"Xarıbülbül" festivalı gənclərin gözündə - SORĞU

"Xarıbülbül" festivalı gənclərin gözündə - SORĞU

9-11 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir. Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu dəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir. Bəs, görək ictimai birliklər və qurumların fəal gəncləri “Xarıbülbül” festivalı ilə bağlı nə düşünür. SİA onlar arasında sorğu keçirib.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat katibi Arif Rəhimli: “Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı olan tarixi Şuşa şəhəri daha bir beynəlxalq tədbirə evsahibliyi edir. Sayca altıncı dəfədir ki, keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının mədəniyyət paytaxtımızda keçirilməsi azadlığının 3-cü ilinə qədəm qoyan Şuşanın dirçəlişi, habelə dünyanın çoxsaylı folklor nümunələrini özündə birləşdirən tarixi şəhər nöqteyi-nəzərdən olduqca mühüm əhəmiyyət daşıyır.

Şuşa 30 ilə yaxın düşmən əsarətində olduğu müddətdə tarixi-memarlıq abidələri, məscidləri dağıdıldı, mədəni irsimiz məhv olunmaq təhlükəsi ilə üz-üzə qaldı. Lakin Şuşa heç zaman əyilmədi, sınmadı. Azərbaycan xalqı işğal altında olan torpaqlarımızı bir an belə olsun unutmadı. 44 günlük Vətən müharibəsi dövründə də doğma Şuşamız bu haqq mübarizəsində bizimlə birgə iştirak etdi.

Qeyd etmək lazımdır ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində qeyd etdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirləri artıq reallığa çevrilib. Həqiqətən də, bu gün doğma Şuşamız azaddır, günü-gündən inkişaf edir, öz tərəqqisi ilə nəinki Azərbaycan, bütün türk dünyasını sevindirir.

2023-cü il həm də “Heydər Əliyev İli” olaraq əlamətdardır. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü bu gün respublikamızda böyük coşqu ilə qeyd olunur. Mən deyərdim ki, bu gün Ulu Öndərin ruhu şaddır, çünki Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Cənab Prezidentin Şuşada Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə dair xalqa müraciətində də bu sözləri hər birimiz üçün olduqca qürurverici idi: “O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Elə bu günlərdə Şuşada daha bir mötəbər tədbir – “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin açılış mərasimi keçirilir. Şuşa öz gözəlliyi, tarixi və mədəniyyəti ilə bütün dünyanın diqqətini özünə cəlb edir. Azərbaycan gəncliyi olaraq inanırıq ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da böyük uğurlara imza atacaq, Qarabağımızın tacı olan Şuşa bundan sonra daha böyük tədbirlərə ev sahibliyi ilə hər birimizi bir daha qürurlandıracaq”.

Miqrasiya könüllüsü Fərid Qasımzadə: "İlk olaraq vurğulamaq istərdim ki, Xarıbülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir, bu gülü ancaq görmək onun haqqında tam təsəvvür yarada bilər. Hər bir azərbaycanlının bildiyi kimi, “Xarıbülbül” Azərbaycan Tarixində öz dəyərini itirməyən mənəvi bir rəmz kimi hesab olunur. Xarıbülbül Şuşaya sədaqətlidir. Bəlkə də elə buna görə, qayıdışın, sədaqətin, qovuşmağın rəmzi kimi biz Xarıbülbülü möhtərəm və möhtəşəm qələbəmizin simvolu kimi seçdik, bu ikonanın üzərində dayandıq…

Bu ada uyğun ən tanınmış və yüksək səviyyədə təşkil olunmuş tədbirlərdən biri də Xarıbülbül Musiqi Festivalıdır ki, buda Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdır. “Xarıbülbül” beynəlxalq musiqi festivalı xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Amma təsssüf ki, Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə 29 il festivalın keçirilməsi mümkün olmayıb. 2021-ci ildən etibarən"Xarıbülbül" festivalı bərpa olunub. Həmin il mayın 12-i və 13-də Şuşa şəhəri işğaldan azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilib.

Mənim fikrimcə, festival Azərbaycanın milli-mənəvi dəyərlərini və digər xalqların bura inteqrasiyası sayəsində yaranmış multikultural dəyərlərini özündə əks etdirərək beynəlxalq səviyyədə öz sözünü deyir. Siz bilirsiniz ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarət altına aldığı Şuşa, ölkənin mədəniyyət paytaxtı elan edilməsi və Xarıbülbülün əsas yetişdiyi yerin Şuşa olduğunu bilərəkdən, bu festivalın hər zaman Şuşada keçirilməyinin tərəfindəyəm. Həqiqətən çox xoşbəxtəm ki, beynəlxalq səviyyədə tanınan belə bir musiqi festivalına ölkəmiz ev sahibliyi edir. Bu şansı bizə yaradan Ali Baş Komandan, Möhtərəm Prezident, cənab İlham Əliyevə bütün gənclər adından bir daha təşəkkür edirəm. Bizə Zəfər müjdəsini yaşadan Şəhidlərimizin məzarı qarşısında baş əyirəm! 2783 Xarı bülbül itirdi bu Vətən!".

NAYORA könüllüsü Elnarə Əliyeva: " “Türk Dünyasının Mədəniyyət paytaxtı” Şuşada baş tutan "Xarıbülbül festivalı"nı şanlı ordumuzun qələbəsinin nəticəsi kimi qiymətləndirirəm. Bir gənc olaraq, belə bir festivalın məhz elə doğma torpağımız olan Şuşada keçirilməsi sözün əsl mənasında məndə qürur hissi doğurur. Hesab edirəm ki, bu tədbirin keçirilməsi gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsi üçün böyük töhfədir.

1989-cu ildən bəri keçirilən bu festivalın uzun müddət aradan sonra yenidən belə bir təşkilatçılıq ilə keçirilməsi təqdirə layiqdir. Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm "Xarı bülbül" festivalının bərpa olunması bir daha dünyaya sübut edir ki, Azərbaycan dövləti bölgədə dirçəlişin, mədəni rifahın və quruculuğun tərəfdarıdır”.

Səsləndirilən milli musiqilər, nümayiş edilən milli rəqslər, məşhur Azərbaycan sənətkarlarının iştirakı ilə baş tutmuş festivalı televiziya önündən izləsəm belə, mənim üçün xüsusi bir gün kimi həkk oldu. Çünki bu zamana qədər həmvətənlərimizin çəkdiyi cəfa, tökdüyü gözyaşı, çətin imtahanlar geridə qalmış, qələbə bizim olmuş və bunun Şuşada qeyd edilməsini görə bilmə şansım olmuşdur.

Öz fikirlərimi Ümummilli lider Heydər Əliyevin bu cümləsi ilə sonlandırmaq istəyirəm: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!"

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin layihələr üzrə koordinatoru Əli İsgəndərli: "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi tarixi qədim olan bir festivalın, bir bayramın ənənəvi şəkildə yenidən keçirilməsinə şərait yaratdı. Bu bayram "Xarıbülbül" Musiqi Festivalıdır ki, bu festival Azərbaycanın musiqi, poeziya ənənəsini yaşatmaq, sənətkarları dəstəkləmək və yeni istedadları üzə çıxarmaq məqsədilə təşkil olunur. Festival çərçivəsində konsertlər, şeir nümayişləri, panellər və emalatxanalar kimi müxtəlif fəaliyyətlər nümayiş etdirilir. Festival haqqında çox maraqlı bir məlumata rast gəlmişdim ki, festival təbiətin canlandığı müddətə - yaz aylarına təsadüf edir. "Xarıbülbül" Musiqi Festivalı həmçinin, ölkəmizin multikulturalizm dəyərlərinin gücünü, bu dəyərlərə sadiqliyini bütün dünyaya göstərir. Burada yerli ifaçılar, qonaqlarla yanaşı bir çox ölkələrin də nümayəndələri iştirak edir. Bu səhnə proqramı bizim üçün çox gözəl fürsətdir ki, dünya bu torpaqlara gətirdiyimiz sülhün, Cıdır düzünün bənzərsiz gözəlliyinin Azərbaycan folkloru ilə vəhdətinin şahidi olsun.
Qalib ölkənin gəncləri olaraq bizlər də bu mənzərə ilə qürur duyur, adət-ənənələrimizi, dəyərlərimizi qorumaq üçün əlimizdən gələni edir, yeni çağırışlara hazır olmaq üçün özümüzü daima inkişaf etdiririk".

Miqrasiya könüllüsü Cəmilə Ramazanova: "“Xarıbülbül” Musiqi Festivali 1989-cu ildən bu günə kimi keçirilən Azərbaycan mədəniyyətinin, incəsənətinin, folklorunun, milli rəqslərinin tarixini yaşatmaq üçün keçirilən ən gözəl tədbirlərdən biridir. Hələ sovetlər dönəmində hər il Qarabağda Xarıbülbül festivalı keçirilirdi. Təəssüf ki, Qarabağ münaqişəsindən sonra son dəfə 1992-cı ildə keçirilmişdir. Daha sonra itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldi.

2021-ci il mayın 12-i və 13-də işğaldan azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilmişdir. Artıq 3-cü ildir ki, ard-arda Şuşa şəhərində bu festival keçirilir. Bu da Azərbaycan gənci olaraq mənim üçün fəxr və qürur mənbəyidir. Həm də bu ilki Xarıbülbül festivalı bir də ona görə əlamətdardır ki, o Ümummilli liderimiz, dünyaşöhrətli böyük şəxsiyyət Heydər Əliyevin 100 illiyi ilə birgə qeyd olunur. Belə bir dahi şəxsiyyəti olan xalq xoşbəxtdir! Düşünürəm ki, bu tədbir bizim xalqın nə qədər qədim və zəngin bir mədəniyyətə sahib olduğunun sübutudur".

NAYORA könüllüsü Peyman Ağazadə: "31 il bundan əvvəl işğal olunmuş, erməni tapdağı altında qalmış gözəl torpaqlarımız, xüsusilə də Qarabağın incisi Şuşamız artıq azaddır. Şuşa təkcə Azərbaycan səviyyəsində deyil, bütün dünyada öz sözünü demiş xanəndələr, şairlər yetişdirmişdir. Məhz Mədəniyyət beşiyimiz olan Şuşada illər sonra “Xarıbülbül” musiqili festivalının keçirilməsi hər birimizi qürurlandırdı. 1989-cu ildən bəri keçirilən fesitaval bu günə qədər xatirimizdə xoş izlər buraxıb.

Mən düşünürəm ki, bu festival həm də dünyaya bir mesaj idi ki, xalqımız necə tolerantdır, Azərbaycanda yaşayan hər bir xalqın hüquqları qorunur, dilinə, dininə çox böyük hörmətlə yanaşılır. “Xarıbülbül” festivalı gələcək xoş günlərimizin, xalqızımın dirşəlişinin, quruculuq və mədəni rifahımızın müjdəçisidir.

2020 ci il 2-ci Qarabağ müharibəsi ərəfələrində Xarıbülbül əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu simvolizə edirdi. Və belə bir Festivalın keçirilməsi Azərbaycan xalqını gücünü və qüvvətin bütün dünyaya sübut edir.

Fikirlərimi Ulu Öndərin “Şuşa Azərbaycanın gözüdür. Şuşa hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” sözləri ilə yekunlaşdırıram".

ATGTİ-nin Üzvlərlə iş üzrə meneceri Fidan Həsənova: "Təbii gözəllikləri, qonaqpərvər insanları ilə seçilən Şuşa şəhərində 9-11 may tarixləri aralığında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı bir daha Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” olmasının bariz nümunəsidir.

Buraya ilk gələnlər, hətta bir neçə dəfə bu müqəddəs torpağa ayaq basan tanınmış sənətkarlar belə hər zaman ilk dəfə ayaq basırmış kimi hiss edir və burada yaradılan gözəlliyə heyrətlə baxırdılar. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanın milli-mədəni irsi daima yüksək səviyyədədir və mədəniyyətimiz dildən-dilə dünyanın bir çok ölkələrinə gedib çıxmışdır. Nəzər salsaq görərik ki, burada təqdim olunann musiqi nömrələri,Türk xalqlarının təamlarının və sənətkarlıq məhsullarının festival çərçivəsində nümayiş olunması festivala gələn insanlarda yüksək əhval-ruhiyyə yaratmış, festivalda təmsil olunan ölkələrin nümayəndələri mədəniyyət paytaxtımız olan Şuşanın əsrarəngizliyinin bir daha fərqinə varmışdır.

Bu günləri bizlərə, Azərbaycan xalqına yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna dərin təşəkkürümü bildirirəm".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə