Heydər Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının banisidir
Dunyada böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət gostərdikləri dovrlərdə siyasi, iqtisadi prosesləri oz xalqlarının sosial rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Muasir Azərbaycan dovlətinin memarı və qurucusu, xalqının və dovlətinin mustəqilliyi, inkişafı naminə əvəz edilməz işlər gormuş, bununla da tarixi proseslərə təsir gostərmiş ulu ondər Heydər Əliyev belə şəxsiyyətlərdəndir.
1993-cu ilin iyun ayında xalqın müraciəti ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın iqtisadi və sosial həyatında baş verən tənəzzülü dayandırmaq, potensialının iqtisadi dövriyyəyə cəlb edilməsini, bazar tipli strukturunu yaratmaq və dünya iqtisadi inteqrasiya sisteminə daxil olmaq strategiyasını hazırladı. H.Əliyev müstəqilliyimizin ilk illərində, ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. Qəti qərara gəlmişdi ki, respublika iqtisadiyyatının uzaq gələcəyə yönələn inkişafı elmi-texniki tərəqqini müəyyən edən sahələrin daha üstün inkişafından çox asılı olacaq. Bu strateji xətti həyata keçirmək üçün O, titanik fəaliyyət göstərdi, ciddi maneələrin aradan qaldırılmasına nail oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev qəti əmin oldu ki, regionlarda, kəndlərdə torpaq münasibətlərini radikal şəkildə dəyişdirmədən, kəndlini torpağın sahibi etmədən əhalinin güzəranını yaxşılaşdırmaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək mümkün olmayacaqdır. Bu tarixi missiyanı yerinə yetirmək üçün dünya təcrübəsini, yerli xüsusiyyətləri, əhalinin mentalitetini, yaranmış vəziyyəti sistemli təhlil etdi, bir-birini tamamlayan qanunları imzaladı, normativ baza yaratdı, informasiya təminatını gücləndirdi. Respublikada torpaq islahatlarının uğurla, sosial sarsıntılar olmadan həyata keçirilməsini təmin etdi. Kəndli-fermer təsərrüfatı inkişaf etməyə başladı.
Ulu öndərin müəyyən etdiyi xarici siyasətdən iki aspektdə faydalanılıb: Onlardan biri Azərbaycan beynəlxalq mövqelərini möhkəmləndirmək, digəri isə ölkə iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək idi. O, Azərbaycanın tarixi-iqtisadi xüsusiyyətlərinə, geopolitik şəraitinə, xalqın mentalitetinə, milli mənafelərinə uyğun inkişaf strategiyası hazırladı, düşünülmüş və əsaslandırılmış sistemli tədbirlər həyata keçirdi, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşmasını, iqtisadi islahatların aparılmasını prioritet vəzifələr kimi müəyyən etdi. Yaxın qonşularımızdan Rusiya, İran və Mərkəzi Asiya respublikaları, MDB-yə üzv dövlətlərlə iqtisadi münasibətlər inkişaf etdirildi. 1993-cü ildə Türkiyəyə münasibətdə xarici siyasət kursunda ciddi dəyişikliklər etdi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başladı. ABŞ, Britaniya, Çin, Yaponiya, Fransa, Almaniya, İtaliya kimi iri dövlətlərlə iqtisadi əlaqələr quruldu. Enerji sahəsində əməkdaşlığın sağlam təməllər üzərində qurulmuş Amerika ilə Azərbaycan arasında müdafiə və hərbi əlaqələri, investisiyaların təşviqi və qorunması, ticarət və kapital qoyuluşu, banklararası və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan hökumətlərarası müqavilələr bağlandı.
Respublikada iqtisadi inkişaf, investisiya mühitinin yaxşılaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Heydər Əliyevin adı ilə bağlıdır. Bu elə bir iqtisadi sistemdir ki, o, respublikamızın perspektiv inkişaf, xalqın yaşayış səviyyəsinin yüksəldilməsi imkanlarını reallaşdırmaq üçün güclü zəmin yaratdı. Onun müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları fundamental, konseptual xarakter daşıyır, bu baxışlar Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanır.
Müstəqilliyin ilk illərində heç bir dövlət Azərbaycana investisiya baxımından əlverişli bir region kimi baxmırdı. Respublika isə xariclə iqtisadi əməkdaşlığa böyük ehtiyac hiss edirdi. Heydər Əliyev beynəlxalq əməkdaşlığın yeni prinsiplər əsasında inkişafını formalaşdırmaq üçün bir sıra qanunlarda dəyişiklik etdi. Xarici ticarətin liberallaşdırılması istiqamətində cəsarətli addımlar atdı. Lakin bütün bu mərhələlərdə milli maraqları ön plana çəkdi.
Heydər Əliyevi idxal və ixracın nisbətində mənfi saldo narahat edirdi. Müəyyən zaman sonra, mənfi saldo obyektiv olaraq neft faktoru hesabına ixracın xeyrinə dəyişdi. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı strateji inkişaf xətti müəyyənləşdirildi. Eyni zamanda, O, dövlət və iqtisadiyyatın münasibətlərində optimallığı müəyyənləşdirməyi tövsiyə edirdi, sosial problemlərin, elm, təhsil, ekologiya, qlobal struktur və inkişaf problemlərinin həllində dövlətin imkanlarından, köməyindən səmərəli istifadə etməyi, iqtisadi orqanların məsuliyyətinin artmasını həmişə diqqət mərkəzində saxlayırdı, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa xüsusi diqqət verirdi. Azərbaycanın o dövrdəki iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev ilk növbədə ölkəyə xarici investisiyaların cəlb olunması istiqamətində lazımi işlərin görülməsini təmin etdi. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün ilk növbədə neft və qaz layihələrinin reallaşdırılmasını və onun dünya bazarlarına çıxarılmasını təmin etmək lazım idi.
Ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün, Heydər Əliyev düşünülmüş strategiya seçdi və bu strategiyada neft faktoruna üstünlük verdi. Bu, yeganə çıxış yolu idi.
1994-cü ildə çox böyük maneə və çətinliklərə baxmayaraq "Əsrin müqaviləsi" adlanan böyük neft müqaviləsinin bağlanması ilə bu istiqamətdə ilk addım atıldı. Tarixi təcrübə göstərdi ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Onun yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.
1996-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalanmışdır. Sənəddə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Ulu öndər eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər təşkilatlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət vermişdir.
Heydər Əliyev həmçinin, dünyada və regionda gedən prosesləri nəzərə alaraq transmilli nəqliyyat- kommunikasiya layihələrinin önəm verdi. Avropa ilə Asiyanı birləşdirən TRASEKA layihəsi hələ qədim zamanlardan mövcud olan "Qədim İpək yolu" marşrutunun yeni layihəsidir. Uzaqgörən diplomatik səylər nəticəsində 1998-ci ilk addım atıldı.
TRASEKA layihəsi Çindən və Sarı dənizdən Avropaya qədər gedib çıxan çox böyük bir layihədir. Avropanı Asiya ilə birləşdirən bu layihə iqtisadi cəhətdən çox səmərəli layihədir. Heydər Əliyevin çox böyük əhəmiyyət verdiyi layihələrdən biri də TRASEKA layihəsinin ayrılmaz tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikilib istifadəyə verilməsi olmuşdur.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında dahi xidmətlərindən biri də qədim “İpək yolu” nəqliyyat dəhlizində respublikamızın aktiv iştirakını təmin etməkdir. Qədim “İpək yolu”nun bərpasında Heydər Əliyev müstəsna rol oynadı. Aparılan dərin araşdırmalar sübut edir ki, qədim “İpək yolu” Azərbaycan üçün daimi kapitaldır, daimi iqtisadi inkişaf amilidir, daimi gəlir və siyasi sabitlik mənbəyidir.
Heydər Əliyev liderliyinin gücü ondadır ki, o, bütün işlərə yüksək tələbkarlıqla yanaşırdı. Onun bu keyfiyyəti əsl səfərbərlik faktoruna çevrilmişdi. O, daima təhlil aparırdı, müqayisəli araşdırmalara üstünlük verirdi, islahatların gedişi prosesində meydana çıxan problemlərin həlli üçün zəruri tələblərin həyata keçirilməsini hökumətdən tələb edirdi. Bir sıra idarəetmə strukturları bu tələblə ayaqlaşa bilmirdilər. O, muvafiq strukturların rəhbərlərindən tələb edirdi ki, xidməti vəzifələrinin məsuliyyətini tam dərk etsinlər, dövlətin vəsaitlərindən səmərəli istifadə etsinlər, əhalinin ehtiyaclarına qayğı ilə yanaşsınlar. Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirdiyi dövlət quruculuğu konsepsiyası- iqtisadi inkişaf dinamikliyi və beynəlxalq iqtisadi əlaqələrin inkişafını özündə geniş əks etdirib.
Bildiyimiz kimi, ümummilli liderimizin siyasi varisi Prezident İlham Əliyev, onun siyasi xəttini bu illər ərzində uğurla davam etdirməklə həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan regionun dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Böyük Tarixi Zəfəri ilə dünyada tanınan qalib Azərbaycanın iqtisadi inkişafı davamlı olaraq günbəgün artmaqdadır.
Bu il xalqımız müasir Azərbaycanın qurucusu və yaradıcısı, Azərbaycanda iqtisadi dirçəliş konsepsiyasının müəllifi ulu öndərin anadan olmasının 100 illiyini böyük və sonsuz sevgi ilə qeyd edir. Ölkəmizin inkişafında müstəsna xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Ruhiyyə Adil qızı Hüseynova
iqtisad üzrə fəlsəfə doktoru
Mingəçevir Dövlət Universiteti
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB