Ərdoğanın Azərbaycana səfəri regiona nə verəcək? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Ərdoğanın Azərbaycana səfəri regiona nə verəcək? - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri planlaşdırılır. Bu, yenidən prezident seçildikdən sonra Ərdoğanın ikinci xarici səfəridir. Hesab edirəm ki, Türkiyə bununla bölgəmizlə bağlı qaranlıq planlar həyata keçirmək istəyən dövlətlərə Azərbaycan-Türkiyə dostluğunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda, qardaş ölkədə keçirilən prezident seçkiləri zamanı müxalif namizədə dəstək verən və onun hakimiyyətə gəlməsi ilə Türkiyənin bölgədə təsir imkanlarının, xüsusilə də Azərbaycana verilən dəstəyin zəiflədilməsini arzulayan dövlətlərin bu iki dövlətlə üz-üzə gələ biləcəklərini nümayiş etdirir: "Bu səfər İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan liderliyi altında türk dünyasının böyüdülməsi istiqamətində ortaya qoyulan iradənin keçici olmadığını və bundan sonra da ciddi addımlar atılacağını göstərir. Aydın olur ki, Azərbaycanın Ermənistanla münaqişə ərzində ortaya qoyduğu qətiyyətli mövqeyin arxasında həm də Türkiyə dövləti dayanır. Səfər 15 iyun 2021-ci il tarixində imzalanmış Şuşa bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə arasında bir neçə istiqamətli əlaqələrin bundan sonra da inkişaf edəcəyinin nümunəsidir".

Politoloq sözlərinə davam edərək bildirib ki, Ərdoğan eyni zamanda, Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi altında ortaya qoyduğumuz mövqeyə və iradəyə dəstək nümayiş etdirmək üçün səfər edir: "Hesab edirəm ki, Ərdoğanın səfəri bölgədə əsas faktor olan Türkiyə-Azərbaycan birliyinin uzunmüddətli olacağının da göstəricisidir. Xəzər dənizinin və Orta Asiyanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında Azərbaycan və Türkiyənin birgə səylərinin necə əhəmiyyətli olduğunu dünya güclərinə nümayiş etdirmək üçün bu səfər çox mühüm əhəmiyyət daşıyır. Bu səfər zamanı iki dost lider arasında Azərbaycan və Türkiyənin birgə koordinasiya olunmuş fəaliyyətinin anonsu veriləcək".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə