“Fransa separatçılığı təşviq edən ölkədir” - DEPUTATIN ŞƏRHİ

“Fransa separatçılığı təşviq edən ölkədir” - DEPUTATIN ŞƏRHİ

"Fransa Cənubi Qafqaz siyasətində yanlışlıqlara yol verib. Münaqişə edən tərəflərdən haqsız olanının - Ermənistanın yanında durmaqla vasitəçilik missiyasına ağır zərbə vurub, işğalçını dəstəkləməklə beynəlxalq münasibətlər sistemindəki prinsipləri kobud şəkildə tapdalayıb, dünya birliyinin üzvü olan Azərbaycanın ərazisində erməni separatçılarının qanunsuz fəaliyyətinə, cinayətlərinə imkanlar yaradıb, hətta BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü kimi təmsil olunduğu beynəlxalq təşkilatın nizamnaməsinə zidd addımlar atıb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Fransa bundan sonra regionda baş verən hadisələrdə heç bir statusda iştirak edə bilməz: “Bunun da səbəbləri var. Fransa separatçılara dəstək olmaqla yanaşı, Azərbaycanın dünya ölkələri tərəfindən tanınmış suveren hüquqlarını da görməzdən gəlir. Bu dövlətin ayrı-ayrı subyektləri Qarabağın müstəqilliyini tanımağa cəhd edir. Fransanın qanunverici orqanı olan Milli Assambleya və Senat ölkəmizə qarşı qanunsuz qərarlar qəbul edir, separatçılığı təşviq edir. Qarabağdakı bir ovuc erməninin haqqını qorumaq adı altında Azərbaycana qarşı dini, milli ayrıseçkilik siyasəti yürüdür. 30 illik müharibədən sonra regionda yaranan şərtlərdən yararlanaraq sülh müqaviləsi imzalamağa hazır olan tərəflərdən birini – Ermənistanı fikrindən daşındırmaq, sülh prosesini əngəlləmək kimi dağıdıcı addımlar atır”.

A.Hüseynov rəsmi Parisin Korsika adasında yaşayan korsikalılara qarşı qeyri-insani davranışlarından da danışıb: “Bu gün Korsika müharibə meydanını xatırladır. Bunu Fransa hakimiyyətinin, konkret desək prezident Makronun yürütdüyü siyasətin nəticəsi də adlandırmaq olar. Fransa Ali Məhkəməsi tərəfindən adada korsika dilinin qadağan edilməsindən sonra baş verənlər isə Parisin milli ayrı-seçkilikdə maraqlı olduğunu göstərir. Fransada yüzlərlə etnik qrup yaşayır, amma heç biri öz dilində danışa, fikirlərini ifadə edə, yaza, oxuya bilməz, təkcə fransız dilindən başqa. Bu da haqlı olaraq yerlərdə narazılıqlar yaradır. Makronlu Fransa öz ərazisində separatçılığı, milli zəmində baş verən etirazları amansızlıqla yatırsa da, sərhədlərindən min kilometrlərlə uzaqda yerləşən Azərbaycanda oxşar hadisələri dəstəkləyir, orada gedən prosesləri körükləyir, daha pis istiqamətə yönəlməsi üçün əlindən gələni əsirgəmir. Bu, əslində ikili standart, beynəlxalq prinsiplərə xəyanət, ikiüzlülük, başqa ölkənin ərazi bütövlüyünə hörmətsizlikdir. Amma Azərbaycan Fransadan fərqli olaraq nə başqa millətlərə, xalqlara qarşı ayrı-seçkilik edir, nə başqa ölkələrin ərazi bütövlüyünü təhdid edir, əksinə, Hayastana (Ermənistan) sülh əlini uzadır, 30 illik düşmənçiliyə son qoymaq istəyir, separatçılığın, dini, milli ayrıseçkiliyin kökünü kəsməyə çalışır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə