Vaşinqon-Paris-Moskva üçlüyü yenidən iş başında
Azərbaycanın sülh təşəbbüsləri davam edir, çağırışları müxtəlif platformalardan səsləndirilir. Amma 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan isə “ipini” başğasının əlinə verdiyi üçün öz fikirlərini sərbəst şəkildə ifadə etməkdə zorlanır. Bu səbəbdən də təkliflərə ya gec reaksiya verir, ya da cavab addımlarında qeyri-müəyyənlik özünü açıq şəkildə göstərir. Bir sözlə, Ermənistan sülhə gəlməkdə çətinlik yaşayır, onu sülhdən imtina etməyə vadar edirlər. Gah Rusiyanın dediyi ilə oturub-durur, gah Fransanın iftirası ilə Azərbaycana qarşı hiylələr işlədir, gah da Amerikadan göndərilən komandalara müntəzir dayanır. Bir sözlə müstəqil olmayan Ermənistan ona uzanan sülh əlini tutmaq üçün də “ağa”larından ismarıc gözləyir.
2022-ci ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı gözlənilirdi. Rəsmi Bakının hazırladığı sənəd o qədər tutarlı, inkaredilməz, heç bir düzəliş və əlavələrə ehtiyacı olmayan sənəd idi ki, İrəvanın bundan imtina edəcəyi, yaxud kimlərləsə istişarə edəcəyi gözlənilmirdi. Amma bu baş verdi, Ermənistan ötən ilin sonuna qədər də sülhə gəlmədi. 2023-cü ilin artıq beşinci ayıdır, İrəvan yenə okeanın o tayına boylanmaqdadır. Buna qədər isə Fransanın xarici işlər naziri regiona səfər etdi. Bakıda bir, İrəvanda isə tam fərqli fikirlər söylədi. Bakıda məsələyə loyal münasibəti ilə diqqət cəlb edən Kolonna İrəvanda tam tərsinə, ermənilərə sərf edən ritorikada çıxış etdi. İşğalı da, separatçılığı da, Ermənistanın Azərbaycana təcavüzünü də dəstəklədi, bir sözlə fransalı nazir ermənilik etdi.
İrəvanda, Bakıda və Tbilisidə keçirdiyi görüşlərdə Kolonna dondan-dona girməyi bacardı. Fransanın XİN başçısı səfər marşrutunun bilərəkdən Azərbaycandan başlamasının da özəl səbəbi var. Bir anlığa diqət edin, əgər Kolonna əvvəlcə Ermənistana, sonra Azərbaycana səfər etsəydi… Yox, bunu edə bilməzdi, çünki, İrəvanda ermənilərlə görüşündə Azərbaycan haqqında dediklərinin cavabını Bakı ondan ala bilərdilər. Çıxılmaz duruma düşməsin deyə Kolonna səfərinə Azərbaycandan başladı ki, sonra Ermənistanda boş-boş danışa, erməniləri Fransanın “səmimiyyətinə” inandıra bilsin. O, həmçinin İstisu (Cermuk) şəhərində Aİ-nin Monitorinq Missiyasının qərargahına baş çəkdi. Qarabağdakı vəziyyəti müzakirə etdi. Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin fəaliyyəti də müzakirə mövzularından oldu.
Fransanın xarici işlər nazirinin İrəvanla Bakı arasında tədricən pik həddə çatan gərginliyi azaltmağa çalışacağı barədə proqnozlar özünü doğrultmadı. Əslində burada təəccüblənəcək bir məsələ də yoxdur, çünki Fransanın XİN başçısının zatən fikri münaqişə tərəfləri arasında sülhyaratma deyil, bu müharibənin bundan sonra da davam etdirilməsidir.
Bakı dəfələrlə Fransanı Qarabağ məsələsində erməni tərəfini birtərəfli dəstəkləməkdə ittiham edib. Prezident İlham Əliyev qeyd edib ki, Qarabağ problemi Azərbaycanın daxili problemidir. Prezident İrəvanı Qarabağı Azərbaycanın bir hissəsi kimi rəsmən tanımağa çağırıb. Məhz bu səbəbdən də Katrin Kolonnanın Bakıda daha nədən danışacağını təsəvvür etmək çətin deyildi. İrəvanda isə fransalı nazir üçün daha asan oldu. Paris Ermənistanın demək olar ki, əsas Qərb himayədarı kimi özünü göstərir. Prezident Emmanuel Makron mütəmadi olaraq baş nazir Nikol Paşinyanla əlaqə saxlayır və demək olar ki, bütün məsələlərdə onunla razılaşır. Fransanın güc qurumları Ermənistanı ruhlandıran sənədləri davamlı olaraq qəbul edir. Düzdür, Azərbaycanla münaqişədə Ermənistana əməli fayda gətirmir. Məsələn, Fransa Senatının Laçın yolunda keçid məntəqəsinin yığışdırılması tələbi kimi. Bu “tələb” təkcə Fransa deyil, başqa yerlərdən də edilib.
Bu arada, Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub. Kremlin mətbuat xidməti bildirib ki, Vladimir Putin və Nikol Paşinyan Qarabağdakı vəziyyəti müzakirə edən zaman regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirdikləri bildirilir. Laçın yolu ətrafında başlanan söz-söhbətlər fonunda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında fundamental razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib. Əgər Rusiya və Ermənistan liderləri müzakirələrdə daim üçtərəfli bəyanatın maddələrinə istinad etməyi lazım bilirlərsə, onda həmin maddələrdən birində də Zəngəzur dəhlizinin açılması barədə konkret cümlələrin yazıldığını görməmiş deyillər. Ermənilər daim ittiham dilində danışır, Azərbaycanın Bəyannamənin şərtlərinə əməl etmədiyi vurğulanır. Bəs Ermənistan necə, Bəyannamənin 9 bəndinin hansını yerinə yetirib? 4-cü və 9-cu bəndlər Ermənistan tərəfindən yerinə yetirilməsindən danışmağa dəyməz. Nə erməni ordusu Azərbaycan torpaqlarından çıxarılıb, nə də Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən yol açılıb. Belə olan halda, İrəvan Bakıdan Laçın yolunun amılmasını necə tələb, yaxud xahiş edə bilər?

Bu gün region ölkələrinin bütün diqqəti Vaşinqtona dikilib. ABŞ-ın Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN başçılarının görüşü keçirilir. Daha dəqiq desək görüşün keçirilməsinə sayılı dəqiqələr qalıb. Nəzərə alsaq ki, aparılan danışıqların təfərrüatı barədə gec məlumat veriləcək, amma təxminən söhbətin nədən getdiyini, tərəflərinin mövqelərini təxmin etmək bir o qədər də çətin deyil. Çünki görüşdən əvvəl həm Ceyhun Bayramov, həm də Ararat Mirzoyan ölkələrinin siyasət idarələrinin rəhbərləri kimi Vaşinqtonda deyəcəklərini artıq demişdilər. Qalanı isə təfərrüatdır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. Entoni Blinken əvvəlcə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək, sonar isə A.Mirzoyanla üzbəüz oturacaq.
ABŞ dövlət katibi aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.
Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.
Bu gün dünya gücləri Cənubi Qafqazda fəallıqlarını artırıblar. İlk baxışdan Qərb Rusiyanın Ukrayna müharibəsində “ilişdiyini” nəzərə alıb bölgədə özlərinə yer etməyə, nəticədə Rusiyanı sıxışdırıb çıxarmağa çalışırlar. ABŞ kimi Fransa da aktivləşib. Fransanın xarici işlər naziri Ketrin Kolonna Cənubi Qafqaz ölkələrinə səfəri də buna sübutdur. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmasından sonra bölgədə vəziyyət gərginləşib. Bakıda bu qərar təhlükəsizlik təhdidi, eləcə də Ermənistan tərəfinin yoldan qanunsuz istifadə etməsi ilə izah edilib. İrəvan təkid edir ki, keçid məntəqəsinin quraşdırılması 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın tələblərinə ziddir.
Beləliklə, Azərbaycan və Ermənistanın məsələyə baxışında fərqlər çox olsa da, həqiqət birdir. Azərbaycanın sərhəd-keçid məntəqəsi quraşdırdığı ərazilər də, Bakı tərəfindən müzakirə predmeti olmaqdan çıxarılan Qarabağ da Azərbaycanın suveren ərazisidir, dünya birliyi hər iki ərazini bizim qanuni torpaqlarımız hesab edir. Ona görə də öz torpağında, suveren ərazilərində istənilən bir işin görülməsi Azərbaycanın heç kimlə müzakirə etmədiyi məsələdir. Nə Paris, nə Moskva, nə də Vaşinqton Azərbaycan-Ermənistan müzakirələrində vasitəçi olmağa layiq deyillər. Çünki, 1998-ci ildən 2020-ci ilə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri kimi heç bir iş görə, işğalçı ilə işğal olunan ölkələri bir-birindən ayıra bilmədilər. Bu günkü cəhdlər isə prosesi yalnız ləngitməyə yönəlib.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB