"Təbrik məktubunu iki dövlət arasında yeni bir mərhələ kimi qəbul etmək olar" - DEPUTAT ŞƏRH ETDİ

"Təbrik məktubunu iki dövlət arasında yeni bir mərhələ kimi qəbul etmək olar" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı təbrik məktubunda bütün sahələrə toxunub. İki dövlət arasındakı əlaqələrin getdikcə yaxşılaşması, yeni formada cərəyan etməsi və son zamanlarda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişələrinin tənzimlənməsində göstərdiyi səylər münasibətlərin yeni bir mərhələsi kimi qəbul etmək olar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, Vaşinqtonda həm Ermənistan, həm də Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərlərinin ikinci dəfə görüşü zamanı ABŞ-ın məsələnin sülh yolu ilə həllinə göstərdiyi dəstək bunun bariz nümunəsidir: “Eyni zamanda, ABŞ-ın Ermənistandakı səfirinin mətbuata verdiyi müsahibəsində Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası ilə əlaqədar çıxışı onu göstərir ki, ABŞ və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir və bölgədə sülhün bərqərar olmasında dövlətimizin haqq səsini duyur”.

Deputat sözlərinə davam edərək bildirib ki, bu addım ABŞ-ın Azərbaycanın irəli sürdüyü 5 şərti dəstəkləməsi kimi qəbul olunur: “ABŞ səfirinin Ermənistanda bu cür bəyanatla çıxış etməsi həm də onun havadarlarına bir mesaj oldu. Qəbul etmək lazımdır ki, ABŞ dünyada iqtisadi və hərbi baxımdan söz sahibidir. Amerikanın bu məsələlərə münasibəti bəzi qüvvələrin xoşagəlməz fikirlərinə “Dayan” işarəsidir. Fikrimcə, Azərbaycan Prezidentinin Baydenə ünvanladığı məktubda hər baxımdan böyük əhəmiyyət kəsb edir. Bölgədə sabitliyin yaranması nəinki Azərbaycan-Ermənistan arasında iqtisadi əlaqələrin güclənməsinə, eyni zamanda regionda olan dövlətlərin Zəngəzur dəhlizinin işə salınması ilə bağlı təkanına səbəb olacaq. Bu da həm bölgənin inkişafına, həm də digər dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrin genişləndirilməsinə gətirib çıxaracaq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə