"Azərbaycanlı tələbənin həbsi molla rejiminin xislətini göstərir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin aqressiyası da artır. Bu ölkədə azərbaycanlı tələbənin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir. Bu hadisə 2008-ci ilin oktyabrında İranda qondarma bəhanə ilə həbs edilən azərbaycanlı alim Rəşid Əliyevlə bağlı məsələni xatırlatdı. O da heç bir səbəb olmadan casusluq ittihamı ilə həbsdə saxlanmışdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bir neçə il əvvəl eyni ilə iki gənc şairimiz, AMEA-nın bir xanım üzvü də həbs olunmuşdu: "Görünən budur ki, İran təhlükəli ölkədir, ora səfər etmək vətəndaşlarımız üçün ciddi problemlərə səbəb ola bilər.

Təcrübə göstərir ki, İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür. Belə ki, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır, bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir. Bu baxımdan, vətəndaşlarımızın İrana səfəri o qədər də məqsədəuyğun deyil".

Deputat sözlərinə davam edərək bildirib ki, ümumiyyətlə, İranın Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasəti heş vaxt dəyişməyib: "Otuz illik işğal dövründə Ermənistanın yanında olan, 44 günlük müharibə zamanı, ondan sonrakı dövrdə bunu daha açıq şəkildə biruzə verən rəsmi Tehranın niyyəti aydındır bölgədə sülh və təhlükəsizliyə mane olmaq, Azərbaycanın daha da güclənməsindən doğan narahatlığı gizlədə bilmir. Təsadüfi deyil ki, son vaxtlar Ermənistanla sülh müqaviləsi istiqamətində görülən işlərin intensivliyi artdıqca, Tehranın narahatlığı da artır. Amma bu aqressiyanın heç bir nəticəsi olmayacaq. Azərbaycanın qələbəsi sayəsində yaranmış yeni reallıqlar bölgənin rifahına yönəlib. İran da bu bölgənin ölkəsi kimi bu rifaha, təhlükəsizliyə dəstək verməlidir. Casus axtarışına çıxıb ikitərəfli münasibətləri daha da gərginləşdirməməlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə