Makronun Ermənistanı sürüklədiyi CƏHƏNNƏM -TƏHLİL

Makronun Ermənistanı sürüklədiyi CƏHƏNNƏM -TƏHLİL

Makron Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermədən bu ölkəni sadəcə olaraq öz maraqları naminə anti-Rusiya cəbhəsinə çəkir. Baş nazir Nikol Paşinyan başda olmaqla, onun hakimiyyət komandası da, ermənilərin bir qismi də elə zənn edirsə ki, Fransa prezidenti hayların hayındadır, bərk yanılırlar. Söhbət Ermənistanı, ermənilərin özlərini alət edən Makron kimi bir hiyləgərdən gedirsə, deməli, o hələ hayları daha nələrə, haralara sürükləyəcəyi bəlli məsələdir və bu heç də yaxşı yer olmayacağı da şübhə doğurmur.

Hazırda qlobal arenada baş verənlər ermənilər üçün heç də arzuolunan deyil, çünki artıq beynəlxalq oyunçuların onların provokasiyalarına ayıracaq vaxtları belə yoxdur. Yəni, hər kəs öz hayındadır və haylar artıq onlar üçün hesabda belə deyillər və əgər adları çəkilirsə, barələrində hansısa fikirlər səsləndirilirsə, bilməlidirlər ki, bu ancaq onları alət etmək naminədir. Eyni ilə Fransa prezidenti də hazırda erməni sözündən, Ermənistan terminindən belə ancaq öz maraqları, ambisiyaları naminə istifadə edir. Bəli, Münhen Təhlükəsizlik Konfransındakı çıxışının əsas hissəsini Rusiyaya qarşı düşmənçilik və Ermənistanla dostluğun ifadəsi üzərində quran Emmanuel Makronun əsl üzü ortaya çıxdı, təbii ki, görə bilənlər üçün. Göründü ki, Makron Rusiya və Ermənistan barədə danışarkən kəsişən xətləri gizlədə belə bilmədi, yaxud bunu heç istəmədi belə. Yəni, o dərəcədə erməni xalqı, yaxud Ermənistan onun üçün maraqsız idi ki, açıq şəkildə Rusiyaya qarşı mövqeyinin ön planda olduğunu nümayiş etdirdi.

Makron öz çıxışında Rusiyanı qeyri-sabitlik və xaos mənbəyi kimi təqdim etdi, Fransanın bundan sonra da Ermənistanın yanında olacağını söylədi, amma bunu Ermənistan üçünmü etdi, yoxsa özü üçünmü? “Neo-müstəmləkəçi Rusiyanın Qafqazın çağırışlarının öhdəsindən gələcəyinə necə inanmaq olar? Mən bunu gələcəkdə dəstəkləyəcəyimiz və əməkdaşlığımızı davam etdirəcəyimiz dostum, baş nazir Nikol Paşinyanın yanında deyirəm”, deyən Makron Fransanın törətdiyi qırğınlar barədə bilmir, yoxsa özünü qanmamazlığa qoyub? Yaxşı, onun dili ilə desək, tutaq ki, Rusiya neo-müstəmləkəçidir və Qafqazın çağırışlarına yararsızdır. Bəs elə isə Fransa özünün bir sıra ölkələrdə törətdikləri və bununla bağlı “qaranlıq” keçmişi ilə, hazırki ikili standartlar siyasəti ilə, prezidenti Makronun ikiüzlülüyü, ədalətsizliyi, ali qanunlara hörmətsizliyi ilə Qafqazın çağırışlarına yararlı sayıla bilərmi? Bilməz.

Hayları da, onların ipdən asılı vəziyyətdə olan ölkələrini də Rusiya ilə üz-üzə qoymağa çalışan Makron əvəzində nə edir? Ermənistana təklif edir ki, KTMT-dən çıxmasın. Maraqlıdır, niyə? Əgər Rusiya kimi nəhəng bir ölkə çağırışlara yararsızdırsa, bəs onda bu ölkənin ən azından nəzarəti altında ölkələr hansı çağırışlara yararlı olacağını düşünür? Ümumiyyətlə, bunu düşünürmü? Düşünmür, çünki düşünsəydi ən azından belə axmaq və təzadlı fikirlər səsləndirməzdi. Bir də axı Makron Ermənistana ancaq “tövsiyyə” edir, onun hansısa bir təklifi yoxdur. Bu adam ağız dolusu danışdığı zaman, Paşinyanın, yaxud bütün “yan”ların yanında olduğunu bəyan edir, amma onlara Avropa İttifaqı və NATO üzvlüyünü təklif belə etmir, baxmayaraq ki, bu, Ermənistan üçün ağılasığmaz məsələdir.

Bəli, onu da nəzərə almaq lazımdır ki, ölkəsində kütləvi etirazlara səbəb olan və müzakirə olunan pensiya islahatı fonunda Fransa prezidenti Emmanuel Makronun reytinqi son üç ildə ən aşağı səviyyəyə çatıb. Bunu IFOP sosioloji xidmətinin bazar günü Le Journal du Dimanche qəzetində dərc etdirdiyi sorğunun nəticələri də sübut edir. Sorğunun məlumatlarına, nəticələrə görə sorğuda iştirak edən fransızların yalnız 32%-i Makronun prezident kimi fəaliyyətindən razıdır. Bu, bir ay əvvəllə müqayisədə 2 faiz azalma deməkdir. Deməli, ermənilər, elə Paşinyanın özü belə Makronun bütün tövsiyyələrini, eləcə də yanlarında olması fikirlərini dəyərləndirərkən bu məqamı da nəzərdən qaçırmamalıdır. Onun özünün indi yanında olan lazımdır ki, nəinki dünya siyasi arenasında qlobal oyunçu kimi qalsın, hətta öl ölkəsinin prezidenti olaraq qalması üçün çox böyük bir dəstəyə ehtiyacı var. “Yanığın nəyi var ki, yonuğa versin”, zərb məsəlini burada xatırlamaq yerinə düşərdi və bu məsəli ermənilər öz dillərində tərcümə edib əzbərləsələr ziyan tapmazlar. Ən azından bu dəfə də Makrona alət olmazlar.

Heç bir təhlükəsizlik zəmanəti vermədən Ermənistanı anti-Rusiya cəbhəsinə çəkən Makron hayların belə hayındadırsa, həmin ölkənin hansı səfalət içərisində olduğunu birinci nəzərindən qaçırmamalıdır. Birinci növbədə həmin ölkənin üzləşdiyi iqtisadi problemləri, ümumiyyətlə yanlış istiqaməti aradan qaldırmağa çalışmalıdır, əgər onların halına yanırsa və yanlarındadırsa. Fransa kimi müstəmləkəçilik tarixi ilə ləkəli olan bir ölkənin prezidentinin “yağlı” sözləri ilə indi ermənilər özlərinə təskinlik tapmaqdansa, getdikləri qaranlıq yol barədə düşünüb baş sındırmaları yaxşı olar. Yaxşı olar ki, məhz elə Fransa prezidenti Emmanuel Makronun onları “cəhənnəmə” sürüklədiyini görsünlər. Bilsinlər ki, Fransa Rusiyaya qarşı fikirləri ilə yanaşı onlar barədə fikir bildirirsə, yanlarında olduğunu söyləyirsə, deməli, erməniləri rusların hədəfinə çevirir. Rəzil durumda olan bir ölkə üçün isə Rusiya kimi bir ölkənin hədəfində olmaq elə cəhənnəmə dönmək deməkdir. Ermənilər dərk etməlidirlər ki, bu cəhənnəmdə isə onları heç zaman görmədikləri, təsəvvür belə edə bilmədikləri kabus gözləyir. Makron bilmirmir ki, Rusiya reallıqda Ermənistan üzərində çoxlu təsir rıçaqlarına malikdir? Anlamırmı ki, Rusiya Ukrayna istiqamətində uğursuzluqlarının əvəzini Ermənistanı əzib atmaqla çıxa da bilər? Bilir və bilə-bilə bunu edirsə, deməli, bu ölkəni elə bilərəkdən cəhənnəmə sürükləyir.

Türkiyə-Azərbaycan tandemini, bunun qüdrətini Makron da yaxşı bilir və başa düşür, elə onun Paşinyan adlı bacısı da. Ona görə də ermənilərin başını tovlatmaq üçün verdiyi reaksiyasını da sərt etməkdən çəkinir. Azərbaycanın Avropa üçün, Azərbaycanın enerji resurlarının qlobal enerji böhranı içərisində olan avropalılar üçün nə qədər dəyərli, qiymətli olduğunu da Makron bilir. Azərbaycanın haqqın, ədalətin yanında olduğu da, Ukraynanın öz torpaqları uğrunda mübarizəsini də dəstəklədiyini və bunu Rusiyanın da bildiyini, amma reaksiya belə verilmədiyini Makron görmürmü, bundan xəbərsizdirmi? Xəbəri var və bilir ki, Azərbaycan üçün təhlükə yoxdur və hətta Rusiyanın xoşu gəlsə də, gəlməsə də ölkəmiz özünün ədalətli mövqeyini bildirib və elə indi də bildirməkdədir. Amma Ermənistan cəmiyyətində Rusiya əleyhinə mitinqlər keçiriləndə, şuarlar səsləndirilənfə rəsmi İrəvan qorxu içərisində idi, çünki bunun onlara baha başa gələcəyini yaxşı anlayır. Məsələ burasındadır ki, Makronun məhz onları həmin o məqama sürüklədiyini ilk növbədə anlamaq gərəkir. Anlamaq gərəkir ki, Makronun oyununda fiqura çevrilməyi özlərinə rəva bilənləri sonra da cəhənnəm gözləyir, çünki belə oyunlar Ermənistan üçün çox böyük riskdir. Makron özü də bu riski bilir, başa düşür, amma vecinə almır. Deməli, həmin o Makron bilərəkdən Ermənistanı cəhənnəmə sürükləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə