İrəvanın mövqeyinə görə Moskvada yaranan QICIQ - TƏHLİL

İrəvanın mövqeyinə görə Moskvada yaranan QICIQ - TƏHLİL

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinin əlbəttə ki, səbəbləri var və heç də təsadüfi deyil. Şübhəsiz ki, Rusiyanın XİN rəhbərinin səfəri təkcə region ölkələrinin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Heç kim üçün artıq sirr deyil ki, Lavrovun bu səfərinin əsas səbəblərindən biri məhz Moskva ilə İrəvan arasında münasibətlərin ən azından pozulması və gərginliyin get-gedə artmasıdır, hansı ki, bu, elə Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatlarında da aydın şəkildə öz əksini tapır.

Ermənistanla Rusiya arasında münasibətlərin pozulasının da səbəbi var və bu, ilk növbədə işğalçı ölkənin ərazisində Avropa İttifaqı missiyasının mövcudluğudur. İki ölkə arasında gərginliyin artması əlbəttə ki, Kremlin məhz Ermənistanın buna yol verməsidir, hansı ki, bunu başda elə baş nazir Nikol Paşinyan olmaqla, bütün ermənilər hamıdan yaxşı bilirlər. Bilirlər ki, Rusiya Aİ missiyanın Ermənistanda mövcudluğunu təhlükə hesab edur və bunu həmin ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da bəyan edib. O, hesab edir ki, Aİ missiyasını “mülki” adlandırmaq çox çətindir. Zaxarova açıq şəkildə bildirir ki, sözügedən missiyanın ən əsas vəzifəsinin, ilk növbədə Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq olduğunu düşünür. Əslində, bunu təkcə o düşünmür, Rusiyanın qənaəti belədir və təhlükə deyiləndə elə bu nəzərdə tutulur. Elə hesab olunur ki, belə bir geosiyasi müdaxilə Avropanın Qafqaza soxulması üçün planlaşdırılıb. Belə bir planın isə rusların xoşuna gəməsini düşünmək çox sadəlövhlük olardı.

Hər şeydən əvvəl, Lavrov öz səfəri ilə hər iki ölkə arasında münasibətlərin daha da yaxşılaşdırılası niyyətinin olduğunu təsdiqləyir. Həmçinin, Rusiya XİN rəhbərinin də, ölkəsinin də Cənubi Qafqazda və Yaxın Şərq kontekstində təhlükəsizliklə bağlı maraqları, maraqlı olduğu göz önündədir. Şimal-Cənub dəhlizinin praktiki icrası barədə maraqlanılması deyilənləri təsdiq edir. Eyni zamanda Türkiyədə baş verən dəhşətli zəlzələ də müzakirə mövzusudur və görünür ermənilərin də kürkünə birə salan elə budur. Onlar Rusiya ilə Azərbaycanın və Türkiyənin daha da yaxınlaşmasını həzm edə bilmirlər. Görünür elə bu yaxınlıq da erməni cəmiyyətində bir qıcıq yaradır. Bilirlər ki, danışıqların regional aspekti də var və Ermənistanla Azərbaycan arasındakı danışıqlara, sülh yolu ilə nizamlanma perspektivlərinə, o cümlədən dövlət sərhədinin müəyyən edilməsinə hesablanıb.

Sadalanan məqamlara görə, Lavrovun Bakıya səfərinə Ermənistanda özünəməxsus reaksiya verilir. Yenə də erənilər rusları xəyanətdə günahlandırırlar və hələ də buna hansı əsaslarının olduğunu nəinki sübut edə, heç fikirlərini əsaslandıra da bilmirlər. Sadəcə qorxurlar və səksəkə içərisindədirlər. Növbəti Xəyanətləri müqabilinə də böyük qardaşlarından müvafiq cavab alacaqları qorxusu ilə yaşayırlar və yanaşmaları da buna görə ancaq qorxu üzərindədir. Sərhədimizin intensiv atəşə tutulması da səbəbsiz deyil, xalqımıza düşmən kəsilənlər yanlışlıq etməsəydilər nədən qorxacaqdılar?

Suallar, maraqlı məqamlar çoxdur və hər kəsi düşündürməkdədir. Ən vacib sual isə, regionda baş verənlər fonunda Lavrovun səfərinin nə dərəcədə uğurlu olacağıdır. Görəsən, Bakı və Moskva nə barədə razılaşacaq? Hər halda nə barədə razılaşma olsa bunun bizə, xalqımıza xeyirli olacağı şübhə doğurmur. Çünki, hər zaman, hər məqamda xalqımızın milli maraqlarını üstün tutan, bu maraqlardan çıxış edən prezidentimiz var və hamı bilir ki, ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti başqa variantın olmaması üçün yetərincədir.

Ermənistan Rusiyanın həmin ölkəyə bu zamana qədərki münasibətindən, səbr nümayiş etdirməsindən elə bu zamana qədər də sui istifadə edib. Etiraf edilməlidir ki, Ermənistanın elə Rusiyaya arxalanaraq hər məqamda regionda hədsizlik etməyə cəsarəti çatdığı da bəllidir. Bunu bütün dünya bilir ki, Rusiya olmadan Ermənistan heç nəyə qadir ola bilməzdi və ermənilər hər zaman rusları özlərinə arxa biliblər. Məsələ burasındadır ki, indi ermənilər məhz arxa bildikləri ruslara arxalarını çevirirlər. Rusiyaya sanaksiya tətbiq edən Avropaya Ermənistanın meyl etməsi, hər addımda xəyanətə rəvac verməsi təbii ki, təsirsiz ötüşə bilməz. Hazırda Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərdə baş verənlərdən əslində, Moskvanın “xoşuna gəlmədiyi” heç kim üçün sirr deyil. Bu baxımdan Rusiyanın səbr kəsasının dolması anlaşılandır. Elə Lavrovun səfərindən Ermənistanın qıcıqlanması da başadüşüləndir, çünki ermənilər yaxşı başa düşürlər ki, əməllərinin, xəyanətlərinin müqabilində Rusiya cavabsız qalmayacaq.

Bəli, Ermənistan tərəfi Avropa İttifaqından Azərbaycana təzyiq aləti kimi istifadə etmək niyyəti güdür. Söhbət belə bir təzyiqin hansısa nəticə verəcəyindən getmir, Ermənistanın niyyətindən gedir. Yəni, ermənilər yenə də hansısa qüvvələrdən, nədənsə “istifadə” arzusundadırlar, amma buna artıq nail olunmayacağını özləri də bilirlər, çünki Avropa da bu işğalçı ölkənin çirkin niyyətli olduğunu bilir, bunu etiraf etməsə də. Həmçinin ermənilər onu bilirlər, yaxud bilməlidirlər ki, Avropanın da öz maraqları var, bu maraqlar Ermənistanın maraqları deyil. Məsələ burasındadır ki, bu gün beynəlxalq arenada Moskva üçün ən kəskin və ən təhlükəli rəqiblərdən biri kimi Avropa İttifaqı ilə İrəvanın birləşərək Rusiyaya təsir göstərməyə çalışmasını ruslar həzm edə bilməz. Bunu yaxşı başa düşürlər və gec-tez başlarına müsibətlər gələcəyinə özləri də şəkk-şübhə etmirlər.

Heç şübhəsiz ki, Rusiya Azərbaycanın mövqeyini, özü də ədalətli mövqeyini, eyni zamanda hüquq sahibi olduğunu, haqlı olduğunu, həmçinin nüfuzunu, artıq söz sahibi olduğunu yüksək qiymətləndirir. Artıq Rusiyanın Azərbaycana münasibəti ermənilərin düşündükləri və arzuladıqları, ümid etdikləri kimi deyil. Rusiya proseslərin üçtərəfli danışıqların ruhuna uyğun getməsinin tərəfdarıdır, hansısa qüvvələrin müdaxiləsinin yox. Bu baxımdan Rusiya ilə Ermənistan arasında mövcud diplomatik “soyuqluq” ən azından münaqişə həll olunana qədər, daha dəqiq desək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər davam edəcək. Rusiya tərəfi də Azərbaycan tərəfi kimi sülh müqaviləsinin və onun şərtlərinin necə olmasını mükəmməl başa düşür. Əvvəla başa düşür ki, Azərbaycan öz haqlı tələblərindən geri çəkilməyəcək və istədiyinə nail olacaq, yəni ölkəmizin belə bir əzminin olması ruslar üçün bəllidir. Digər tərəfdən də üçtərəfli razılaşmada Rusiya da iştirakçıdır və indi Ermənstan tərəfinin hansısa oyunçuları öz oyunlarına qatmaları Kreml üçün məqbul hesab edilmir. Ən azından, müqavilənin praktiki olaraq artıq razılaşdırılmış şərtlərinin icrasını Ermənistan bu qədər gecikdirir. Bir sözlə, nə böyük qardaş saydıqlarını böyük sayırlar, nə də hesaba almırlar. Bununla yanaşı üstəlik məsələyə müdaxilə etməkdə Rusiyaya sanksiya tətbiq edənlər üçün şərait, zəmin yaradırlar. Bu isə, təbii ki, Moskvada anlaşılmazlığa və hətta müəyyən qıcığa da səbəb olur.

Sözsüz ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinə görə ermənilər yuxularını qarışdırıblar. Ermənistan tərəfi artıq başa düşür ki, onların hədsizlikləri, özü də bu dəfə həm də Rusiyaya qarşı hədsizlikləri, yanlış mövqedə olmaları Moskvada əməlli-başlı qıcıq doğurub və Lavrovun Azərbaycana səfəri heç də təsadüfi deyil, məhz buna görədir. Əlbəttə ki, Rusiyanın XİN rəhbəri sözügedən məsələ ilə bağlı Bakıda müvafiq danışıqlar planlaşdırır və yaxın zamanda proseslərin buna uyğun cərəyan edəcəyinin də şahidi olacağıq. İrəvanın mövqeyinə görə Moskvada yaranan qıcıq şübhəsiz ki, Ermənistan üçün təsirsiz ötüşməyəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə