"Seçkiləri Türkiyədə demokratiyanın təntənəsi adlandırmaq olar" - DEPUTAT RƏY BİLDİRDİ
"Seçkilər öncəsi 5 gün ərzində Türk Dövlətləri Təşkilatının Müşahidə Missiyasının tərkibində İstanbulda oldum. Müvafiq qurumlar tərəfindən seçkilərə hazırlıq prosesini və seçkilər ərəfəsi cəmiyyətdəki əhval-ruhiyyəni yaxından izləmək imkanımız oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, dünən keçirilmiş seçkiləri Türkiyədə demokratiyanın təntənəsi adlandırmaq olar: "Ən yüksək təşkilatçılıq və seçicilərin 90 %-ə yaxın fəallığı şəraitində keçən prezident və parlament seçkiləri Türkiyə dövlətinin demokratiya və insan haqlarının təminatçısı olduğunu bütün dünyaya nümayiş etdirdi. Nəticələrin hələlik bu mərhələdə bütün tərəfləri qane etməsi seçkilər haqqında xaricdən verilən bədbin proqnozları alt-üst etdi".
Deputat sözlərinə davam edərək bildirib ki, bu Türkiyəni Şərqdə və Asiyada Qərbin icraçısı rolunda görmək istəyənləri məyus etdi: "Parlament seçkilərində AKP-nin inamlı qələbəsi prezident seçkilərinin 2- ci turunda da Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün möhkəm psixoloji zəmin yaratdı. Qarşıda 2-ci tur olacağına baxmayaraq bütövlükdə seçkilərin taleyini həll olunmuş hesab etmək olar. Qarşıdan gələn illərdə də Ərdoğan siyasəti Türkiyənin siyasi-iqtisadi və mədəni-sosial yüksəlişini davam etdirəcək. Beynəlxalq siyasət meydanında Türkiyənin milli maraqları Ərdoğan hakimiyyəti tərəfindən daha etibarlı şəkildə qorunacaq.Türkiyə dövlətinin dünya miqyasındakı rolu və mövqeyi artmaqda davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB