Qoşulmama Hərəkatı nə ilə yadda qaldı? - MİLLƏT VƏKİLİ DANIŞDI

“Azərbaycan bütün beynəlxalq təşkilatlarla açıq şəkildə etibarlı tərəfdaş kimi sıx əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatı da istisna deyil. Ölkəmiz 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, bu illər ərzində yəni 2011-2019-cu illərdə o cür səmərəli və məhsuldar əməkdaşlığın nəticəsində Azərbaycan bu təşkilata sədrlik etmək üçün seçildi: “2019 və 2023-cü illər üzrə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Ümumilikdə Qoşulmama hərəkatı böyük bir platformadır. Bu hərəkatın tərkibinə 120 üzv, 18 müşahidəçi dövlət, 10 beynəlxalq təşkilat daxildir. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi bu təşkilat üçün mühüm tarixi dövr kimi yadda qalacaq.

Azərbaycan dövlətinin sədrliyi Qoşulmama Hərəkatını canlandırdı və onun əhəmiyyətini, statusunu qaldırdı və beynəlxalq aləmdə hərəkatın fəaliyyətini inkişaf etdirdi. Sözsüz ki, bu gün Azərbaycan regional və qlobal miqyasda bir sıra vacib tədbirlərin təşkilatçısı, eyni zamanda ev sahibi kimi çıxış edib. Bu baxımdan martın 2-də Qoşulmama hərəkatının Covid-19 virusuna qarşı mübarizədə təmas qrupunun zirvə toplantısı görüşünün keçirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyini uğurla davam etdirir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu hərəkata sədrlik etdiyi ilk zamanlar çox çətin idi. Çünki həmin illər ərzində Covid-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi bir dövr idi. Sədrliyin ilk illərində təbii ki, Azərbaycan qlobal təşəbbüslərlə xüsusilə də Covid-19-a qarşı mübarizə sahəsində öz töhfələri vermişdir. Bilirsiniz ki, 2020-ci ilin may ayında cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Covid 19-a qarşı video-konfrans təşkil olundu. Həmin ilin dekabr ayında isə BMT-nin Baş Assembleyasının xüsusi sessiyası çağırıldı. Bunu da cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi bu təklifi irəli sürdü. Sözün əsl mənasında bütün bu illərdə təşkilat gücləndi və qlobal təşəbbüslər irəli sürdü. Təbii ki, irəli sürülən tələblərin dəstəklənməsi də onu deməyə əsas verir ki, dünya birliyi bu hərəkatı tanıyır və onu dəstəkləyir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə