“Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır” - DEPUTAT

"Azərbaycanın 32 illik dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara Qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələri-dövlət hakimiyyəti və vətəndaş birlikləri, elmi və siyasi institutları, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı, müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələr aparılır. Göründüyü kimi, yalnız hakimiyyətin, ayrıca partiyaların, hərəkatların, sosial qrupların deyil, bütövlükdə millətimizin yeni siyasi gündəliyi formalaşır. Əlbəttə, əgər 44 günlük müqəddəs müharibədə parlaq Zəfərimiz olmasaydı, yeni ideoloji hədəflər-Qayıdış hərəkatı ətrafında da birləşmək mümkün olmazdı". SİA xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc İnsan hüquqları komitəsinin iclasında bildirib.

Millət vəkili qeyd edib ki, Qərbi Azərbaycan idealının milli gündəliyin önünə çıxdığı 2023-cü ilin Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə üst-üstə düşməsi əsla rəmzi məna daşımır, çünki hər iki fenomeni gerçək tarixi, mənəvi, siyasi tellər bir-birilə bağlayır. Heydər Əliyevin bütün tərcümeyi-halı, keçdiyi yol, Sovetlər Birliyinin siyasi olimpinə yüksəlişi və enişi, müstəqil Azərbaycana qayıdışı və ikinci dəfə hakimiyyətə gəlməsi nəinki qərbi, bütövlükdə azərbaycanlıların son bir əsrlik taleyini özündə əks etdirir. Ona görə də Qələbəmizin 3-cü ilində verilən qərarlar Ulu öndərin baxışlarını özündə əks etdirməklə gələcək nəsilləri də əhatə etməlidir.

Qərbi Azərbaycana qayıdış təkcə bir bölgə əhalisinə aid deyil-belə demək mümkündürsə, “icma” ifadəsi şərti xarakter daşıyır, onu daxili siyasi mübarizə təşkilatı, iqtisadi mənfəət qrupu, mandat, vəzifə və imtiyaz uğrunda çarpışan qüvvəyə çevirmək nəzərdə tutulmur, son bir əsrdə və xüsusilə müstəqillikdən sonra Qarabağ ümummili səfərbərlik idealı olduğu kimi, tarixi torpaqlara dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir.

Dünyanın yenidən bölüşdürüldüyü indiki şəraitdə Azərbaycan prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır. Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik, söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Qlobal təhlükəsizlik sisteminin indiki durumunda elita, ordu və millətimiz müharibədə olduğu kimi bir ideya ətrafında- Qələbəmizi qorumaq və onu irəliyə aparmaq üçün səfərbər olunublar!.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə