Mən hər bir Azərbaycanlının Prezidenti olacağam ŞƏRH

Mən hər bir Azərbaycanlının Prezidenti olacağam ŞƏRH

Ümummilli Lider Heydər Əliyev səhhəti ilə əlaqədar olaraq 2003-cü ildə Prezident seçkilərində iştirak edə bilmədi. Seçkilərdən əvvəl onun Azərbaycan xalqına və YAP üzvlərinə ünvanladığı “mənim başladığım və başa çatdıra bilmədiyim taleyüklü məsələləri inanıram ki, İlham Əliyev həyata keçirəcəkdir” müraciət əhali tərəfindən məmnunluqla qarşılandı. 2003-cü ilin oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan xalqı seçki məntəqələrinə gələrək yekdilliklə İlham Əliyevə səs verdilər. Seçkiqabağı platformasında İlham Əliyev “mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyə söylədiyi fikrə sadiq qalaraq verdiyi bütün vədləri yerinə yetirdi. Həmin dövrdən etibarən keçirilən bütün seçkilərdə cənab İlham Əliyev xalqın böyük dəstəyi ilə seçkilərdə qalib gələrək Prezident seçilmişdir. 2018-ci ilin aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkiləri ölkəmizdə Prezident postuna keçirilən 8-ci rəsmi seçki olmuşdur. Həmin seçkidə səsvermə hüququna malik vətəndaşların 74,3% iştirak etmiş, səslərin mütləq əksəriyyətini cənab İlham Əliyev qazanmışdır. Xalqın iradəsini əks etdirən bu seçki beynəlxalq aləmdə də şəffaflığı, demokratikliyi və legitimliyi ilə tanındı.

Bu seçkilərdə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Həyata keçirilən köklü struktur islahatları nəticəsində ölkə iqtisadiyyatı güclənmiş, istehsalda qeyri neft sektorunun xüsusi çəkisi artmış, özəl sektorun və sahibkarlığın inkişafı əhəmiyyətli dərəcədə yüksəlmiş, kiçik və orta biznesin inkişafına təkan verilmiş, ölkənin enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir. Həmçinin, ordu quruculuğuna diqqət artırılmış, Silahlı Qüvvələrin müasir hərbi texnikalarla təmin edilməsi ön plana çəkilmişdir. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” devizini əsas götürərək cənab Prezident ölkənin iqtisadiyyatının möhkəmlənməsinə, kənd təsərrüfatı və sənayenin sürətli inkişafına xidmət edən böyük layihələr həyata keçirmiş, aqrar və sənaye parkları yaradılmışdır. Cənab Prezidentin 2003-2018-ci illərdəki fəaliyyəti yol və nəqliyyat infrastrukturunun yenidən qurulması, ölkədə yeni və müasir idman qurğularının inşası, beynəlxalq səviyyəli tədbirlərin və idman yarışlarının keçirilməsi, əhalinin maddi rifah halının yüksəlməsi ilə xarakterizə olunur.Görülən işlərin nəticəsi Azərbaycanın iqtisadi və hərbi cəhətdən güclənməsinə gətirib çıxardı. Bu uğurlu siyasət 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən müharibədə Qələbəmizin əldə edilməsini təmin etdi. Müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütöblüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza etməyə məcbur oldu.

Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üç tərəfli bəyanatın bir sıra müddəalarına müharibədən iki il yarım vaxt keçməsinə baxmayaraq hələ də əməl edilməyib. Lakin, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət hər cür təxribatlara əl atan və xarici havadarlara söykənən siyasət yürüdən Ermənistanı reallıqları qəbul etməyə məcbur edir. İndi İşğal olunmuş ərazilərimizdə böyük sürətlə mina təmizləmə, quruculuq-yenidənqurma işləri həyata keçirilir. 30 ildən artıq yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın öz dogma yurdlarına qaytarılması prosesinə start verilmişdir. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək iqtisadiyyatın perspektiv inkişafı ideyalarını reallaşdırmaqda mühüm addımlar atır. Azərbaycanın inkişafını sürətləndirən amillər göz qabağındadır: Qalib dövlət, həmrəylik nümayiş etditən xalq, beynəlxalq nüfuz, güclü iqtisadiyyat və hərbi potensiala malik ölkə imici Azərbaycanın mövcud durumunu şərtləndirən xüsusiyyətlərdir.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə