“Qərb təşkilatları Azərbaycanda pozucu fəaliyyətlə məşğuldur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan hər zaman beynəlxalq təşkilatlara, xüsusən ABŞ təşkilatlarının fəaliyyətinə açıq olub və bu təşkilatların ölkəmizdə fəaliyyət göstərməsi üçün bütün zəruri şərait yaradılıb. Bu gün də USAİD başda olmaqla bir sıra Qərb təşkilatları, o cümlədən Birləşmiş Ştatlara bağlı təşkilatlar ölkəmizdə öz fəaliyyətini həyata keçirir və vətəndaş cəmiyyəti ilə fəal əməkdaşlığını qurur. Təbii ki, bu Azərbaycan dövlətinin siyasi iradəsindən irəli gəlir, çünki Azərbaycan hökuməti Qərb təşkilatlarının ölkəmizdə vətəndaş cəmiyyəti və media ilə əməkdaşlığı üçün bütün zəruri olan hüquqi şəraiti yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, təəssüf ki, bu qəbildən olan təşkilatlar ölkədə vətəndaş cəmiyyətini inkişaf etdirmək və bütün QHT-lərlə bərabər əməkdaşlıq qurmaq əvəzinə, ölkədə özlərinə məxsus casus şəbəkəsi yaradaraq pozuculuq əməlləri həyata keçirmiş, siyasi proseslərə müdaxilə edərək və cəmiyyətdə çaşqınlıq yaradaraq dövlətçilik prinsiplərini zəiflətməyə çalışmışlar: “Onlar özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları və şəbəkə formalaşdıraraq radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək göstərmişlər. Bu isə onların elan etdiyi demokratik və bərabərlik prinsipləri ilə ziddiyət təşkil etmiş, məqsəd heç də guya ölkədə müstəqil vətəndaş cəmiyyətinin inkişafına nail olmaq deyil, tam əksinə onları özlərindən aslı salan təsisatlar formalaşdırmaq olmuşdur. Məhz bu səbəbdən əvvəllər fəaliyyətinə şərait yaradılsa da, daha sonradan bu cür pozucu fəaliyyətinə görə ABŞ-ın bir sıra hüquq müdafiə və demokratiyanın inkişafı ilə bağlı təşkilatlar ölkəni tərk etməli olmuşlar. Buna baxmayaraq Azərbaycan dövləti sağlam əməkdaşlıq prinsiplərinə və vətəndaş cəmiyyəti ənənlərinə sadiq qalaraq onların fəaliyyətinə daim imkan yaradıb. Ölkəmizdə həm dövlət, həm də Qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edən Qərb təşkilatları fəaliyyət göstərir və onların fəaliyyəti üçün heç bir maneə yoxdur, lakin onların fəaliyyətində bu cür neqativ halların baş verməsi və vətəndaş cəmiyyəti vasitəsi ilə siyasi proseslərə müdaxilə etmək və onların fəaliyyətini dövlətə qarşı yönləndirmək qətiyyən yolverilməzdir”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Çünki bu cür halların baş verməsı, bir qrup QHT-lərdən ibarət özlərinə yaxın şəbəkələrin formalaşdırılması və siyasi arenada pozucu fəaliyyəti həm ölkənin milli təhlükəsizlik maraqlarına ziddir və ümumilikdə Qərb fondlarının imicinə və ölkədə vətəndaş cəmiyyəti quruculuğu işinə ciddi xələl gətirə bilər. Ümid edirik ki, Azərbaycanda fəaliyyət göstərən ABŞ Fondları və ümumilkdə Qərb təşkilatları bu cür əməllərdən çəkinərək öz fəaliyyətlərini ölkənin daxili işlərinə qarışmamaqla və QHT-ləri öz siyasi maraqlarına alət etməməklə həyata keçirəcəklər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə