Böyük ziyalı, gözəl ana, vəfalı ömür-gün yoldaşı - TƏHLİL

Böyük ziyalı, gözəl ana, vəfalı ömür-gün yoldaşı - TƏHLİL

Ulu Öndər Heydər Əliyev: “O, yaxşı ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri cəm halda özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftalmoloq idi”

O gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq kimi tanıyırdı. İlin gözəl fəslində, 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan, gözəl insan, qayğıkeş həkim Zərifə xanım Əliyeva ömür salnaməsinə gözəl əməllərdən başqa heç nə yazılmayan şəfqətli əllər sahibi olmaqla kamil, xeyirxah insan kimi də hamının hörmətini qazananlardan idi. Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olaraq 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad abı-havası yaratmaq üçün çox çalışırdı. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinin qarşısınını alınması yolunda daha böyük fəaliyyət göstərib. Belə ki, Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edib, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedib, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında çoxlu söhbətlər aparıb. Amma ağır xəstəliklə mübarizədə bu kifayət etməyib. Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunub.

Həkim olmaq arzusu onu Moskva şəhərinə aparıb və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnib. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdıb, 1949-cu ildən başlayaraq, Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə isə aspiranturaya daxil olub, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını da davam etdirib. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edib.

BELƏLİKLƏ, ZƏRİFƏ XANIMIN İLK ELMİ ARAŞDIRMALARININ MÖVZUSUNU HƏYAT ÖZÜ MÜƏYYƏNLƏŞDİRİB

Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilib. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edib. Zərifə xanım tədqiqat işini traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edib. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənməyib, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırıb və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirib. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edib. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib. 1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunub. Həmin dövrdə Zərifə xanım həkimlik fəaliyyəti ilə məşğul olaraq, bir çox cərrahiyə əməliyyatları aparıb, xəstələrə məsləhətlər verib, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmayıb, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edib. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparıb. 1968-ci ildən başlayaraq Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil edib. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini alıb, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olub. 1977-ci ildə Z.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.

ZAMAN-ZAMAN ÖYRƏNİLƏCƏK VƏ TƏDQİQ OLUNACAQ MƏKTƏB

Zərifə xanım zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Beynəlxalq aləmdə cəm olunaraq, bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı. Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə, elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir.Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir. Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür. Onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və görkəmli alimin istəyi müasir dövrümüzdə gerçəkləşmişdir. Ümummilli Liderin həyatından bəhs edən “Heydər Əliyev: Tale yolları” kitabının müəllifi Nikolay Zenkoviç Zərifə xanımın təvazökarlığından, mehribanlığından, yüksək keyfiyyətlərindən, mənəvi zənginliyindən də bəhs edir: “Mən Siyasi Büro üzvlərinin arvadları barədə bioqrafik məlumatları diqqətlə araşdırmışam, müqayisə etmişəm. Hansı nəticəyə gəlmişəm. Aydın olub ki, onlar arasında ən savadlı qadın Siyasi Büro üzvü Heydər Əliyevin xanımı olub. O, hətta Sov. İKP MK baş katibinin arvadı Raisa Maksimovnadan da savadlı idi. Özü də təkcə savadlı yox, Zərifə xanım hərtərəfli bir şəxsiyyət idi. SSRİ siyasi rəhbərlərinin o biri üzvlərinin evdar qadın olan maraqsız arvadlarından fərqli olaraq Heydər Əliyevin həyat yoldaşı dünyada tanınan bir insan idi.” Sədaqətli həyat yoldaşı, qayğıkeş ana Zərifə xanım Əliyeva dünya şöhrətli dövlət xadimi Heydər Əliyev kimi müdrik, dahi bir insanın həyat yoldaşı kimi də əsl mənada yol yoldaşı olmuşdu. Zərifə xanımı tanıyanlar onun haqqında xatirələrini bu sözlərlə başlayırlar: “Çox nurlu, sadə, təvazökar bir insan idi".

...Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasında tanınmış oftalmoloqun həyat fəaliyyətinə həsr olunmuş müzeyin açılışında iştirak edən ümummilli lider Heydər Əliyevə xatirə kitabında ürək sözlərini yazmasını xahiş etdilər: «Mnim ömür-gün yoldaşım, mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Bunların hamısı onun insani keyfiyyətlərinin böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir.” Bəli, bu sözlər müdrik , böyük şəxsiyyət Heydər Əliyevin ömür-gün yoldaşına sədaqət nümunəsi, vəfa borcu idi.Zərifə xanım həm də cəfakeş, tələbkar, məsuliyyətli ana idi. Və bu gün dünya liderləri arasında tanınan, hər yerdə sözü imzası qədər dəyərli və qətiyyətli olan Azərbaycan Prezident İlham Əliyevin adı hörmətlə çəkilirsə, bu yüksəlişdə analıq vəzifəsinin müqəddəsliyini diqqət və qayğısı ilə yerinə yetirən Zərifə xanımın əməyi olmuşdur.

Bir sözlə, Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, onu yaxınlardan tanıyanların, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalmış, qalacaq və parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində yaşayacaqdır.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə