"Son məqsədimizə çatana qədər ekoaksiyalar davam edəcək" - EKSPERT ŞƏRH ETDİ

"Son məqsədimizə çatana qədər ekoaksiyalar davam edəcək" - EKSPERT ŞƏRH ETDİ

“Biz iki il müddət ərzində Rusiya sülhməramlılarının aksiya keçirilən ərazidə iştirak etməsinin əleyhinə gedə bilmərik. Çünki üçtərəfli bəyannamədə belə bir bənd var idi ki, o yerə sülhməramlılar nəzarət edəcəklər. Ermənistan tərəfi iddia edə bilməz ki, Azərbaycan tərəfi bizi incidir. Qarşılıqlı münasibətlərdə rus sülhməramlıların iştirakı bir tərəfdən bizim üçün xeyirlidir. Doğrudur, bu 3 il müddətində bəzən sülhməramlılar öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olublar. Son zamanlarda erməni tərəfi iddia edirdi ki, sülhməramlılar Qarabağ erməniləri hesabına pul qazanırlar, onlara lazım olan ərzaqları satırlar və s. Fikrimcə, rus əsgəri dünyanın hansı nöqtəsində varsa, orada bəla, haqsızlıq, qarşıdurma var. Ona görə də düşünürəm ki, sülhməramlıların komandasının dəyişməsi heç nəyi dəyişməyəcək. Onlar sadəcə öz maraqlarına uyğun hərəkət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Onun sözlərinə görə, ekofəallarımız ötən ilin dekabr ayından etibarən Xankəndi-Laçın yolunda öz tələblərini irəli sürüblər: “Onlar aksiyaya başladığı vaxtdan Volkov öz hörmətsizliyini, əsl üzünü göstərdi. Bütövlükdə bu aksiyanın əsas nəticələrindən biri bu oldu ki, biz gücümüzü dünyaya göstərdik. Düzdü, bunun nəticəsində bütün dünya üstümüzə gəldi, amma biz yenə də geri addım atmadıq”.

Ekspert sözlərinə davam edərək bildirib ki, təbii sərvətlərimizin istismarının dayandırılmasına nail olduq, təbiətin zəhərlənməsini, separatçıların Qarabağa qeyri-qanuni şəkildə gəliş-gedişinin qarşısını aldıq: “Bu mənada ekofəalların aksiyasının çox xeyrini gördük. Təbii ki, son məqsədimizə çatana qədər aksiyalar davam edəcək. Sərsəng su anbarı olduqca stratejik bir məsələdir. Bu su anbarı ermənilərin əlində qalmamalıdır. Eyni zamanda, Xocalı Hava Limanı problemini həll etməliyik. Qarşıda çox böyük işlər var və addım-addım həll olunmalıdır. İnanırıq ki, məsələlər öz həllini tapacaq. Artıq sərhəd-keçid məntəqəsi də qurulduğuna görə biz bəzi məsələləri nəzarətimiz altına alırıq. Biz bununla dünyaya sübut etdik ki, bu ərazi Azərbaycan dövlətinə aiddir. Artıq o dövlətlər ki Qarabağı bazara çevirmişdilər, istədikləri vaxt gəlib-gedirdilər, onlar narahatdırlar”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə