"Qeyri Hökumət Təşkilatlarımızın bu sahədə narahatçılığı başadüşüləndir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Nikol Paşinyana ünvanlanan müraciət əslində Qeyri Hökumət Təşkilatlarının narahatçılığının bir ifadəsidir. Onlar Ermənistanda dağ-mədən sənayesində görülən işlərin ətraf-mühitə təsirini, eyni zamanda qlobal aləmdə ciddi ekoloji böhran yaratdığını xatırladaraq Ermənistan baş nazirinə məktub ünvanlayıblar. Ekoloji sabitliyin pozulması yalnız Azərbaycanın və ya regionun deyil, o cümlədən, bütün dünyanın probleminə çevrilib. Ekoloji standartlar mövcuddur. Dünya əhalisinin hüquqlarını qorumaq artıq bir dövlətin işi olmaqdan çıxıb. Ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı bir çox tədbirlər görülür, təsisatlar yaradılır, beynəlxalq konvensiyalar qəbul edilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, bizim Qeyri Hökumət Təşkilatlarımızın da bu sahədə narahatçılığı anlaşılandır: “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə müraciət olunub. Bu məktubda yaxşı səhiyyə və rifah, təmiz su və sanitariya üzrə olan konvensiyaları, o cümlədən, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə, torpaq ekosisteminin mühafizəsi məsələləri yada salınır. QHT-lər bu məktubla Ermənistan ərazisində aparılan mədənçilik işlərinin nə qədər zərərli olduğunu xatırladaraq beynəlxalq təşkilatları tədbirlər görməyə dəvət ediblər”.
Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan bütövlükdə 20-dən çox beynəlxalq konvensiyaya üzvdür: “Həmin konvensiyaların şərtlərini yerinə yetirməyi öz üzərinə öhdəlik kimi götürüb. Amma Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bu çox təəssüfedici haldır. Azərbaycan QHT-lərinin bu addımı başadüşüləndir. Məhdud olan şirin su ehtiyatlarına Ermənistanın bu fəaliyyəti mənfi təsir göstərir. Çünki dünyanı qarşıda quraqlıq gözləyir. Bütün dünyanın bu məsələdə SOS verdiyi bir dönəmdə Ermənistanın bu fəaliyyəti insanlığa qarşı təhdiddir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB