Azərbaycanı xoşbəxt gələcəyə aparan lider ŞƏRH

Azərbaycanı xoşbəxt gələcəyə aparan lider ŞƏRH

Tarixin yaşanan hər günü təsdiq edir ki, Heydər Əliyev şəxsiyyətini, bu dahi insanın fenomenini bütün incəliklərinə qədər dəyərincə qiymətləndirmək düşünüldüyü qədər də asan deyildir-belə ki, Ulu öndər kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, onun tarixində silinməz izlər qoyur, öz məmləkətinin, ölkəsinin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır. Tarixin gedişinə təsir göstərən böyük siyasi liderlər irəli sürdükləri mütərəqqi ideyalarla xalqı öz ətrafında birləşdirməyə, hər bir addımda ictimai inam qazanmağa çalışmış, məhz bunun da sayəsində böyük uğurlara imza atmışlar. Fəaliyyətində daim ictimai mənafeni əsas götürən, xalqın dəstəyinə arxalanan siyasi lider konkret siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirmək, milli maraqları qorumaq əzmi ilə seçilir. Siyasətdə ictimai inam qazanmaq məramı demokratik dəyərlərin ön plana çıxdığı hazırkı “sürət əsri”ndə də qətiyyən aktuallığını itirmir. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi sayan və bunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik şansını qazanırlar. Tarixin sərt sınaqları ilə üzləşən Azərbaycan xalqı da taleyini hər zaman qəlbən inandığı, etimad göstərdiyi siyasi liderlə bağlamışdır.

Bu dahi şəxsiyyətin fəaliyyətinə, yaşadığı ömür yoluna nəzər salanda aydın görünür ki, Ümummilli lider bir çox dünya şöhrətli siyasi xadimlərin edə bilmədiklərini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Tanrının xalqımıza bəxş etdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev həyatı boyu hər zaman xalqını, vətənini düşünmüş, Azərbaycanın öz müstəqilliyinə qovuşması və qazanılan bu azadlığın möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi arzusu ilə yaşamış, bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

Bəşəriyyətin tarixi göstərir ki, milli dövlətçiliyini itirmək və dünya xəritəsindən tamamilə silinmək təhlükəsi ilə üz - üzə qalmış xalqlar taleyüklü sınaq anında məsuliyyəti öz üzərinə götürmüş qətiyyətli liderlərinin müdrikliyi, fenomenal idarəçilik keyfiyyətləri sayəsində mövcudluqlarını qorumuş, çətinlikləri dəf edə bilmişlər. Fenomenal rəhbərlik keyfiyyətlərinə malik belə şəxsiyyətlər cəmiyyətin üzləşdiyi sosial-iqtisadi, ictimai-siyasi və mənəvi - mədəni kataklizmlər dövründə xalqına düzgün yol göstərən xilaskar missiyasında çıxış etməyi bacarmış, həm də ümummilli liderlik zirvəsinə yüksəlmişlər. Hər bir dövrdə böyük liderlərə xas olan səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığının olmasıdır. Bu hər bir lider üçün vacib olan keyfiyyətdir, belə ki, yalnız bütöv bir millətə deyil, hətta kiçik partiyaya, qrupa rəhbərlik edən şəxs də siyasi proseslərin gedişini fəhmlə duymalı, gözlənilən uğur və uğursuzluqları əvvəlcədən hesablamağı bacarmalıdır. Tarixən bir çox nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu məqsədlərə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı böyük fəlakət və faciələrdən qoruması məhz onun iti fəhmi və uzaqgörənliyi nəticəsində olmuşdur. Ümummilli lider Heydər Əliyev də məhz belə uzaqgörən, siyasi proseslərin inkişaf trayektoriyasını əvvəlcədən duyan, çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə pozitiv təsir göstərən böyük şəxsiyyət və titanik bacarıqlı siyasi lider olmuşdur.

XX əsrin əvvəlləri kimi, sonları da Azərbaycan xalqı üçün mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərlə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur. Təbiidir ki, tarixə qovuşma prosesi müəyyən zaman daxilində baş verir və bu zamandan maksimum səmərəli yararlanma, onu xalqın, millətin inkişafına, gələcəyinə, dövlətin möhkəmləndirilməsinə yönəltmək missiyası ayrı-ayrı şəxsiyyətlərin siyasi fəaliyyəti, titanik bacarığı, onların adları ilə bağlı olur. Etiraf edək ki, tarix şəxsiyyəti, bu cür şəxsiyyətlər isə məhz tarixi yaradır. Müdriklər demişlər ki, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri də şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır-Ümummilli lider bir şəxsiyyət kimi möhtəşəm tarixi hadisədir.

Əminliklə deyə bilərik ki, Ulu öndərin əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində o harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Liderlik onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub - yaratmaq həvəsindən yaranmışdır-böyük siyasətdə qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə yetişərək uğur qazanması, rəhbərlik etdiyi xalqı dəhşətli fəlakət və faciələrdən hifz etməsi isə dahi strateqin iti fəhminin, müdrikliyinin və uzaqgörənliyinin nəticəsi olmuşdur. Siyasi lider daim öz cəsarəti, çevik və rasional qərarları, ən çətin situasiyalardan optimal çıxış yolu tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir. Ümummilli lider yalnız enerjisi, natiqlik məharəti ilə deyil, həm də ətrsfında olan insanların tələbat və ehtiyaclarını ifadə etmək bacarığı ilə fərqlənir, cəmiyyətdə ayrıseçkiliyə yol vermir, hər zaman haqqa, ədalətə söykənir. Zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran lider cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, milli inkişafın əsasına çevrilən cəlbedici proqram və konsepsiyaların müəllifinə çevrilir. Məşhur ukraynalı jurnalist və siyasi icmalçı D.Qordonun “Pole Çudes” verlişinin aparıcısı L.A.Yakuboviçlə müsahibəsində “Siz həyatınızda çox məşhurları, dahi şəxsiyyətləri görmüsünüz və şəxsən tanımısınız, sizdə ən böyük təəssüratı yaradan şəxsiyyət kim olmuşdur?” sualına bir az sükuta gedib: “Əgər siz dahilərdən danışırsınızsa, onda Heydər Əliyev”-deyə cavab verir. “Vaxtı yaxşı xatırlamıram, məncə bu Bakıda olan hansısa tamaşa vaxtı idi-onun mənimlə on dəqiqəlik görüşmək istədiyi haqda mənə məlunat verdilər, biz onun yanına gəldik, bu protokol üzrə olan görüş idi, hər şey dəqiq yerinə yetirildi, içəri girdi, hamının əlini sıxıb görüşdü, öz yerinə keçdi, təyin olunmuş on dəqiqə ərzində emosiyasız, gözünü qırpmadan mənə Azərbaycanla bağlı danışdı, nə etmək lazım olacağını bildirdi, vaxt tamam olanda mimikasını dəyişmədən sanki kiməsə müraciət edərək “Siz azadsınız”-dedi, hamı, mətbuat nümayəndələri belə çıxdı, sonra biz üç saat birlikdə söhbət etdik-bu həyatımda ikinci insan idi ki, nədənsə hər şeyi ona danışdım- mən onu ilk dəfə idi görürdüm, o gözlərdə olan nur məndə doğmalıq yaratmışdır, o inanılmaz həcmdə dahi olan insan, böyük qaya idi”. Yakuboviç verlişinin birində maşın uduşu müqabilində “SSRİ-ni kim xilas edə bilərdi?” sualını qoymuş və iştirakçının “Heydər Əliyev” cavabını qəbul etmişdir.

Ulu öndər Sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq heç bir çətinlikdən qorxmadan xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət- ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuş, azərbaycançılıq ideyasını, milli özünüdərki inkişaf inkişaf etdirmiş, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, bunların real siyasi faktlara çevrilməsinə nail olmuşdur. Tarixi təcrübə Ulu öndərin böyük uzaqgörənliklə söylədiyi “hüquqi cəhətdən müstəqil olmaqla real müstəqillik arasında çox böyük məsafə və olduqca ciddi maneələr var”- fikrini bir daha təsdiq etdi.

Elan olunmuş dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və ona dönməz, əbədi xarakter vermək üçün olduqca böyük işlər görülməlidir. Təəssüf ki, suverenliyin siyasi - iqtisadi, mənəvi - psixoloji, hərbi-hüquqi, ictimai - siyasi təməli qoyulan ilk illərdə Azərbaycanda hakimiyyət olanlar çox böyük imkanlardan istifadə edə bilmədilər. Bir çox mütəxəssislərin apardığı təhlillər göstərirdi ki, İttifaqın dağılması ərəfəsində keçmiş SSRİ - də cəmi bir neçə respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilərdi-bu respublikalardan biri də məhz Azərbaycan idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi 70-ci illərdə respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaranmışdır-çox təəssüf ki, dövlət müstəqilliyinin ilk dövrlərində Azərbaycana rəhbərlik edən şəxslər dünyanın çox sürətlə dəyişən siyasi mənzərəsini nəzərə ala bilmədilər, həmin dövrdə Ulu öndərn sonralar qeyd etdiyi kimi, mövcud geosiyasi vəziyyət yeni strategiyanın formalaşmasını tələb edirdi. Ötən əsrin 70-80-ci illərindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial- iqtisadi, hüquqi və mənəvi intellektual mühit yaradan Ulu öndər xalqımızın məhz bu möhkəm bünövrə üzərində azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi altında yüksək iradə sərgiləməklə, milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Ümummilli lider Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır.

Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır-belə ki, hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.

Azərbaycan xalqını keçən yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş, xalqın gələcək taleyi problemləri bütöv şəkildə Ümummilli liderin fəaliyyəti ilə strateji dövlət siyasəti müstəvisinə keçmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Ulu öndər öz siyasi və əməli fəaliyyəti ilə xalqı öz ətrafında birləşdirə bilmiş, müstəqil Azərbaycanın memarına çevrilmiş və onları xoşbəxt gələcəyə aparan lider olmuşdur. Deyildiyi kimi, boş zaman yoxdur, boşa keçən zaman var-məhz fəaliyyətinin hər dövründə zamanı boşa keçirməyən, əksinə, zamanı əməlləri ilə zənginləşdirən Ulu öndərin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirən milli lider milli dövlətçiliyi və azərbaycançılıq ideyalarını hər şeydən üstün tutmuş, xalqın öz Vətəninə ürəkdən bağlı olan nadir şəxsiyyətlərindəndir. Belə şəxsiyyətlər tarixin ən çətin və keşməkeşli dövrlərində milli ruhun enerjisindən, xalqın tarixi-siyasi tələbatından və genetik potensialından doğulur.

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür-millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür və daha aydın nəzərə çarpır. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər. Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını, yəni mümkün olmayanı da etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı, ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və Ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ümummilli liderin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqa bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

Liderə xas olan xüsusiyyətlərdən biri də öhdəsinə götürdüyü bütün işləri mükkəməl bilmək, görəcəyi işlərdə hamıya nümunə olmaq keyfiyyətidir. Ümummilli liderlə bağlı xatirəsini mənimlə bölüşdürən, indi onun adını daşıyan sarayın keçmiş direktoru, Xalq artisti Kərim Kərimov maraqlı bir əhvalat danışmışdır: “Onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması məsələsi artıq həll olunmuşdur, Bakıda işləri təhvil verirdi. Məni çağırıb yeni təyin olunmuş sahələrə aid – ağır sənaye, maşınqayırma, tibb, təhsil, nəqliyyat və s. – kitablar gətirməyi tapşırdı. Yüzdən çox kitab apardım, iki aydan sonra o, Moskvaya getdi və mən kitabları götürmək üçün onun iş yerinə gəldim. Doğrusu mənim üçün maraqlı idi ki, o bu iki ay ərzində vaxt tapıb kitablara baxa bilmişdirmi? – kitabları bir-bir vərəqlədim, hər səhifədə, demək olar ki, hər abzasda cümlənin altından xətt çəkilmiş, yanında qeydlər aparılmışdır”. Təyinat aldığı yeni işi onun üçün təzə olduğundan Ulu öndər məhz vəzifəsinə bu cür məsuliyyətlə hazırlaşmışdır.

Daha bir hadisəni həyəcansız xatırlaya bilmirəm – Nazirlər Soveti sədrinin birinci müavini olarkən həkimlərin Ümumittifaq qurultayında hesabat məruzəsi ilə Heydər Əliyev çıxış etdi. Həmin vaxt mən Moskvada idim və növbəti gün Moskva Dövlət Universitetində olanda hamının Heydər Əliyevin çıxışı ilə bağlı söhbət etdiyinin şahidi oldum. Çıxışla bağlı yüksək pafosla danışan professorlardan biri qəflətən mənə müraciət edərək Heydər Əliyevin ixtisasını soruşdu və mən dərhal “Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib” deyə cavab verdim. Professor dərhal etirazını bildirdi, “Siz səhv edirsiniz, o tarixçi ola bilməz, onun tibbi təhsili var, dünən qurultaydakı çıxışında tibblə bağlı heç yerdən oxumadan çıxış etməsi, tibbi ləvazimatların, dərmanların adlarını sərbəst tələffüz etməsi onun tibbi təhsil aldığını göstərir”. Professorun qətiyyətli etirazı az qala məndə şübhə doğurdu, onun əvvəlcə iki il Azİ-də, sonra isə tarix fakütəsində oxuduğunu, həyat yoldaşı Zərifə xanımın həkim olduğunu bir də təkrar etdim. Professorun inadkarlığı həmin vaxt mənim öz fikrimi təsdiq etmək üçün Bakıya zəng etməyimlə nəticələndi.

Azərbaycan xalqının zəngin düşüncəli lideri, müdrik rəhbər və dahi şəxsiyyəti olan Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimi, hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir-o bütün fəaliyyəti dövründə türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində gərgin fəaliyyət göstərmişdir. Ulu öndər bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmış, türk dünyasının qüdrətli bir insanı, bütün türk dünyasında Atatürk kimi özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazanmışdır. Ümummilli lider amili Azərbaycanda həyati əhəmiyyətə malik bütün dəyişikliklərdə mühüm və həlledici rol oynamışdır. Regionda gedən siyasi prosesləri diqqətlə izləyən, parçalanma, qarşıdurma təhlükəsinin labüdlüyü anında xalqın, Vətənin yanında olan Ulu öndər öz dövlətçilik təcrübəsinin bütün variantlarından istifadə etməli olmuş, zəkasının nuru ilə məmləkətimizi bürümüş zülməti yox etmiş, onu aydınlığa çıxararaq parlaq gələcəyə aparmışdır. Azərbaycanın müstəqillik yolu ilə inamla addımlaması, uğurlarla zənginləşməsi onun şəxsiyyət bütövlüyünün, əqidəcə saflığının nəticəsi olmuşdur. Azərbaycanın taleyüklü problemlərinin həllində, müqəddəs milli vəzifələrin uğurla həyata keçirilməsində, beynəlxalq ictimai rəydə Vətənimizin daha böyük uğurlar qazanmasında bu tarixi şəxsiyyətin misilsiz xidmətləri təsdiqlənmiş və qəbul edilmişdir-onun həyat və idarəetmə salnaməsi, siyasi peşəkarlığı və yenilməz iradəsi bu vəzifələrin yerinə yetirilməsində başlıca təminat olmuşdur. Azərbaycanın bölüşdürülməsi və daxili toqquşmalar, vətəndaş qarşıdurması və etnik toqquşmalar içərisində boğulmasını nəzərdə tutan məkrli planlar məhz Heydər Əliyev fonameni sayəsində aradan qalxmışdır. Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşdirdiyi planlar artıq bugünkü Azərbaycanın reallığına çevrilmişdir-onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev zəngin tarixə malik bir xalqın özünütəsdiqi üçün zəruri olan milli- mədəni məkanda yaşamaq imkanını reallaşdırdı. Nəticədə, milli yiyəlik hissinə sahib olan, dövlətçilik təfəkkürünə yiyələnən, ölkənin bu günü və sabahı üçün məsuliyyət hissi ilə yaşayan azərbaycanlı vətəndaşın obrazı, dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdur.

Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi üçün, hər şeydən əvvəl, yeni konsepsiya işlənib hazırlanmalı idi-bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinə və bununla da insan hüquqları və azadlıqlarının müdafiəsinə təminat yaratmalı idi. 1993 - cü ildə Ümummilli liderin xalqın təkidli və tələbi ilə hakimiyyətə yenidən qayıdışı ölkəni həm də xaosdan, dövlətçiliyini itirmək təhlükəsindən xilas etmiş oldu, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutmasına, beynəlxalq münasibətlərin subyektinə çevrilməsinə istiqamətlənən qlobal işlərə start verildi.

Dünyəvi qloballaşma və modernləşmə prosesinin geniş vüsət aldığı bir dövrdə ümumibəşəri inkişaf dinamikasından kənarda qalmaq qüyri-mümkün idi. Hindistanın görkəmli dövlət xadimi C. Nehrunun yazdığı kimi: “Bizim idealımız və məqsədimiz tarixi meyillərə zidd gedə bilməzdi”. Dünyadan təcrid olunmaq milli təhlükəsizliyə zəmanət vermirdi-odur ki, indiki dövrün qeyri - adiliyi və ondan irəli gələn tələblərlə hesablaşmaq lazım gəlirdi. Ulu öndər müstəqilliyimizin, Azərbaycan dövlətçiliyinin təhlükə mənbələrini və ona qarşı mübarizə metodlarını müasirləri arasında daha aydın görürdü-o bütün fəaliyyəti boyu ideoloji mübarizə cəbhəsində bir anlıq fasiləyə, istirahətə yol vermədən daim döyüş və müdafiə mövqeyində ayıq dayanmışdır.

Ulu öndərin bütün fəaliyyətinin başlıca qayəsini məhz bu ideya təşkil edir-ölkənin hər bir vətəndaşı müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi üçün şəxsi məsuliyyət daşıyır-bunun üçün isə, ilk növbədə hər kəsdən milli həmrəylik tələb olunur. “Azərbaycan xalqının gücü bir yerə toplanmalıdır, hamı bir hədəfə vurmalıdır…”-bu dahi liderin tövsiyyəsi idi. Təsadüfü deyil ki, Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olmuşdur-“Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir”-deyən Ulu öndər Dünya azərbaycanlılarının I qurultayında ona məxsus müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyasının konturlarını bir daha dəqiqləşdirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” fikrini söylədi və açıq bəyan etdi ki, “bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

Ümummilli liderin xilaskarlıq missiyasının həyata keçirilməsində müstəqil dövlət quruculuğunda istifadə olunan qüdrətli vasitələr sırasında azərbaycançılıq məfkurəsi, milli - mənəvi dəyərlərin gücləndirilməsi həlledici rol oynayır. Ötən əsrin 90 - cı illərinin əvvəllərində ölkənin başının üstünü almış təhlükələr və total böhran separatçı meyillərlə müşayiət olunmaqla daha da dərinləşərək əslində Azərbaycanı real parçalanmaq həddinə çatdırmışdır. Ölkə üçün üzləşdiyi təhdidlərin ən təhlükəlisi olan separatizmin dəf edilməsi ifrat dərəcədə zəifləmiş mərkəzi hakimiyyət şəraitində yalnız ümumi birləşdirici ideya əsasında mümkün idi-belə bir ideya yalnız Heydər Əliyevin zəkasının nəticəsi kimi meydana gələ bilərdi.

Azərbaycançılıq məfkurəsinin Ulu öndərin tarixi qayıdışının Azərbaycan gerçəkliyinə gətirdiyi ən dəyərli və gərəkli ideya olduğunu qeyd etmək əslində bir daha onun böyüklüyünü, liderliyini etiraf etməkdir. Azərbaycandakı dayanıqlı sabitlik, milli birlik və həmrəylik sözün həqiqi mənasında məhz bu dahi şəxsiyyətin azərbaycançılıq baxışları əsasında mümkün olmuşdur. Onun 1993 - cü ilin həyəcanlı anlarında möhtəşəm qayıdışından başlanan xilaskarlıq missiyası qüdrətli, müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması heç kimdə şübhə doğurmayan Azərbaycan dövlətinin qurulması ilə nəticələndi. Bu gün Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuş, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edilmişdir.

Hər bir cəmiyyətdə demokratik dəyişikliklərin başlıca mahiyyəti insanı önə, diqqət mərkəzinə çəkməkdir – idarəetmədə demokratikləşmə prosesləri islahatlara yönəldilirsə, onda islahatlar cəmiyyətdəki hər bir insanın taleyinə təsir göstərir. Söhbət şəxsiyyət və hakimiyyətin qarşılıqlı əlaqələrinin prinsipcə yeni əsaslarının yaranmasından, şəxsiyyət və dövlətin qarşılıqlı münasibətlərində yeni üslubun formalaşmasından gedir. Bu baxımdan, son illərdə Azərbaycanda demokratik transformasiya tamamilə yeni məzmun və forma almışdır. Uğurla gerçəkləşdirilən iqtisadi strategiya nəticəsində vətəndaşların maddi rifah halının yüksəlməsi demokratikləşmə proseslərinin cəmiyyətdə adekvat dərkinə əlverişli zəmin yaradır. Aktiv inkişaf fazasına daxil olmuş respublikamızda demokratik dəyərlərin inkişafı və total şüurda mənimsənilməsi üçün son illər əlverişli iqtisadi, siyasi, mənəvi mühit formalaşır. Bu prosesin qayəsində respublikamızda liberal dəyərlərin, insan və vətəndaş hüquq və azadlıqlarının prioritetinə əsaslanan, cəmiyyətə təkamül yolu ilə əxz edilən suveren demokratiya modelinin formalaşdırılması məqsədi dayanır. Respublikamız Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi kapitalist inkişaf yolunu çox qısa müddətdə qət etmiş, siyasi mühitin liberallaşması, demokratikləşmə sahəsində həlledici uğurlar qazanmış, dünyaya inteqrasiya sahəsində inamlı addımlar atmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu öndərin səmərəli fəaliyyəti, onun liderlik bacarığı sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, xalq qarşısındakı titanic xidmətlərinə görə Azərbaycan xalqının Ümummilli liderinə çevrilmişdir. Azərbaycanın hərtərəfli inkişafı üçün bu siyasi liderin hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkd

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir-xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Ümummilli lider Heydər Əliyevdir-o, Azərbaycan xalqının dahilik rəmzidir.

Prezident İlham Əliyevin fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə istiqamətləri Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar dövlətçilik və milli maraqların təmini üçün uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əxz etmişdir-cənab İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində böyük uğurlara imza atmaqla Ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, sosial - iqtisadi inkişaf kimi missiyalarının, azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiq etdi. Qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı dövlətin inkişafını, müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdir-Heydər Əliyev kimi zəngin dövlətçilik və idarəçilik təcrübəsi olan siyasət dühasından bu cür keyfiyyətləri mənimsəyən Prezident İlham Əliyevin siyasi iradəsi Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinin, ölkənin inkişafının leytmotivini təşkil edir-onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar, siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən və real situasiyadan yanaşması, praqmatizmi və yüksək idarəçilik keyfiyyətləri cənab İlham Əliyevin yetkin və peşəkar siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətləri tamamlayır.

Cəmiyyətin tarixi inkişaf qanunauyğunluğunun özünüqoruma instinktindən doğan bu müqavimət hissinin reallaşması isə milli lider amilindən asılıdır. Yeni siyasi şəraitdə Azərbaycanda bu ağır və məsuliyyətli missiyanı məhz cənab İlham Əliyev çiyinlərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin, о cümlədən türk əxlaqının, türk tarixinin böyük himayədarı qismində çıxış etmişdir. Son illər ərzində dəyərlərimizi, tarixi köklərimizə bağlılığı, milli - mənəvi inkişaf istiqamətlərini yenidən, dərindən təhlil və tədqiq etməyə başlamışıq. Bu dövrdə yaşanan siyasi, iqtisadi problemlər əsas diqqəti multikulturalizmin-yeni dünya nizamında mədəniyyətlərin və sivilizasiyaların müxtəlifliyini və qarşılıqlı münasibətlərini əks etdirən anlayış-önəmli mövqe tutduğu çoxqütblü yeni dünya nizamının formalaşmasına, monosentrik dünyanın transformasiyasına yönəldir. Qlobal maliyyə böhranı hazırkı dünya sisteminin yeni tənzimləyici mexanizmlərinin işlənib hazırlanmasını, maliyyə - iqtisadi subyektlərin, dövlətlərin öz məsuliyyətlərini dərk etməsini zəruri edir. Belə bir şəraitdə dəyərlərimizi anlamaq, onları həyatımızın tərkib, ayrılmaz hissəsinə çevirmək və milli əsaslara söykənən siyasi-iqtisadi inkişaf istiqamətlərimizi uğurla davam etdirmək günün tələbidir-bu gələcək üçün bizim ən ümdə məqsədlərimizdən biridir.

Yaşar Əhmədov

Fəlsəfə üzrə fəlsəfə doktoru,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin

“Humanitar fənlər” kafedrasının dosenti

Bütün xəbərlər Facebook səhifəmizdə