Separatçılar üçün SONUN BAŞLANĞICI – TƏHLİL

Separatçılar üçün SONUN BAŞLANĞICI – TƏHLİL

Azərbaycan torpaqlarında özləri üçün bir dövlət qurmaq arzusunda, niyyətində olan və buna görə də başlarında dəmir yumruğun zərbəsini hiss edən separatçılar bu zərbənin təsirindən ayılar-ayılmaz yenə də xam xəyallara düşsələr də, bu dəfə tamamilə məhv olacaqlarını artıq yaxşı başa düşüblər. Görünən odur ki, Xankəndidəki separatçı-terrorçu rejim artıq “hər şeyi itirmək” astanasında olduğunun fərqindədir və elə buna görə də rejimin sonunun çatdığını da dərk edirlər. Bu səbəbdəndir ki, rəsmi Bakının “Azərbaycan bayrağı altında yaşamaq” təklifini qəbul etmək əvəzinə ərazilərimizdə məskunlaşan erməni əsilliləri güdaza verməyə də hazırdırlar və hətta buna can atırlar.

“Biz vətəndaşsız qalsaq da, heç vaxt Azərbaycanın bir hissəsi olmayacağıq”, deyən separatçılar bu ifadə ilə faktiki olaraq ərazimizdə məskunlaşan erməniləri qırğına belə verəcəklərinə hazır olduqlarını açıq-aşkar bildirirlər. Ölkə rəhbərimizin, “separatçıların iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşamaq, ya da rədd olub çıxıb getmək”, çağırışı görünür separatçı-terrorçu rejim daxilində rezonans doğurub, çünki onlar başlarına gələnlər səbəbindən yaxşı bilirlər ki, belə çağırışın ardınca nə ilə qarşılaşa bilərlər və bu da onların sonunun çatması deməkdir.

Separatçılar reinteqrasiyanı qəbul etməməklə, prosesləri hərbi müstəviyə sürüklədiklərini çox yaxşı başa düşürlər. Amma görünür elə buna da çalışırlar. Məqsəd də indidən bəllidir. Onlar istəyirlər ki, yeni bir eskalasiya ortaya çıxsın və bununla da bütün dünyaya göstərsinlər ki, birgəyaşayış guya qətiyyən mümkün deyil. Doğrudur, bunun onsuz da separatçılara heç bir faydası olmayacaq və birgəyaşayışın guya mümkünsüzlüyünü göstərməklə belə heç nəyə nail olan deyillər. Bundan sonra separatçılar işğaldan azad olunan torpaqlarda nə ağalıq edə biləcəklər, nə bizim torpaqlarımızda dövlət qurmaq niyyətini gerçəkləşdirə biləcəklər, nə də bütün dünya belə Azərbaycan ərazilərində onlara ağalıq etmək, istədiklərinə nail olmaq şansı yarada bilməyəcək. Amma bununla belə separatçılar sonlarının çatdığını dərk etdikləri üçün olmayan ağıllarına gələn bütün variantlardan istifadə etmək niyyətindədirlər. Elə bu niyyətiləri də onlar özləri üçün bu dəfə son deməkdir.

Terrorçu rejimin qondarma “rəhbərinin” elə qondarma da “müşaviri” hesab olunan David Babayanın dedikləri arasında “vətəndaşsız qalsaq da” sözü ondan xəbər verir ki, separatçı-terrorçi rejim Azərbaycanın Qarabağ ərazisində yaşayan sonuncu ermənini də güdaza verməyə hazırdır. Belə məlum olur ki, reinteqrasiya prosesinin qarşısını, hərhansı vasitə ilə, hətta öz erməni soydaşlarını belə aradan götürmək bahasına almaq niyyətində olduqlarını separatçılar heç gizlətmirlər də. Açıq şəkildə etiraf edirlər ki, buna mane olmaq üçün bütün əməllərə əl atacaqlar və hətta erməni əhalisinə baha başa gəlsə də belə, bundan çəkinməyəcəklər. Burada bir məsələ də diqqəti çəkir ki, separatçılar belə ifadələr səsləndirməklə, həm də ərazilərimizdə məskunlaşan erməni əhalisinə də mesajlar ötürürlər və onlara çatdırmaq istəyirlər ki, əgər reinteqrasiyaya getmiş olsalar, yəni Azərbaycan bayrağı altında yaşamağı qəbul etsələr mütləq onlar tərəfindən cəzalandırılacaqlar. Daha dəqiq desək, separatçı-terrorçi rejim erməni əhaliyə indidən hədə-qorxu gəlir, onları təhdid edir və bununla da reinteqrasiya prosesinə ciddi cəhdlə mane olur.

Əslində, separatçıların belə “tarana” getməsi səbəbsiz deyil, bu, onların öz düşüncələrinə görə çıxılmaz vəziyyətdə olduqları anlamına gəlir. Yəni, bu, istədiklərinə nail ola bilməmələrini başa düşmələri deməkdir. Onlar indi artıq çıxılmaz vəziyyətdə olduqlarını nəinki başa düşürlər, belə təhlükəli iddialarla bunu etiraf da etmiş olurlar. Babayanın fikirləri onların müharibə, döyüş niyyətində olmalarından xəbər verir. Reinteqrasiyadansa müharibəyə üstünlük verən separatçılar bununla sonlarının çatdığını həm də göstərmiş olurlar. Bununla istər Ermənistan rəhbərliyinə, istərsə də dünyada yayılan erməni lobbisinə bir mesaj verirlər ki, sonları çatıb. Yəni, son anda köməyə ehtiyac duyduqlarını çatdırmaq fikrindədirlər. Çünki artıq nə Ermənistan tərəfindən, nə də xarici ölkələrdəki lobbilərindən bir dəstək ala bilmirlər. Meydanda tamamilə tək və çarəsiz qaldıqları ən çox özlərinə əyandır və bu məqamda çarəsizliklərini açıq-aşkar şəkildə etiraf edirlər. Həmçinin bildirmək istəyirlər ki, köməklik olmasa həmin ərazilərdə ermənilərin birdəfəlik mövcudluğuna son qoyulur. Daha dəqiq desək, separatçılar özləri sonun başlanğıcında olduqlarını hər kəsə bəyan edirlər.

Bu anda separatçıların beynəlxalq ictimaiyyətə də mesaj vermək istəkləri təkzib edilə bilməz. Bir zamanlar beynəlxalq ictimaiyyəti aldada bilən separatçılar ola bilsin ki, yenə də nəyə isə ümid edirlər, amma artıq bunun mümkün olması ağıla gələn deyil. Əvvəla ona görə ki, 30 il işğalda saxladıqları ərazilərin qanuni sahibinin onlar deyil, Azərbaycan xalqı olduğu hər kəsə bəllidir, baxmayaraq ki, simasızlıq və ikiüzlülüklə bəzi ermənipərəstlər bunu etiraf etməkdən boyun qaçırırlar. Amma bunun indi heç bir mənası yoxdur və Makron kimi bir Avropa ölkəsinin prezidenti bu ikiüzlülüklə, ermənipərəstliklə nəyə isə nail ola bilməyibsə, deməli, qalanlarının da ümudləri puç və mənasızdır. “Artıq gözləntilərimiz, ümidlərimiz puç olub”, deyə separatçıların etirafları da bunu təsdiq edir. Təsdiq edir ki, onlar gözlədiklərini ala bilməyəcəklər və bunu özləri də dərk edirlər. “Heç bir beynəlxalq təşkilat, heç bir dövlət təsirli addım atmır”, demələri isə onu göstərir ki, separatçılar artıq bu acınacaqlı vəziyyətlərini görürlər, uduzduqlarının, sonlarının çatdığının fərqindədirlər.

“Beynəlxalq təşkilarlar, dövlətlər Azərbaycanla əlaqələrini, münasibərlərini daha da dərinləşdirirlər”, deyə şikayətlənən separatçı rejim ölkəmizin istənilən müstəvidə, müharibə bitdikdən sonra belə danışıqlar masasında, münasibətlər sistemində qələbəsini görür və etiraf edir. Bəli, Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və onu qorumaq əzmində olduğunu da təsdiq edib. Bunu bütün dünya belə də başa düşür və bu halda separatçıların çığır-bağır salması nəyi isə dəyişən deyil. “Boğulanın saman çopünə belə əl uzatması” misalında erməni separatçıları “son nəğmələrini” oxuyurlar. Amma bu nəğmə daha çox ah-naləyə bənzəyir, özü də sonlarını xəbər verən bir naləyə. “Həlledici olan yol ayrıcındayıq, hər şeyi itirəcəyik”, demələri isə onu göstərir ki, artıq sonlarının çatdığını özləri hamıdan yaxşı bilirlər və “itirəcəyik” ifadəsi də bunu təsdiq edir.

İstər Ermənistanla, istərsə də bütün xarici aləmlə əlaqələri kəsilən, xəlvəti yollarla xırda-para dəstəkdən başqa güman yeri qalmayan separatçılar bilirlər ki, bu artıq onlar üçün son deməkdir. Bilirlər ki, rəsmi Bakının, şəxsən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, “ya Azərbaycan bayrağı altında yaşamaq, ya da rədd olub çıxıb getmələri”, çağırışı onlar üçün son şansdır. Halbuki, onlar bu şansı dəyərləndirməkdənsə, məhv olmalarını daha da sürətləndirəcək yolu, təxribatlarla eskalasiya yaratmaq yolunu seçirlər. Bu isə onlar üçün sonun başlanğıcı deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə