Moldovada liderlərin görüşü nə ilə yadda qaldı? - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə beşli format (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) çərçivəsində müzakirə apardılar. Almaniya kansleri Olaf Şolts ilk dəfə kollektiv müzakirədə iştirak etdi". Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Elxan Şahinoğlu bildirib.

O, qeyd edib ki, bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqının liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək: "Bu format müharibədən əvvəl Rusiya-Ukrayna gərginliyi ilə yaradılan Normand formatına (Rusiya, Ukrayna, Fransa və Almaniya) bənzəyir. Normand formatı işə yaramadı və dağıldı. Azərbaycan-Ermənistan danışıqlarıyla bağlı beşli fotmatın da uğur qazanacağını söyləmək çətindir, sadəcə Fransa və Almaniya bu format vasitəsilə “danışıqlarda biz də varıq” demək istəyirlər. Moskva, Vaşinqton, Brüssel fotmatında Fransa və Almaniyanın iştirakıyla “beşli format” da əlavə olundu.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib ki, bugünkü danışıqlar çox məhsuldar keçib və bu, iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq idi. Onun sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar. Bu açıqlama o deməkdir ki, Kişinyov görüşü Moskva görüşü kimi nəticəsiz qalıb və beşli format çərçivəsindəki müzakirələrin faydası olmayıb. Nikol Paşinyan prosesi uzatmağa çalışır. Bu isə bölgədə gərginliyin artmasına səbəb olacaq".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə