“Multikulturalizm konsepsiyası həmişə yaşayacaq” - NİZAMİ SƏFƏROV

“Bu il Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. İstər Azərbaycanda, istərsə də xarici dövlətlərdə bu əlmaətdar hadisə təntənəli şəkildə qeyd olunur. Mən ilk növbədə bu tədbirin keçirilməsinə görə Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovaya dərin minnətdarlığımı bildirirəm. Həmçinin MDB PA rəhbərliyinə də təşəkkür edirəm”. SİA xəbər verir ki, bu sözləri “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” adlı beynəlxalq konfransda Milli Məclisin deputatı Nizami Səfərov deyib.

Onun sözlərinə görə, XX əsrin tarixində Ulu öndər Heydər Əliyevin həyatına çox tarixi bir rol düşdü: “Ulu öndər elə bir qlobal səviyyədə siyasətçidir ki, öz dövlətinin siyasi, iqtisadi və multikultural proseslərinə təsir göstərirdi. Onun tarixdəki rolunu müxtəlif rakurslarda öyrənə bilərik”.

Nizami Səfərov sözlərinə belə davam edib: “Heç də abartmadan deyə bilərik ki, Heydər Əliyev müasir multikulturalizm və tolerantılğın Azərbaycandakı modelinin əsasını qoyan şəxsdir. O ən çətin dövrlərdə müntəzəm olaraq müxtəlif millət nümayəndələri ilə görüşlər keçirirdi və dəfələrlə qeyd edirdi ki, mültikulturalizm bizim sərvətimizdir.

44 günlük Vətən müharibəsində multikulturalizm yanaşması özünü bir daha göstərdi. Heydər Əliyevin multikultural ideyaları cənab Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən böyük uğurla davam etdirilir. Multikulturalizm konsepsiyası həmişə yaşayacaqdır. Çünki onun əsasını ulu öndər Heydər Əliyev qoyub”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə