Qonşu ölkələri alət etmək niyyətli TƏHLÜKƏLİ OYUNLAR – TƏHLİL

Qonşu ölkələri alət etmək niyyətli TƏHLÜKƏLİ OYUNLAR – TƏHLİL

Qüdsdəki Əqsa məscidinə edilən basqından dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında olan və İslam dünyasının həmrəyliyinin çox vacib, əhəmiyyətli olduğu xüsusilə vurğulanan telefon danışığı diqqəti cəlb etməyə bilməz. Çünki son zamanlar müşahidə olunan proseslər, İranda baş verən, daha doğrusu, səfirlikdə törədilən terror, həmin ölkədə etirazlar, rəsmi Tehranın qonşu dövlətlərlə münasibətlərindəki soyuqluq və gərginlik onsuz da gözdən yayınan deyil və bütün bunların fonunda iki ölkə prezidentinin telefon danışığı səbəbsiz olmaz.

İlk baxışdan basqın kimi görünən həmin hadisənin hansısa məkrli niyyətlərə hesablandığı, çirkin oyunlar üçün nəzərdə tutulduğu artıq narahatedici, təhlükəli məqam olaraq görülür. Görünən odur ki, bölgədə sabitlik, stabillik, eləcə də yaranan reallıq-Azərbaycanla Türkiyə arasında birlik, dostluq sayəsində ölkələrimizin dünyada söz sahibi olması hansısa qüvvələrin yuxusunu ərşə çəkib və ən azından bu birliyə, qardaşlığa mane olmaq istəyən hansısa qüvvələr planlı şəkildə əllərindən gələni əsirgəmirlər. Müəyyən terror aktları törətməklə, qarışıqlıqlar yaratmaqla hadisələrin gedişini müsbət istiqamətdən, yöndən döndərmək niyyəti artıq özünü göstərməkdədir ki, bu heç də arzuolunan deyil.

Son günlər rəsmi Tehran ilə Bakı arasında gərginlik də nəzərdən qaca bilməz və heç də təsadüfi sayılmır. İki qonşu ölkə arasında hansısa qüvvələrin narazılıq yaratmaq istəyi, niyyəti təkzib edilə bilməz. Sözsüz ki, hansısa maraqlar, məkrli niyyətlər güdən qüvvələr hadisələrə təsir etmək arzusundadır. Məsələ burasındadır ki, dövlət olaraq İran üçün də bu hal heç qənaətbəxş deyil və son zamanlar arada olan gərginliklər fonunda Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında danışıqların baş tutması təsadüfi sayılmır. Deməli, İran tərəfi özü bu gərginlikdən çox narahatdır, baxmayaraq ki, rəsmi Tehran özünü heç də belə göstərmək istəmir, guya soyuq yanaşır. Əslində isə, biz bunun əksini müşahidə edirik. Çünki Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışıqları barədə hər iki tərəfdən verilən rəsmi açıqlamalarda seçilən cümlələrin ümumi ruhunun mövcud gərginliyin götürülməsinə hesablandığı açıq-aşkar görünür.

Sözsüz ki, Azərbaycan və İran XİN başçıları Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian arasında baş tutan telefon danışığı ilə gərginliyin dərhal aradan qaldırılacağını söyləmək olmaz. Həmin danışıqların məhz İran-Azərbaycan münasibətlərində körüklənən gərginliyin dərhal aradan götürüləcəyi barədə qənaətə gəlmək yanlış yanaşma və reallıqdan uzaq düşüncə olardı. Bir sözlə, bu danışıqlar gərginliyin artıq aradan qalxdığı, yaxud tez bir zamanda qalxacağı barədə qətiyyən arxayınlıq yaratmamalıdır. Bunu İran tərəfi də belə qəbul edir, Azərbaycan tərəfi də, çünki hansısa qüvvələrin bu gərginlikdə marağı və iştirakı təkzib edilmir.

Təkcə İranın deyil, Azərbaycanın da daxilində münasibətlərin gərgin vəziyyətdə saxlanılmasında maraqlı tərəfin olduğu ortaya çıxır. Son zamanlar cəsus şəbəkəsinin üzvlərinin saxlanılması bunu təsdiq edir. Təsdiq edir ki, hansısa çirkin oyunlar qurulur və bu oyunlara kimin alət olması hansısa qüvvələr üçün qətiyyən fərq etmir. Onların hələ bundan sonra da sakit durmayacağı təkzib edilə bilməz. Ona görə ki, mövcud vəziyyətdən sui istifadə edilməsi planlaşdırılır və bunun üçün də əldən-ayaqdan gedirlər. Hətta bir neçə qonşu ölkənin eyni zamanda təhlükəli oyunlara çəkmək istəyi və niyyəti də göz önündədir. Əks halda, həmin ölkələrin daxilində qarışıqlıq salmaq planları ortaya çıxmazdı.

Bilirik ki, yaxın zamanda Türkiyədə prezident seçkilərinin keçiriləcəyi gözlənilir və heç şübhəsiz ki, qüdrətli, dünyada söz sahibi olan bir ölkə diqqət mərkəzindədir. Həmin ölkənin də məhz bu ərəfədə müəyyən qarmaqarışıqlıqlara cəlb edilməsi birinci növbədə hədəfdən yayındırmaq məqsədi daşıyır. Çünki Türkiyə elə bir qüdrətli dövlətdir ki, artıq bütün dünya bu dövlətlə hesablaşmaq məcburiyyətindədir, bu dövlətlə hesablaşılır da. Biz bunu hətta Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin sanksiyalarına məhəl qoyulmamasında və qardaş ölkənin öz müstəqil siyasətini yürütməsində də gördük və əmin olduq. Bu da sirr deyil ki, Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğan öz qətiyyəti ilə də seçilir və onun mövqeyi, siyasi iradəsi rəqiblərinin ürəyincə deyil. Məhz elə indiki şəraitdə İran-Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilib müharibə həddinə çatdırılması özü, seçkilərə hazırlaşan və daxildən ciddi təhlükələr gözləyən Ərdoğan Türkiyəsini də kimlərinsə zorən bu savaşa çəkmək kimi niyyətinin olduğunu göstərir. Bu həssas siyasi şəraitdə Türkiyə kəşfiyyatının, təhlükəsizlik qüvvələrinin diqqətini içdən, daxildən, əsas hədəflərdən yayındırma məqsədi də artıq bəlli olur. Əsas hədəflərdən Türkiyəni yayındırmaq üçün başqa məsələlərlə yükləmək niyyəti də artıq çoxdan bilinir.

Türk dünyasına, bölgəmizə düşmən gözü ilə baxan qüvvələr bilirlər ki, bu ilin 14 may tarixində Türkiyədə keçiriləcək prezident seçkiləri ümumilikdə regionun geopolitik taleyini həll edəcək bir hadisə olacaq. Çünki bu dəfə seçkidə qalib gələn qaraş ölkə prezidenti cənab Tayyib Ərdoğan öz siyasi iradəsi ilə qətiyyətini də artıracaq, təsir imkanlarını da. Ümumiyyətlə, bu seçkinin ardınca Türkiyə liderinin sözünün, qərarının daha böyük təsir gücünə malik olacağını hər kəs bilir və bu halda regionun taleyini kimlərinsə həll etmək arzuları ürəklərindəcə boğulmuş olacaq. Deməli, cənab Ərdoğanın seçilməməsi üçün, Türkiyədə qarışıqlıq düşməsi üçün can atan qüvvələr bu ərəfədə son imkanları ilə hərəkətə gətiriləcəklər. Hətta bu məqsədlə istənilən ölkə də hədəfə alına bilər.

Etiraf edilməlidir ki, cənab Ərdoğanın son illərdə həyata keçirdiyi Rusiya və İranla yaxınlaşma siyasəti fonunda "3+3" formatının reallaşmasında bzim ölkəmiz, vətənimiz Azərbaycan çox önəmli yer tutur. Ölkəmiz bir növ bağlılıq rolunu oynayır və indiki şəraitdə bunun diqqətdən qaçırılmayacağı, bundan sui istifadə ediləcəyi ehtimalı böyükdür. Xatırladığımız kimi, FETÖ-nün əliylə 2016-cı ildə devirməyə çalışdıqları Ərdoğanın əsas düşmənləri üçün ən zəif nöqtənin də məhz Azərbaycanla bağlı olduğu çox güman ki, indi Türkiyə və ümumilikdə bölgəmizə düşmən kəsilən qüvvələr üçün diqqət çəkəcək məqamdır. Məsələn, Azərbaycan üzərindən “Karlov sui-qəsdi”nə, “təyyarə qalmaqalı”na bənzər ssenarilərlə qurula bilən oyunlar Türkiyə liderinin istər Rusiya, istərsə də İranla münasibətlərinin körlanması deməkdir. Təbii ki, burada da məqsəd bəllidir və Türkiyə liderinin təklənməsi başlıca məqsəd hesab oluna bilər. Sözsüz ki, bu gün Qərbin istəklərini, mövqeyini, münasibətlərini nəzərə almadan öz müstəqil siyasətini yürüdən və elə bu səbəbdən də daim təsir etmək istədikləri Türkiyənin məhz Qərb çətiri altına gətirilməsi niyyəti də təkzib edilə bilməz. Əlbəttə ki, burada Azərbaycandan istifadə etmək planı da mümkün ssenarilər içərisindədir. O baxımdan da cəmiyyətimiz hər zaman olduğundan daha ayq-sayıq olmalıdır. Ayıq-sayıq olmalıdır ki, hansısa qüvvələr öz çirkin niyyətlərini reallaşdırmaq üçün ölkəmizdə bir ssenari qura bilməsinlər, yaxud ssenariləri baş tutmasın. Bunun üçün isə, ilk növbədə, fitnələrə uymamaq, hər hansı oyuna alət olmamaq birinci şərtdir. Ona görə ki, qonşu ölkələri alət etmək niyyətli təhlükəli oyunlar oynanıldığı və bundan sonra da hələ davam edildiyi göz önündədir və bunu mütləq nəzərə almaq, daha doğrusu, nəzərdən qaçırmamaq lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə