Tarixi ədalətin bərpası, Şuşa Bəyannaməsi və yenidən qurulan Qarabağ - TƏHLİL

Tarixi ədalətin bərpası, Şuşa Bəyannaməsi və yenidən qurulan Qarabağ - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxıb"

RƏCƏB TAYYİB ƏRDOĞAN: "Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz münasibətlərimiz regionumuzda sülh və sabitliyin ən böyük təminatı olacaq"

Bu gün Türk xalqı böyük sevinclə verdikləri müdrik qərarlarından məmnun qaldıqlarını və Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçməklə güclü və qüdrətli Türkiyənin tərəfində olduqlarını bəyan etdilər. Bu, təkcə türk xalqının deyil, həm də bütün azərbaycanlıların seçimi idi. Bu «2023-cü il Heydər Əliyev İli»ndə ən mühüm yarışması olan seçkilərdə sadəcə Ədalət və İnkişaf Partiyasının - Türkiyənin qələbəsi deyildi, bütövlükdə Qarabağ Zəfəri yenidən taclandı, şəhidlərimizin ruhu şad oldu, o torpaqlara sanki yeni nəfəs verildi və Zəngəzur dəhlizinin reallaşmasına əngəl olan qüvvələrin arzuları gözlərində qaldı və Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçildi. Bu qələbə Türk qardaşlarımız qədər bizi də sevindirdi. Bu başqa cür də ola bilməz. Çünki bu qələbə qədim tarixlərin sınağından çıxmış Azərbaycan-Türkiyə – "bir millət, iki dövlət" həmrəyliyinin nəticəsi idi. Bu birliyin nəticəsini biz 2020- ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinin ilk günündən Qələbə Zəfrinə kimi və Zəfərdən bir il sonra Türkiyə daim bizimlə bir olub, sevincimizə, kədəritmizə şərik olub. Və bu dostluğunun, qardaşlığının birliyini Qalib Azərbaycanın Zəfər Paradında və tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda – Azərbaycanın mədəniyyət paytaxtı qarşılaması, ölkələr arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması "bir millət, iki dövlət"in əbədi dotluğunun təcəssümüdür.

ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR

15 iyin 2021-ci il Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən Azərbaycan və Türkiyə liderləri arasında müttəfiqlik münasibətləri haqqında tarixi hadisə olan Şuşa Bəyannamənin imzalanmasından iki il ötür. Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Belə ki, məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixi və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu Bəyannamədir.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyev hər kəsin yadına Qars müqaviləsini salaraq bildirmişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün də Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

PREZİDENT İLHAM ƏLİYEV VƏ PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN TƏRƏFİNDƏN İMZALANMIŞ ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR

Bəli, bu gün dövlət başçımızın söylədiyi kimi: "Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir". Xüsusilə də, Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyinin göstəricisidir. Bu qardaşlıq və dostluq münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanan qardaşlıq birliyidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik məktubunda bir daha Şuşa Bəyannaməsinin iki qardaş ölkələrin arasında bu birliyin daha da möhkəm olacağının söyləyib: "Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük".

Məktubda o da vurğulanır ki, "Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Türkiyədə baş verən zəlzələlərdən sonra “kədəriniz kədərimizdir” anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident Ərdoğan vurğulayıb ki, Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.

Tarixi ədalətin bərpası, Şuşa Bəyannaməsi və yenidən qurulan Qarabağ dünyanın ən gözəl yerlərinə çevriləcək.

Prezident İlham Əliyev ötən il oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib: “Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Bəli, hər iki ölkə liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar.

TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJ: “BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR”

Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirmişdir ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib: “Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir".

Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.

TÜRKİYƏ PREZİDENTİ: “ŞUŞA BƏYANNAMƏSİ İLƏ ƏLAQƏLƏRİMİZDƏ YENİ BİR DÖNƏM BAŞLATDIQ”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəmin başlandığını söyləmişdi: "Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq".

Bir sözlə, Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı əlaqələri tarixi maksimuma çatdıraraq bütün dünyaya iki ölkənin qardaşlığı ilə bağlı mesaj verilməsi baxımından da əlamətdar oldu: Belə ki, Türkiyə 44 günlük müharibə dövründə olduğu kimi sonrasında da, yəni Qarabağın dirçəldilməsi, bölgədə bütün kommunikasiyaların açılması və s. məsələlərdə də Azərbaycanı birmənalı olaraq dəstəkləyir və bundan sonra da qeyd-şərtsiz dəstəkləməyə davam edəcək. Artıq reallıqla barışmaq və gələcəyə baxmaq lazımdır. Və Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Ən əsası, bu Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə göz dağı verməklə yanaşı həm də Azərbaycanın gücünün, qüdrətinin nə qədər böyük olduğunu bir daha göstərdi.

Bir sözlə, Şuşa Bəyannaməsi - "Bir millət, iki dövlət"in müttəfiqliyini, qardaşlığını ən üst səviyyəyə qaldıran iki imzanın lider müəlliflərinin birliyidir.

Dövlət başçımızın dediyi kimi: "Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə