Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz xilas edildi MƏQALƏ
Artıq iki onillikdən çoxdur ki, geridə qoyduğumuz keçməkeşli XX əsr öz zaman kəsimində bəşəriyyətə, ayrı-ayrı xalqlara bir çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də bizik - Azərbaycan xalqı. Biz ilk növbədə ona görə xoşbəxt xalqıq ki, tariximizdə Heydər Əliyev kimi düha, müdrik rəhbər var idi və o bu gün də hər birimizin qəlbində əbədiyaşar Lider olaraq qalmaqdadır. Və bu gün biz dünyanın hansı nöqtəsində oluruqsa-olaq, Heydər Əliyev dedikdə təsəvvürlərdə XX-XI əsrlərin görkəmli siyasi və dövlət xadimi, dünya miqyasında tanınan və qəbul edilən bir şəxsiyyət canlanmaqdadır. Əbədiyaşarlıq da məhz bu kimi xüsusi dəyərlərə söykənir.
Ulu Öndər Heydər Əliyev məhz 40 ildən artıq çoxcəhətli və nəhəng, eləcə də uzaqgörən siyasi fəaliyyəti və müdrik rəhbərliyi sayəsində, həmçinin Azərbaycan xalqının tarixində, ictimai-siyasi həyatında böyük rol oynaması ilə Ümummilli Lider statusunu qazanmışdır. Heydər Əliyevin xarizmasında və praqmatikliyində birləşən bir çox xüsusiyyətləri - möhkəm iradəsi, istənilən hadisəyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi, bəlağətli nitqi - bütövlükdə isə mükəmməl liderlik keyfiyyətləri onunla təmasda olan, həmsöhbət olan hər kəsi heyran edirdi. Məhz Heydər Əliyev adına bağlı olan bu reallıqlar sayəsində bugünün güclü və qüdrətli Azərbaycanı dünya birliyindəki yerini və rolunu möhkəm dayaqlara əsaslandırıb.
Bəli, Azərbaycan tarixində fərəhli, şərəfli günlər çoxdur. Ancaq onların içində 15 iyun 1993-cü il tarixi xüsusi yeri tutur. Çünki bu tarix xalqımızın qurtuluşu, xilası günü olaraq öz adını mübarizlik, əzmkarlıq səhifəsinə yazdı.
Xalqımızın qəhrəman oğul və qızlarının böyük şücaətləri və şəhidlik zirvəsinə yüksəkmələri sayəsində başlayan nəhəng xalq hərəkatı sonda öz bəhrəsini verdi - 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Söz yox ki, belə bir böyük tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən bir çox xalqlar kimi azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. Dünya dövlətləri sırasına çıxmaq, Azərbaycanın adını, Azərbaycan dövlətini dünyaya tanıtmaq imkanı qazandıq. Ancaq çox çətinliklə və canlar, qanlar hesabına qazanılmış müstəqilliyi qoruyub-saxlamaq, yenidən 1918-20-ci illərdəki səhvləri təkrarlamamaq əsas vəzifələrdən biri olmalı idi. Fəqət, təəssüflər olsun ki, uzun illər həsrətində olduğumuz müstəqilliyin elə ilk illərindəcə hər birimiz ağır, məşəqqətli günlərlə qarşı-qarşıya qaldıq, xüsusilə, 1990-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. AXC-Müsavat cütlüyünün özbaşınalıqları, hay-küylə hakimiyyətə yiyələnmələri, başıpozuq və naşı iqtidarın ard-arda dövlət maraqlarına etdikləri xəyanətləri, güc strukturlarının reket silahlılarına çevrilərək xalqın başına min-bir oyunlar açması – bu kimi çoxsaylı faktların hər biri yenicə qazanılmış müstəqilliyimizin kövrək təməllərini sarsıtmağa başladı.
Üstəlik, Ermənistanın işğalçılıq siyasəti və bu siyasətin qarşısının alınmaması, torpaqlarımızın ard-arda işğala məruz qalması, cəbhə bölgələrində kütləvi şəhidlərin verilməsi, insanlarımızın öz doğma yurd-yuvalarından deportasiyalara məruz qalmaları vəziyyətin nəzarətdən çıxması ilə nətilənmişdi.
Belə bir acınacaqlı mühitdə digər tərəfdən də vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. 1993-cü ilin iyununda ölkə qardaş qırğınının astanasında dayanmışdı. Qarabağda və ətraf rayonlarda vəziyyətin acınacaqlı olmasına rəğmən, daxili qarşıdurmalar nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi faktını meydana çıxardı. Bu, bilavasitə Azərbaycanın lidersizliyinin bariz sübutu idi, ölkənin isə güclü bir liderə ehtiyacı var idi. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Məhz belə bir şəraitdə xalq üzünü yeganə xilaskarı olan Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, müdrik və qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Bu gün Ulu Öndər Heydər Əliyevin müxtəlif cəhətlərini, fəaliyyət istiqamətlərini əks etdirən yüzlərlə kitablarlar yazılıb, elmi məqalələr dərc edilib. Lakin danılmaz fakt budur ki, əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, 1991-cı ildən yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Reallıq həm də onda idi ki, biz bu gün çətinliklə əldə olunmuş müstəqilliyimizi yaşamayacaq, azadlığımızı dadmayacaqdıq.
Bəli, Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.
Ümummilli Lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, iqtisadiyyatın təməllərinin qoyulması, Milli Ordunun formalaşdırılması, xarici siyasətin müəyyənləşdirilməsi və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu Öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır.
Siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır. Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirırlər. Elə bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuza görə də bizlər dahi şəxsiyyətə, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq.
Təbii ki, proseslər bununla başa çatmırdı. Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlandı. Ölkənin iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi - aqrar islahatlar aparıldı, eyni zamanda özəlləşdirməyə başlanıldı. Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək, maliyyə sistemini yenidən qurmaq sahəsində ciddi addımlar atıldı. Xüsusilə, neft strategiyasının müəyyənləşməsi nəticə etibarı ilə Əsrin Müqaviləsinin imzalanması ilə təsdiqini tapdı və Azərbaycan dünya arenasında həm də iqtisadi mərkəzə çevrilməyə başladı. Həmçinin, regionlarımızın inkişafı üçün mühüm qərarlar qəbul olundu, bir sıra layihələrin başlanmasına start verildi. Bütövlükdə və sonrakı illərdə keçirilən tədbirlər nəticəsində sənayenin tənəzzül sürəti azalmış, inkişaf meyli artmış və istehsalın həcminin aşağı düşməsinin qarşısı alınmağa başlamışdı. Beləliklə, iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunurdu. Onu da qeyd etmək lazımdır ki, respublika regionlarının inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən bir sıra proqramlar qəbul edilmişdi. Artıq necə deyərlər, buz yerindən tərpənmişdir...
Lakin təəssüflər olsun ki, dövlətçilik dayaqlarımızın möhkəmləndirilməsinə qarşı çıxan bir çox daxili və xarici qüvvələr bu reallıqlarla barışa bilmirdilər. Ardıcıl müdaxilələrdən tutmuş terror və dövlət çevrilişinə cəhdlər isə bir hədəfi nişan almışdı – müstəqil Azərbaycan dövlətini. Çünki Ulu Öndərimizin yenidən hakimiyyətə qayıdışından sonra bu həqiqəti həzm edə bilməyən azğın qüvvələr hələ də var-gəl edirdilər. Şimalda və Cənubda separatçılıq meyllərinin ayaq açması cəhdləri də bu sıradan idi. Amma hər şeyə rəğmən, bu dahi şəxsiyyətin işıqlı dühası, zəngin siyasi təcrübəsi, xalqa möhkəm bağlılığı, nüfuzu, ən gərgin və həlledici anlarda vəziyyəti real qiymətləndirmək bacarığı və qətiyyəti sayəsində həmin cəhdlərin qarşısı alındı.
Dövlət çevrilişinə cəhd göstərən qüvvələr bir həqiqəti unutmuşdular ki, bu da xalq amili idi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrində xalqımız dövlətçilik prinsiplərinə sədaqətini, iqtidarın yürütdüyü xarici və daxili siyasəti dəstəklədiyini yekdilliklə nümayiş etdirdi. Ümummilli Liderin bir çağırışı ilə yüz minlərlə azərbaycanlı bir yerə toplaşdı və dövlətinin müdafiəsinə qalxdı. Eyni zamanda, Heydər Əliyev bu hadisələr zamanı müstəsna dözüm, mətanət və siyasi müdriklik göstərdi, xalq iradəsinin təmsilçisi, dövlət təhlükəsizliyinin yeganə təminatçısı olduğunu bir daha sübut etdi. Beləliklə, düşmənin məkrli planı, Azərbaycanı daxildən parçalamaq niyyəti dövlət başçısının siyasi uzaqgörənliyi, mətinliyi və sarsılmaz iradəsi ilə puça çıxdı.
Daha bir fakta diqqət yetirək. Bu gün də xarici diplomatiyamızın siyasi uğuru kimi xatırlanan Lissabon sammiti - dahi şəxsiyyətin bu sammit zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində Azərbaycanın düşmən obrazını yaratmışdı. Ölkəmiz siyasət aləmində tənha qalmışdı. Hətta vəziyyət o qədər çətinləşmişdi ki, dost xalqlar belə bizim haqq sözümüzü deməkdə çətinlik çəkirdilər. Hər yerdə, bütün beynəlxalq mərkəzlərdə haqsızlığa, ədalətsizliyə uğrayan Azərbaycan həm də günahkar hesab edilirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dünya siyasətində Azərbaycan haqqında yaranmış qeyri - obyektiv münasibəti və baxışları alt-üst etdi. Lissabon sammitində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması haqqında qəbul edilən qərar da atılan ilk addımlardan biri idi. Nəticədə Heydər Əliyevin uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti məhz bu haqq və ədalətin təntənəsi idi: 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbə idi və sonrakı illərdə də bu kimi uğurlu siyasi qələbələrə imzalar atıldı.
Qarabağ cəbhəsində də yenidən formalaşan Ordumuz uğurlara imza atmağa başlamışdı. Horadizin düşmən tapdağından azad edilməsi artıq belə qənaətə gəlməyə zəmin yaradırdı ki, Azərbaycan əsla öz torpaqlarının işğal faktı ilə barışmayacaq. O cümlədən, Ordumuzun gücü və qətiyyəti qarşısında dayana bilməyəcəyini anlamağa başlayan Ermənistan atəşkəs rejiminin əldə olunması üçün müraciət etmək məcburiyyətində qaldı. Məhz sonrakı dövrlərdə Azərbaycan öz iqtisadi gücü ilə yanaşı, Ordusunun təkmilləşdirilməsi, gücləndirilməsi siyasətini həyata keçirməyə başladı.
Fakt budur ki, xalqına arxalanan, ölkəsi üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma ən çətin, böhranlı anlarında, xalq "olum ya ölüm" dilemması qarşısında qalanda gəlir və müqəddəs xilaskarlıq missiyasını həyata keçirirlər, öz həyatlarını millətə xidmətə həsr edirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır. Heydər Əliyev kimi.
Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin alternativsiz davamçısı, Prezident İlham Əliyev də daim öz çıxışlarında Ümummilli Lider barədə fikirlərini bildirərkən onun tarixi fəaliyyət aspektlərinin təhlilini apararkən onu Azərbaycan dövlətinin və xalqının xilaskarı kimi qiymətləndirir və eyni zamanda, Ulu Öndər tərəfindən müəyyən edilmiş siyasi kursunu davam və inkişaf etdirdiyinə görə fəxr hissi keçirdiyini vurğulayır. Və ən əsası, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi, Qarabağımızın incisi Şuşa şəhərinin mənfur yağıdan təmizlənməsi ilə bağlı söylədiyi tarixi nitqində Ata vəsiyyətini yerinə yetirdiyini möhtəşəm qürur hissi ilə bəyan etdi. Belə bir mötəbərlik və tarixi reallıq isə son illərdə heç bir dövlətdə, heç bir ölkədə yaşanmayıb. Artıq Azərbaycan dünya birliyində öz sözünü deyən lider ölkələr sırasında yer alması ilə yanaşı, həm də təşəbbüskar olaraq tanınmaqdadır və bu günün güclü, qüdrətli, inkişaf edən, çiçəklənən müstəqil Azərbaycanımıza görə bizlər Ulu Öndər Heydər Əliyevə əbədi olaraq borcluyuq. Bizlər inanırıq ki, Azərbaycanımız Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə daha böyük uğurlara, daha böyük qələbələrə imza atacaq.
Nazim İsmayılov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB