“Ermənistan rəhbərliyi dünya ictimaiyyətini aldadır” - QHT SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan tərəfi Qarabağ iqtisadi rayonunda yaşayan erməni vətəndaşların cəmiyyətə inteqrasiyasına nail olmaq istəyir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” ictimai birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, 44 günlük savaşdan sonra Azərbaycan Qarabağ münaqisəsinin həllinə nail olub: “İşğalçı Ermənistan ordusu və separatçı rejiminin quldur dəstələri darmadağın edilib. 2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanat imzalanıb. Ermənistan və Qarabağ iqtisadi rayonuna nəzarət edən Rusiya sülhməramlıları öz üzərinə öhdəliklər götürüb. Üstündən 28 ay keçsə də, lakin öhdəliklər yerinə yetirilmir”.
Elman Cəfərli sözlərinə belə davam edib: “Bu öhdəliklər nədən ibarətdir? Ermənistan Qarabağda öz silahlı birliklərini çıxarmalı, separatçı rejimə tabe olan silahlı quldur dəstələri buraxılmalı idi. Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinə başlamalı idi. Lakin görünən odur ki, ermənilər buna hazır deyillər. Azərbaycan tərəfi isə inteqrasiya prosesinn başlanması üçün hər cür təşəbbüsə hazırdır.
Qeyd edək ki, martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Onu da deyib ki, beynəlxalq təşkilatlar bu prosesdən məmnundur. Avropa İttifaqı prosesin ümidverici olduğunu bəyan edib”-deyə, E.Cəfərli bildirib.
QHT sədri hesab edir ki, Azərbaycan tərəfi Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların davam etdiriləcəyini bildirib: "Bu günlərdə Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görünən odur ki, erməni tərəfi görüşə gəlmək niyyətndə deyil. Hətta separatçılar Xocalıda keçirilən görüşün mahiyyətini də təhrif ediblər. Onlar bildiriblər ki, Xocalıdakı görüşdə inteqrasiya məsələləri müzakirə olunmayıb. Sadəcə mövcud sosial problemlərlə bağlı məsləhətləşmələr xarakteri daşıyıb.
Ermənilər bununla vaxt qazanmaq, danışıqlarda əllərini gücləndirmək istəyir. Ermənistan rəhbərliyi dünya ictimaiyyətini aldadır. Baş nazir Nikol Paşinyan bəyan edib ki, İrəvan Bakı ilə Qarabağın erməni icması arasında təmaslardan narahat deyil və buna qarışmır. Lakin müşahidələr göstərir ki, Paşinyan Xankəndindəki erməni separatçıları ilə eyni ələ oynayır. Hər iki tərəf hamilərinin dəstəyi ilə silahlı qüvvələri gücləndirmək, revanş almaq niyyətindədir. Ermənistan Hindistandan silah alır. İran açıq-aşkar işğalçı dövləti dəstəkləyir və vaxtaşırı Azərbaycanı təhdid edir. Fransa bütün sahələrdə ermənilərə dəstək verir, onları himayə edir. Bütün bu amillər ermənilərə qol-qanaq verir. Türkiyə dövlətinin başının zəlzələnin nəticələrini aradan qaldırmağa qarışması, may ayına təyin olunmuş prezident seçkisi də erməniləri ümidləndirir. Onlar hesab edirlər ki, Ərdoğan hakimiyyətdən getsə, Azərbaycan təklənəcək, arxasız qalacaq, Ermənistan isə İranın, Fransanın dəstəyi ilə “itirilmiş topraqları” geri qaytaracaq. Bu, təbii ki xam xəyaldır. Azərbaycan güclü dövlətdir. Dünya ictimaiyyəti bizim haqlı olduğumuzu bilir.
Beynəlxaq təşkilatlar Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Artıq zaman bizim xeyrimizə işləyir. Əksinə ermənilər yaranmış tarixi fürsətdən istifadə edib razılaşmaya gəlməli, sülh müqaviləsinin imzalanmasına razılıq verməlidirlər. Hələ ötən əsrin 90-cı illərində sabiq prezident Levon Ter-Petrosyan erməni cəmiyyətinə müraciətində bildirmişdi ki, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə imza atmaq lazımdır. Vaxt gələcək, heç bunu təklif etməyəcəklər. Zaman onu haqlı çıxardı. Azərbaycan 25 il öncə Qarabağ ermənilərinə ən yüksək muxtariyyat təklif edirdi. 44 günlük savaşdan sonra isə bu, gündəmdən çıxdı. İndi də eyni proses gedir. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər xoşluqla yola gəlməsələr, Azərbaycan anti-terror əməliyyatına başlayıb son ümidlərini də puça çıxaracaq. Azərbaycanın öz suveren ərazisində bu cür əməliyyatı aparmağa hüququ var. İndi sülhlə, danışıq yolu ilə istədimizi ala bilməsək, o zaman hərbə əl atmaq zorunda qalacağıq. Qarabağdan Ermənistana gedən yolun üzərində nəzarət buraxılış məntəqəsi yaradılacaq, Qarabağdakı qanunsuz silahlı dəstələr ləğv ediləcək, terrorçular ədalət mühakiməsi qarşısına çıxarılcaq, mülki və hərbi əhəmiyyətli əsas yollara nəzarət ələ keçiriləcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB