"Anti-terror əməliyyatları rəsmi Bakı üçün aktual ola bilər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Anti-terror əməliyyatları rəsmi Bakı üçün aktual ola bilər" - POLİTOLOQ ŞƏRH ETDİ

"Prezident İlham Əliyev 28 may tarixində Laçın şəhərindən Xankəndində yaşayan ermənilərə "təslim olun!" səpkili açıq tekstlə bir mesaj ötürdü. Düşünürəm ki, bu mesajı həm Qarabağda yaşayan ermənilər, həm də onlara havadarlıq edən qüvvələr ciddiyə almalıdırlar". Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Elçin Abdullayev bildirib.

O, bəyan edib ki, Prezidentin bu bəyanatı ermənilərin xilası baxımından önəmlidir. Onlar bunu başa düşməlidirlər. Bilirik ki, Qarabağ məsələsində ermənilərə bir addım belə güzəştə getməyən ölkə başçımız tərəfindən ermənilərə bir növ amnistiya vədi verilir. Bu da şübhəsiz ki onların atacağı addımlara bağlıdır: "Cənab Prezident Laçından açıq şəkildə ermənilərə bildirdi ki, parlamenti buraxın, silahı yerə qoyun. Hesab edirəm ki, Prezidentin bu vədi həqiqətən ermənilər adına edilmiş böyük bir jestdir. Onlar Qarabağda yaşamaq istəyirlərsə bu şansı dəyərləndirməlidirlər. Əks halda, düşünürəm ki, Azərbaycan Ordusu məsələyə müdaxilə edə bilər".

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi, xüsusən Nikol Paşinyan, digər beynəlxalq təşkilatlar Qarabağı Azərbaycan ərazisinin bir parçası hesab edir: "O zaman Azərbaycan tərəfinin Qarabağda atacağı hər hansı addıma qarşı heç bir dövlətin müdaxilə etmək hüququ yoxdur. Belə olduğu halda, Qarabağda yaşayan ermənilər öz talehləri ilə barışmalı olacaqlar. Azərbaycan tərəfi hesab edirəm ki, heç də səbri sonsuz olan bir tərəf deyil. Nəhayətdə əgər ermənilər Azərbaycanın dövlət başçısının çağırışına cavab verməsə anti-terror əməliyyatları rəsmi Bakı üçün prioritet ola bilər. Bu da ondan xəbər verir ki, Azərbaycan tərəfi anti-terror əməliyyatına başlasa nə Arayik Aratunyanı, nə də digər erməni seperatçılarını heç kəs Azərbaycan ordusunun əlindən ala bilməyəcək".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə