Müstəqillik Günümüz münasibətilə Moskvada təntənəli qəbul təşkil olunub

Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul təşkil olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Şərqdə ilk demokratik respublikanın tarixindən danışıb, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsinin müasir dövrdə Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasət xadimi, bu il 100 illik yubileyinin qeyd olunduğu Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Səfir deyib: “Sevindirici haldır ki, bu hadisə Rusiyanın bir çox regionlarında geniş qeyd olunur. Heydər Əliyev həqiqətən Azərbaycan və Rusiya arasında birləşdirici şəxsiyyətdir. O, ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin qurulmasına böyük əhəmiyyət verirdi. Bu gün müasir və olduqca mürəkkəb şəraitdə Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan və Rusiya arasında münasibətlər müttəfiqlik əlaqələri səviyyəsinə çıxıb. İki ölkə arasında qarşılıqlı fəaliyyətin beynəlxalq hüquqi bazası 300-dək müxtəlif sənədi nəzərdə tutur. Onların arasında ən əsaslarından biri ölkələrimiz arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədir”.

Diplomat qeyd edib ki, ali səviyyədə daimi siyasi dialoq sayəsində ötən onilliklər ərzində Azərbaycan-Rusiya əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənərək, siyasi, iqtisadi və humanitar sahələrdə bir çox konkret qarşılıqlı faydalı layihələrlə genişlənib.

Səfir 2020-ci ilin noyabrında Azərbaycan ordusunun öz ərazilərinin 30 illik işğalına son qoyduğunu xatırladıb. Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi qonşu ölkənin işğal olunmuş torpaqlarda onilliklər ərzində həyata keçirdiyi geniş qanunsuz fəaliyyəti üzə çıxarıb. Buraya etnik təmizləmə, ərazinin kütləvi minalanması, Azərbaycanın tarixi, mədəni və dini irsinin məqsədyönlü şəkildə məhv edilməsi və mənimsənilməsi, təbii sərvətlərin talanması və infrastrukturun dağıdılması daxildir. O qeyd edib ki, çoxillik işğalın ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərib və sülh gündəmini irəli çəkməkdə davam edir.

“Bölgədəki hazırkı vəziyyət, Ermənistanın siyasi rəhbərliyinin ritorika və narrativləri bizi inandırır ki, qonşularımız sülh istəmir və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni şəkildə ləngidir. Ermənistanın danışıqlar imitasiyası praktikasından istifadə edərək revanşist ideyaları ilə yaşamaqda davam etdiyini, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə təxribatlara və sabotaja əl atdığını təəssüflə dərk etmək olar. Bundan başqa, İrəvan ərazilərin minalanması prosesini davam etdirərək, təbii sərvətlərimizin qanunsuz çıxarılmasını həyata keçirməklə və öz silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxarmamaqla regionda sabitlik və təhlükəsizliyə yeni təhlükə yaradır”, - deyə səfir Polad Bülbüloğlu bildirib.

Diplomatın sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzur regionlarının dirçəlişi Azərbaycan xalqının milli ideyasının mühüm elementlərinə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə hazırda İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa işləri aparılır, irimiqyaslı layihələr həyata keçirilir, yüz kilometrlərlə yeni asfalt yollar çəkilir.

“Azərbaycan Rusiyanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində, münaqişədən sonrakı nizamlanma üzrə vasitəçilik səylərindəki rolunu yüksək qiymətləndirir. “Bu gün Rusiya Ermənistanla münasibətlərin normallaşdırılması yollarının axtarışında bizim mühüm tərəfdaşımız olmaqda davam edir”, - deyə səfir bəyan edib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edib ki, Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb, dünya miqyasında layiqli nüfuza malikdir, beynəlxalq gündəmdə olan bir çox mühüm məsələlərin həllində fəal rol oynayır. O deyib: “Rusiya və Azərbaycan xalqlarını mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət ənənələri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimizin liderləri – Vladimir Putin və İlham Əliyev arasında etibarlı dialoq buna kömək edir”.

O, bu il görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd olunduğunu vurğulayaraq, Ulu Öndərin iki ölkə üçün birləşdirici şəxsiyyət olduğunu deyib. Nazir müavini Azərbaycan və Rusiya arasında siyasi dialoqun və münasibətlərin inkişafına Polad Bülbüloğlunun şəxsi töhfəsini də qeyd edib.

Daha sonra Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının başçısı Gennadi Şmal çıxış edib. O, İkinci Dünya müharibəsindəki Qələbəyə Azərbaycanın verdiyi töhfədən danışıb, Ümummilli Lider Heydər Əliyev, eləcə də əfsanəvi azərbaycanlı neftçi Fərman Salmanov haqqında xatirələrini bölüşüb.

Sonra Gennadi Şmal səfir Polad Bülbüloğluna Sabit Orucov adına medalı təqdim edib.

Tədbir mədəni proqramla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə