"Moskva görüşü İlham Əliyevin Paşinyana verdiyi tutarlı cavablarla yadda qaldı" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əslində gözlənildiyi kimi, Moskvada baş tutan görüş zamanı Azərbaycan və Ermənistan arasında heç bir sülh sazişinə imza atılmadı. Digər prizmadan baxdıqda biz bu görüşdə sülhün əldə olunmadığını müşahidə etsək də, eyni zamanda həmin masada kimin güclü, kimin zəif əl olduğunu, kiminsə demoqoqiya ilə məşğul olduğunu görmüş olduq. Belə ki biz Moskva görüşü çərçivəsində Ermənistanın Baş Naziri Nikol Paşinyanın səhv etmirəmsə, iki dəfə Rusiya prezidenti Putinin sözünü kəsdiyinin şahidi olduq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, əslində, Paşinyanın Moskvanın mərkəzində oturub Vladimir Putinin sözünü kəsməsi ondan xəbər verir ki, artıq Rusiya prezidentinin əvvəlki nüfuzu qalmayıb: "Bu baxımdan artıq Paşinyan belə Putinin sözünü kəsə bilir. Hesab edirəm ki, bu Rusiya kimi dünyaya meydan oxuyan bir dövlətin və onun prezidentinin dünya qarşısında ambisiyasının sıfıra endirilməsi deməkdir. Paşinyanın bu hərəkəti Rusiyanın imicinə böyük bir zərbə idi. Bundan əlavə həmin görüş Avrasiya iqtisadi forumu üçün nəzərdə tutulsa da, Paşinyanın Putinin sözünü kəsməsi və Azərbaycan Prezidenti İlham Əliyevin ona tutarlı cavablar verməsi ilə yadda qaldı. Düşünürəm ki, Moskva görüşü çərçivəsində Azərbaycan güclü əl olaraq masadan qalxdı. Çünki o foruma toplaşan dövlətlərə və onların başçılarına baxarkən Azərbaycan Prezidentinə daha çox hörmət etdiklərini gördük".

Politoloq sözlərinə davam edərək bildirib ki, ilk növbədə iclas zalına Vladimir Putinlə ölkə başçımız İlham Əliyevin ikilikdə öndə daxil olması Azərbaycan dövlətinə və onun prezidentinə qoyulan hörmətin göstərcisi idi: "Onu da qeyd edim ki, biz bu cür hallarla yalnız həmin görüşdə rastlaşmadıq. Ümumiyyətlə, Azərbaycan dövlətinin başçısı dünyanın hansı ölkəsinə gedirsə, eyni hörmətlə qarşılanır. Digər tərəfdən ölkə başçısı İlham Əliyevin Nikol Paşinyana verdiyi layiqli cavablar da günə öz damğasını vurmuş oldu. Bu cavablar Azərbaycanın gücünü göstərmiş oldu. Hər ikisinin də şəxsiyyətini təhlil etsək görərik ki, Paşinyan siyasətdə şagird, dövlət başçısı İlham Əliyev isə artıq bir ustadır. Azərbaycan Prezidentinin istənilən dövlət başçısı, o cümlədən, media qarşısında etdiyi çıxışlar çox peşəkarcasınadır.

Hər bir halda mən belə görüşlərin savam etdirilməsi tərəfdarıyam. Çünki hər görüşdən-görüşə Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoymuş olur və Ermənistan rəhbərliyinin gözünün içinə baxaraq öz haqq səsini bütün dünyaya bəyan edir. Bunların hər biri Azərbaycan adına müsbət bir haldır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə