Paşinyanın dərs almalı olduğu ÇƏTİN VƏZİYYƏT – TƏHLİL

Paşinyanın dərs almalı olduğu ÇƏTİN VƏZİYYƏT – TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya yollanmasını onun mətbuat xidməti, Rusiya prezidentinin xoş münasibətinin əlaməti kimi təqdim etməklə, ölkə vətəndaşlarını aldadır və onların gözünə kül üfürməyə çalışır. Məsələ burasındadır ki, onun uğursuz Çexiya səfərindən, eləcə də onun hakimiyyət komandasının Vaşinqton danışıqlarına yollanmasından sonra Kremlin hansısa xoş münasibətindən danışmaq gülüncdür və Paşinyan bundan sonra Moskvada heç zaman xoş qarşılana bilməz. Əksinə, bundan sonra hər dəfə Rusiyada olduğu müddət ərzində acınıcaqlı, gülünc vəziyyətini erməni baş nazir özü çoxdan qəbul edib.

Bildiyimiz kimi, hər il 9 may tarixində Rusiya Qələbə bayramı, parad keçirir və Nikolun Moskvaya yollanması yalnız bu tədbirdə iştirak etməsi ilə əlaqədar ola bilər. Amma onu da bilirik ki, erməni baş nazir orada olduğu ərəfədə Rusiya prezidenti ilə gərgin söhbətdən heç bir halda qaça bilməz. O, indi rusların xoşuna gəlməyən “bir sıra məsələlərə” aydınlıq gətirmək məcburiyyətindədir. Ermənistanın baş nazirinin və ümumilikdə, onun komandasının, eləcə də ictimaiyyətinin Qərbə meyil etməsi, yumşaq desək, rusların ürəyincə deyil. Eyni vaxtda həm Rusiyaya, həm də Qərbə üz tutmaları çoxdandır ki, onu da, ölkəsini də rusların hədəfinə çevirib. Bu rakursda Nikol çoxdandır bilir ki, nələrə cavab verməli olacaq. Buna görə də o, Moskvaya yollanmazdan öncə bunu nəzərə almamış olmaz və orada başına gələcəklərinə artıq öyrəncəlidir.

İrəvanın Qarabağdakı rus sülhməramlılarını gözdən salmaq cəhdi indi Paşinyana ucuz başa gələ bilməz və bu baxımdan onun Rusiyada hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Laçın dəhlizinə nəzarət üzrə öz öhdəliklərini yerinə yetirməməkdə Rusiya sülhməramlılarını bir müddət əvvəl ittiham edən Paşinyan Moskvada çox acınacaqlı vəziyyətə düşəcəyini bilməli idi. Əslində, bilməyə də bilməzdi və görünür, Qərbin qarşısında özünü “sadiq nökər” kimi göstərmək istəyirdi deyə, ona həmin anda elə demək lazım imiş. Amma indi dediklərindən, davranışlarından dolayı tamam başqa bir sıxıntısı, çətin vəziyyətə düşməsi qaçılmazdır. Qərb Nikolun “yaralarına” məlhəm verə bilmədi, lakin Kreml onu necə “ağrıdacagını” yaxşı bilir, çünki Rusiyanın Ermənistanda hələ çox istifadə edilməyən rıçaqları var və bunu erməni baş nazirə xatırlatmaq belə ona bəs edəcək ki, əməlli-başlı sıxıntı keçirsin.

Hər zaman Moskvanın dəstəyinə ümid edən ermənilər artıq bu dəstəkdən məhrum olduqlarına görə “deyinməkdə” davam edirlər. Ermənistanda baş tutan mitinqlərdə Rusiya əleyhinə narazılıqların mütəmadi olaraq səslənməsi tez-tez müşahidə olunur və səbəb də bəllidir. Rəsmi İrəvan elə zənn edirmiş ki, 44 günlük savaş başa çatdıqdan və rus sülhməramlılar bölgədə yerləşdirildikdən sonra onlar Bakını hədəf seçəcəklər və ermənilər də bundan sui istifadə edərək, olmayan ağıllarına gələni edə biləcəklər. Amma görünən odur ki, Ermənistan tərəfinin üçtərəfli Bəyanatın şərtlərini də, öhdəliklərini də yerinə yetirməkdə tərəddüd etdiyini və ümumiyyətlə, bu barədə düşünmək belə istəmədiyini də ruslar bu müddət ərzində daha yaxından müşühidə etmiş oldular. Xüsusilə də, sülhməramlı kontingent separatçıların bəd əməl sahibi, təxribatçı olduqlarına, hələ də Azərbaycan ərazilərinə hərbi təyinatlı yüklər, minalar daşımaq üçün bütün yollara əl atdıqlarına daha yaxından bələddirlər. Belə olan halda onlar hansı şəkildə dəstəklənə, yaxud müdafiə oluna bilərdi? Ümumiyyətlə, Azərbaycan torpaqlarında təxribatçı əməllər törətmək istəyənlər heç kim tərəfindən müdafiə oluna bilməz axı. Təbii ki, ermənilər buna heç əhəmiyyət belə vermədən rus sülhməramlılarından öz çirkin niyyətləri üçün istifadə etməyə çalışdılar və nəticə onlar qətiyyən qane etmədi, çünki Azərbaycanın suveren hüquqlarına müdaxailə edilə bilmədiyini gördülər və ağız büzməyə, rusların əleyhinə sayıqlamağa başladılar. Belə bir halın qarşısını da erməni baş nazir ala bilmədi və heç bundan sonra da qarşısını almaq iqtidarında görünmür. Bu isə Moskvanın diqqətindən qətiyyən yayına bilməzdi və bu baxımdan indi Paşinyanın çətin durumda olması heç də səbəbsiz deyil.

Moskvanın ən çox diqqətindən yayına bilməyəcək məqam həm də KTMT-yə Ermənistan tərəfinin, şəxsən Paşinyanın özünün davamlı olaraq “hücum” etməsidir. İstər bu ilin yanvar ayında həmin hərbi bloka üzv ölkələrin Ermənistanın öz ərazisində hərbi təlimləri keçirməsindən onun imtina etməsi, istərsə də, cəmi ikicə ay sonra, daha dəqiq desək, cari ilin mart ayında baş katibin müavininin kvotasından imtina etməsi Kremldə qıcıq doğurmaya bilməzdi. Çünki bütün davranışları ilə Ermənistan məhz KTMT-yə qarşı olduğunu göstərib, özü də dəfələrlə. Üstəlik, 2022-ci ilin noyabrında təşkilatın İrəvanda keçirilən sammitində Ermənistanın baş nazirinin Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsini təsdiqləməkdən imtina etməsini də bura əlavə etsək, indi Moskvada Paşinyanın nələrə cavab verməli olduğunu təsəvvür etmək çətin deyil.

Sözsüz ki, Paşinyan üçün rusların ən ağır, ən çətin sualı Ermənistanın ikili oyun oynaması, Qərbə tərəf meyilli olması, yeri gələndə ayaqları altına belə sərilməsidir. Hətta, Nikolun məhz Qərbin xoşuna gəlmək üçün Rusiyanı, KTMT-ni tənqid etməsi də Moskvanın diqqətindən yayınmayıb. Ola bilsin, erməni baş nazir elə zənn edib ki, Rusiyanın Ukrayna ilə bağlı məsələlərə görə başının qarışdığı zamanda nə etsə buna cavab vermək üçün rusların ayıracaq vaxtı olmayacaq, amma bərk yanılıb. Elə yanıldığını da heç şübhəsiz ki, artıq dərk edib və bundan sonra da hər dəfə səfərdə olanda bir də xatırlamalı olacaq. Əslində, Vovayeviç hamıdan yaxşı bilməli idi ki, Rusiyanın başı nə qədər qarışıq olsa belə, Cənubi Qafqazdakı mövqeyini ABŞ-a güzəştə getməz və bunun üçün bütün vasitələrini səfərbər etməyə hazırdır. Məhz Vaşinqton danışıqlarının ardınca, elə bu ayın, may ayının sonunda Azərbaycan və Ermənistan liderlərinin Moskvaya çağırılması niyyəti barədə Rusiya kütləvi informasiya vasitələrində qeyd olunanlar da bunu təsdiq edir. Təsdiq edir ki, Rusiyanın regiona marağı zərrə qədər azalmayıb və bunu məhz Qərbə qətiyyətlə göstərmək fikrindədir. Həm də məhz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində ən real, ən əsas hesab edilən 2020-ci ilin Üçtərəfli Bəyannaməsinin məhz Rusiyanın təşəbbüsü ilə imzalanmasına görə ruslar bir addım öndə olduqlarını dəfələrlə Qərb üçün nümayiş etdirməyə əbəs yerə çalışmırlar. Məqsəd, ilk növbədə Cənubi Qafqazdakı mövqelərini heç kimə güzəştə getməyəcəklərini bəyan etməkdir, hansı ki, bunu elə ABŞ da bilir və indi Paşinyan da bir daha xatırlamalı olur. Çünki bununla bağlı çətin vəziyyətdə olması ona bir dərs olmalıdır.

Əslində, Nikol Paşinyana da, Ermənistan cəmiyyətinə də dərs olmalıdır ki, bu işğalçı ölkə məhz Rusiyanın sayəsində daha böyük itgilərdən yaxa qurtara bildi. Yeri gəlmişkən, bunu Vovayeviç bir neçə gün əvvəl Praqa da etiraf etmişdi, erməni diasporu ilə görüşü zamanı. “Əgər kapitulyasiya aktı imzalanmasaydı 30 mindən çox erməni hərbçisi mühasirədə qalardı”, deyən Paşinyan Ermənistanın məğlubiyyətinin miqyasının daha böyük olacağını açıq şəkildə bildirmişdi. Qeyd edək ki, bu qədər xəyanətkarlıqları müqabilində başda elə baş nazir özü olmaqla, ermənilər yenə də ruslardan imdad diləyirlər və son anda Rusiyaya möhtac olduqlarını da dərk edirlər. Onu da dərk edirlər ki, Moskva istənilən anda Ermənistana təzyiq rıçaqlarını artıra bilər və bu, onsuz da yıxılmaqda olan bir ölkənin tamamilə süqutu, tarixin arxivinə yazılması deməkdir. Məhz bu reallığı başa düşən Nikol Paşinyanın Moskvada hansı çətin vəziyyətdə olduğunu başa düşmək heç də qəliz məsələ deyil.

Təkcə Ermənistanın baş naziri üçün deyil, ümumilikdə, bütün erməni cəmiyyəti üçün dərs olacaq məqamlar həddindən artıq çoxdur. İndi artıq rəsmi İrəvanın da, Ermənistan vətəndaşlarının da, hətta bu ölkənin müxalifətinin də reallıqları görməsi, dərk etməsi, doğru nəticələr çıxarması üçün kifayət qədər dərs almalı məqamlar var. Bu vaxta qədər ermənilərin qondarma xülyalarının, torpaq iddialarının, mifləşdirdikləri nə varsa hamısının onların əleyhinə olduğu onlar üçün bir dərs olmalı idi. Elə Paşinyanın özü üçün də, ölkəsinin döyüş meydanından qaçan hərbçi fərariləri üçün də, başqasına məxsus torpaqlarda döyüşüb həlak olanların yaxınları üçün də, bütövlükdə erməni cəmiyyəti üçün də təkcə 44 günlük müharibə və Azərbaycanın şanlı Zəfəri bir dərsdir. Bunun ardınca da ölkəmizin diplomatik müstəvidə əldə etdiyi qələbələr, Azərbaycanın yaratdığı reallıqlar, bu reallıqları bütün dünyanın qəbul etməsi daha bir dərs sayılır. Bu dərslərdən düzgün nəticə çıxarmaqda çətinlik çəkmələri, nəticə çıxarmamaları isə, özlərinin də, ölkə başçılarının, şəxsən Nikol Paşinyanın da bir-birinin ardınca düşdüyü çətin vəziyyəti yaradıb. Amma bu hələ ən çətin vəziyyət deyil və qeyri-konstruktiv mövqeyin onlar üçün daha çətin vəziyyət vəd etdiyini yəqin ki, Ermənistanın baş naziri bu dəfə anlamış olar və erməni cəmiyyətinə də anladar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə