB