Azərbaycan xalqı Heydər Əliyevi dövlət müstəqilliyimizin qurucusu kimi qəbul edir - DEPUTAT DANIŞDI
“Ölkəmizin dövlətçilik tarixində, bugünkü qüdrətli Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımı idi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əhmədova bildirib.
Onun sözlərinə görə, eləcə də qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb:
“Azərbaycan xalqı Heydər Əliyevi dövlət müstəqilliyimizin qurucusu kimi qəbul edir. Məhz Ümummilli Liderin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyulub və ciddi islahatlara start verilib. Və Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilib.
Məhz Ulu Öndər Heydər Əliyevin siyasi nüfuzu sayəsində Qarabağda atəşkəs əldə olunub. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü il mayın 8-də cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur olub. Onu da qeyd edim ki, atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ idi.
Ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan növbəti addım Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi” olub. 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmış “Əsrin müqaviləsi” dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olub və Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açıb.
“Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir”, demişdi Ulu Öndərimiz. Qüdrətli Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevin vaxtilə söyləmiş olduğu bu fikrin gerçəkləşməsini biz, Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində gördük və Heydər Əliyev ideyalarının reallaşmasının növbəti dəfə şahidi olduq.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması,1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi öz əksini tapmasıdır. Xüsusi qeyd edim ki, Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətində humanizm prinsipləri hər zaman mühüm əhəmiyyət daşıyıb. Bunun bariz nümunəsi kimi 1995-ci ildən bərpa edilmiş əfv və amnistiya təsisatlarını vurğulamaq istərdim. Həmin dövrdən etibarən imzalanan əfv fərmanları və Amnistiya Aktları dövlətin insan amilinə yüksək dəyər verdiyini bir daha təsdiqləyir.
Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı 20 Yanvar faciəsinə, Ermənilərin törətdiyi Xocalı soyqırımına əsl hüquqi-siyasi qiyməti Ulu Öndərimiz Heydər Əliyev verib. Ulu Öndər qaçqın və köçkün vəziyyətində yaşayan vətəndaşların problemlərini daim diqqətdə saxlayıb. Məhz Heydər Əliyevin 2001-2002-ci illər ərzində imzaladığı üç fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həlli üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılmış və bunun müqabilində 18 qəsəbə salınmış, 6076 mənzil tikilmiş, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilmişdir.
Heydər Əliyev ideyaları və başa çatdıra bilmədiyi işlər bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla reallaşmaqdadır. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti, Ordumuzun qəhrəmanlığı sayəsindəAzərbaycan bu gün bölgədə və dünyada söz və nüfuz sahibinə çevrilib, bütün dünyada torpaqlarını işğaldan azad edən qalib ölkə kimi tanınıb. 30 ildir ki, doğma dədə-baba yurdlarından didərgin düşmüş köçkünlərimiz artıq bugünkü günün xoşbəxtliyini, Böyük Qayıdışın sevincini yaşayırlar.
Allah xalqımızı, dövlət başçımızı, dövlətimizi və dövlətçiliyimizi qorusun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB