“Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini minnətdarlıqla xatırlayır” - TAHİR BUDAQOV

“Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən tədbirlər Ulu Öndərin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması baxımından olduqca önəmlidir”. SİA xəbər verir ki, bu sözləri YAP Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda keçirilən konfransda YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, Ümummilli Liderimizin dünənin, bu günün və gələcəyin partiyası kimi səciyyələndirdiyi, 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçərək Heydər Əliyev ideyaları əsasında Azərbaycana tarixi uğurlar – möhtəşəm nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən də “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər reallaşdırılmaqdadır: “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda keçirilən bugünkü konfrans da Heydər Əliyev irsinin öyrənilməsi, Onun əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması və gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir.

Çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır. “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən misilsiz işlər görmüşdür. O, istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində böyük uğurlara imza ataraq xalqımızın parlaq gələcəyini təmin etmişdir.

Heydər Əliyev sovetlər birliyi dövründə respublikamızın sosial-iqtisadi, elmi-mədəni inkişafına xidmət edən, böyük milli-mənəvi və siyasi-ideoloji əhəmiyyətə malik işlər görmüş, Azərbaycanın gələcək müstəqilliyinin bünövrəsini yaratmışdır. Xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan SSR tarixində bütün sahələrdə inkişafla xarakterizə olunan ən parlaq dövrdür. Məhz 1969-cu ildən - Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra atılan addımlar – görülən işlər hərtərəfli inkişafı və yüksəlişi təmin edən həlledici amil olmuşdur. Həmin tarixi mərhələyə nəzər salan Prezident İlham Əliyev qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir: “Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür”.

Tahir Budaqov sözlərinə belə davam edib: “1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, xalqımızın rifahı və firavanlığı, respublikamızın inkişafı üçün vacib işlər görmüşdür. Bu, respublikanın 1969-1982-ci illər ərzində yaradılmış güclü sosial-iqtisadi baza əsasında inkişafını daha da sürətləndirmişdir. Bu dövrdə atılan addımlar təkcə Azərbaycan SSR-in deyil, Sovet ittifaqının tərkibində olan digər bir sıra respublikaların da inkişafına müstəsna töhfə olmuşdur.

Xüsusi olaraq bir məqamı diqqətə çatdırmaq istəyirəm ki, Heydər Əliyevin istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrlərdə respublikamızda digər xalqların nümayəndələri də qarşılıqlı anlaşma şəraitində yaşamış, onların bütün hüquqları qorunmuş, rifah və firavanlığı təmin edilmişdir. Bir sözlə, hələ SSRİ dönəmində humanizm dəyərlərinə, multikultural ənənələrə söykənən tolerant yanaşma Azərbaycan cəmiyyətinin inkişafını təmin edən mühüm amillərdən biri olmuşdur.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş, mədəni intibah və bütövlükdə müstəqil dövlət quruculuğu dövrü kimi həkk olunmuşdur. Sosial-iqtisadi, siyasi və hüquqi islahatların aparılması, milli maraqlara, beynəlxalq hüquq normalarına və dövrün çağırışlarına əsaslanan xarici siyasət kursunun həyata keçirilməsi və digər amillər Azərbaycanın tərəqqisini, qarşıda duran milli hədəflərin reallaşmasını mümkün etmişdir.

Ulu Öndər Heydər Əliyev xalqımızın zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı və çoxəsrlik dövlətçilik ənənələrinə sahib olduğunu, ölkəmizdə müxtəlif etnik və dini köklərə malik xalqların yaşadığını nəzərə alaraq həm milli maraqlara, həm də zamanın çağırışlarına uyğun siyasət həyata keçirmiş, multikultural dəyərlərin təşəkkülü təmin edilmiş və tolerantlıq mühiti gücləndirilmişdir. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlaması üçün istər hüquqi, istərsə də mənəvi müstəvidə bütün şərtlər təmin edilmiş - əlverişli şərait yaradılmışdır. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”,- deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə bu sərvətin qorunması və zənginləşməsi üçün məqsədyönlü siyasət həyata keçirmiş və müsbət nəticələr – diqqətəlayiq nailiyyətlər əldə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Heydər Əliyev ideyalarına əsaslanan siyasəti Azərbaycana böyük nailiyyətlər qazandırmaqdadır. Xüsusilə də, respublikamızda multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı və inkişaf diyarı kimi müstəqillik yolunda inamlı irəliləyişini təmin edir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi – mühüm layihələrin reallaşdırılması da həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik olan toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün xalqların, o cümlədən rus əsilli vətəndaşlarımızın payı var. Dövlət başçısının söylədiyi kimi, “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Bu gün Azərbaycanda mövcud olan icmalar cəmiyyət həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar. 30 illik yubileyini qeyd edən Azərbaycanda Rus İcması da bu baxımdan istisna deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Azərbaycanda rus icması həmişə əmin-amanlıq şəraitində yaşamış, dil və mədəniyyətini, milli və dini adət-ənənələrini qoruyub saxlamaqla, çoxmillətli cəmiyyətimizin etnik-mənəvi mənzərəsini özünəməxsus çalarlarla zənginləşdirmişdir”.

Diqqətə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycanda rus dilində orta ümumtəhsil məktəbləri, ali təhsil ocaqları, universitetlərdə rusdilli bölmələr, rusdilli mətbu orqanlar və digər ictimai-mədəni qurumlar öz fəaliyyətlərini uğurla davam etdirirlər. Cənubi Qafqazın ən böyük rus icması olan Azərbaycanda Rus İcmasının nümayəndələri də öz hüquq və azadlıqlarından, mövcud şəraitdən istifadə edərək cəmiyyət həyatının müxtəlif sahələrində aktiv təmsil olunurlar.

Bütün bu gerçəkliklər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, dövlətçilik maraqlarına, milli-mənəvi və bəşəri dəyərlərə, xalqımızın tarixi ənənələrinə söykənən siyasətin real nəticəsidir. Ona görə də Azərbaycan xalqı, ölkəmizdə yaşayan müxtəlif toplumların nümayəndələri müstəqil dövlətimizin banisi, dahi şəxsiyyət, müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir, Ulu Öndərin misilsiz xidmətlərini minnətdarlıqla xatırlayırlar.

Fürsətdən istifadə edərək Azərbaycanda Rus İcmasının 30 illik yubileyi münasibətilə hər birinizi ürəkdən təbrik edir, tolerant, qalib və qüdrətli Azərbaycan naminə, xalqlarımız arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə yönəlik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə