Qədim mədəniyyətə və zəngin ədəbi irsə malik şəhərlərindən biri olan İrəvan ədəbi-estetik fikrimizin inkişafında da böyük rol oynayıb. XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzi kimi tanınmışdır. İrəvan şəhəri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bura məşhur şairlər, nasirlər, elm və mədəniyyət xadimləri yetişdirmişdir. XIX əsrin əvvəlində rus qoşunlarının şəhəri işğalından sonra qiymətli əlyazmaların böyük əksəriyyəti məhv edilmişdir. Əsasən məscidlərdə və mədrəsələrdə saxlanılan qiymətli əlyazmaların əksəriyyəti yandırılmışdır. İrəvan xanlığının ərazisində yeganə işlək dil Azərbaycan türkcəsi olmuşdur. Mənbələrdə göstərilir ki, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopen "tatar dilinin" – yəni Azərbaycan dilinin yayılma arealı haqqında belə qənaətə gəlmişdir: "Bu məşhur dil haqqında bir neçə söz deməmək mümkün deyildir, hansı ki, Adriatik dənizindən tutmuş, Sakit, Hind və Atlantik okeanlarının sahillərinədək, Qədim Dünyanın üçdəbir hissəsində milyonlarla xalqlar bu dildə anlaşırlar". Böyük rus şairi M.Y.Lermontov Qafqazı gəzdikdən sonra bu qənaətə gəlmişdi: "Tatar dilini (yəni, Azərbaycan dilini) öyrənməyə başlamışam, fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada və ümumiyyətlə Asiyada zəruridir". Görkəmli alimi Səməd Sərdariniyanın "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitabında tarixi Azərbaycan torpaqlarında süni surətdə bir erməni dövləti qurulduğu, yüzilliklər boyu Azərbaycan şəhəri olan İrəvanın necə Ermənistan Respublikasının paytaxtına çevrildiyi tarixi-elmi faktlarla əksini tapır. İrəvanın məşhur Göy məscidi və digər məscidləri, Ermənistanda qalıqları mövcud olan islam abidələri, İrəvanlı alimlər və ruhanilər, görkəmli şəxsiyyətlər, şair və yazıçılar haqqında məlumatlar verilmişdir.
DÖVRÜNÜN MƏDƏNİYYƏT MƏRKƏZİ
Elm və mədəniyyət tariximizə "İrəvani" təxəllüsü ilə daxil olmuş bir çox alim, ədəbiyyat və mədəniyyət xadimi bu xəzinəyə önəmli töhfələrini veriblər. Mirzə Qədim İrəvani, Fazil İrəvani, Balağa İrəvani, Mirzə Müslüm İrəvani, Aşub İrəvani, Mirzə Məhəmməd İrəvani, Dəlil İrəvani, Əbdülkərim İrəvani və başqaların bu sırada adlarını qeyd etmək olar. Çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında Firudin bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Eynəli bəy Sultanov kimi qabaqcıl fikirli ziyalıların əvəsiz rolu olmuşdur. Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanın imkanlı və ziyalı elitasının xeyli bir qismi şəhəri tərk etmişdir. Tarixin müxtəlif dönəmlərində dövrünün tanınmış simaları soyqırıma və deportasiyaya məruz qalmış, dünyanın bir sıra ölkələrinə - Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmuşdular. İrəvan, dövrünün mədəniyyət mərkəzi olmuşdur. Evliya Çələbi hələ XVII əsrdə qeyd edirdi ki, Rəvanda qazı, molla, hörmətli şeyx, kələntər, daruqə, münşi, yasavul ağası, qorçubaşı, eşik ağası, dizçökən ağa, yeddi mehmandar və kəndxuda vardır.
"NADİ" İMZASI İLƏ TANINAN PUBLİSİST
Bu gün İrəvan mühitinin yetirdiyi ziyalılardan söhbət açacağıq. Onlardan biri,
Mirbağırov Mirabbas Mirhüseyn oğlu. Kimdir o? Mirbağırov təqribən 1880-1885-ci illər arasında İrəvan şəhərində doğulmuşdur. Onunla bağlı mənbələrdə göstərilir ki, İrəvan gimnaziyasını bitirmiş, gənc yaşlarından qardaşı Mirabdulla ilə birlikdə kitab ticarəti ilə məşğul olmuşdur. Qardaşlar İrəvanda "Umud" kitab mağazasını açmışdılar. Mirabbas Mirbağırov gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuşdur. İlk yazısı 19 iyun 1905-ci ildə "Həyat" qəzetində dərc olunmuşdur. Onun 1905-1929-cu illər arasında 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görmüşdür. İlk vaxtlar "Həyat" və "İrşad" qəzetləri ilə sıx əlaqələr quran Mirbağırov sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq" qəzetləri ilə də yaxından əməkdaşlıq etmişdir. Ən çox işlətdiyi gizli imzası "Nadi" olmuşdur. Jurnalistlik fəaliyyətini sonrakı illərdə də davam etdirərək, Azərbaycan Cümhuriyyəti dönəmində "Azərbaycan", sovet hakimiyyəti dövründə "Kommunist", "Yeni yol" qəzetlərində, "Xalq maarifi", "Füqəra füyuzatı", "Maarif və mədəniyyət", "Azərbaycan Ali İqtisad Şurasının əxbarı", "Xalq müəllimi", "Qızıl qələm", "Əkinçi", "Maarif işçisi", "İqtisadi xəbərlər" jurnallarında məqalələri dərc edilmişdir.
AZƏRBAYCAN TARİXİNDƏ "MİRBAĞIROV MİSSİYASI"
Mirabbas Mirbağırov da İrəvanda teatrın özülünü qoyanlardan biri olub.
Mirabbas Mirbağırovun 1913-1914-cü illərdə 6-sı orijinal, 1-i tərcümə olmaqla 7 kitabı nəşr edilmişdir. O, "Osmanlı tarixinin mühüm səhifələri" (Bakı, 1913), "Osmanlı hökumətinin qüdrətli günləri" (1913), "Tarix səhifələri. I. İslam pulları. II. Misir ölkəsi və tarixi" (1914), "Cənab Yusif və macərayi-məşhuru" (1914), "Osmanlı marşları, Vətən və millət nəğmələri" (1914) və başqa kitabların müəllifidir.Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan quberniyası Həmyerlilər Cəmiyyətinin qərarına əsasən və Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu ilin yanvarında yerli əhalinin problemlərini öyrənmək üçün M.Mirbağırovun rəhbərliyi ilə Naxçıvana nümayəndə heyəti göndərilmişdir. Əhali Azərbaycan Xalq Cümhuriyyətinin elçilərini böyük ruh yüksəkliyi ilə qarşılamışdı. 1919-cu il fevralın 22-də M.Mirbağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda ingilis general-qubernatoru ilə görüşərək, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvanla bağlı mövqeyini onun diqqətinə çatdırmışlar. Naxçıvanda hakimiyyətin sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın iqamətgahında keçirilən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə yanaşı, ingilis general-qubernatoru da iştirak etmişdir. Azərbaycan hökumətinin nümayəndələri Cəfərqulu xanın başçılıq etdiyi hökuməti tanıdıqlarını bildirmişlər. Naxçıvanın könüllü olaraq Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi haqqında tərtib olunan Aktın mətninin hazırlanmasında iştirak etmişdi. Siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələlərə aid bəndlərdən ibarət akt hökumət və Milli Şura üzvləri, əhalinin nümayəndələri tərəfindən imzalanaraq, hökumət möhürü ilə təsdiq edilmişdi. Nümayəndə heyətinin Naxçıvanda gördüyü işlər Azərbaycan tarixinə "Mirbağırov missiyası" kimi daxil olmuşdur.M. Mirbağırov sovet hakimiyyətinin ilk illərində ASSR Xalq Ərzaq Komissarlığı sistemində, 1923-cü ildən "Kommunist", 1924-cü ildən "Yeni yol" qəzetlərində, 1925-ci ildən 1929-cu ilədək "Maarif işçisi" jurnalında çalışmışdır.Onun əsərləri indi də öz elmi dəyərini saxlayır. Bu əsərlər onun iqtisadçı, etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi, pedaqoq, tarixçi kimi ensiklopedik biliyə malik olduğunu göstərir.1930-cu ilin əvvəlində özünün və qardaşlarının ailəsi ilə birlikdə Türkiyəyə köçdüyü güman edilir. İrəvanda yazıb-yaradan azərbaycanlılar öz istedadları ilə ədəbi mühitimizə, tariximizə parlaq səhifələr həkk etmişdilər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB