Tarix heç vaxt unudulmur, faciəli hadisələr isə yaddaşlarda əbədi qalır, ta ki bədəli ödənilməyənə kimi, cinayətkarlar cəzalandırılmayana kimi. İş tamam olan insanın içinə bir rahatlıq, bir dinclik gəlir, amma vurulan yara zaman-zaman yada düşür. Xocalı faciəsi, qətliamı, soyqırımı kimi…
1992-ci ilin məhz bu ayında, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birlikləri Qarabağdakı sovet-rus ordusuna məxsus 366-cı alayın canlı qüvvə və texnikalarından istifadə etməklə, demək olar ki, silahsız olan Xocalı sakinlərinin üzərinə hücum edib bir gecədə 613 nəfəri amansızcasına qətlə yetirdilər. minlərlə sakin əsir-girov götürüldü, öldürüldü. Bu qətliam qurbanlarının, əsir götürülənlərin arasında qocalar, uşaqlar, qadınlar əksəriyyət təşkil edirdilər. Ağdama gəlib çata bilən xocalılılar arasında ayaqları, əlləri donan, erməni silahlılarının təqibindən güclə qurtula bilən nə qədər insan vardı. Bəd xəbərin atı yüyrək olar, deyiblər. Amma bu xəbər dünyaya başqa cür çatdırıldı. İnformasiya blokadasında olan Azərbaycan Xocalı şəhərinin başına gətirilən müsibəti dünyaya çatdırmaqda çətinlik çəkirdi. Bəzən hadisəni uydurma kimi qəbul edən tanınmış media qurumları erməni təbliğatına boyun əydiklərini, erməni yalanlarına uyduqlarını gizlədə bilmirdilər.

Bu gün Qarabağda bir ovuc erməni separatçısı qalıb. Onları Ermənistanın və onun arxasında duran qüvvələrin “qurbanlıq qoyun”u adlandıranlar da var. Xankəndi və ətraf qəsəbələrdə, Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərdə yaşayan ermənilərin əksəriyyəti Azərbaycanla müharibədə hərbi cinayətlər törətmiş qeyri-Azərbaycan vətəndaşlarıdır. Onların əksəriyyəti 1988-ci ildən sonar, yəni Azərbaycanla münaqişəyə, separatçılığa başlayandan sonra Qarabağa köçüb gələnlərdir. Yəni, onların Azərbaycanla, azərbaycanlılarla yer, ərazi, torpaq, mülk davası etməyə heç bir hüquqi əsasları, o cümlədən mənəvi haqları yoxdur. 2022-ci ilin avqust ayından Qarabağa Rusiyadan gələn və burada qanunsuz olaraq məskunlaşan “dezertir” (fərari) Ruben Vardanyan da o mənəvi haqqı olmayanlardan biridir.
Bəli, söhbətimizin “can”ı da Vardanyanla bağlıdır. O özünün sosial şəbəkə hesabıbda yazıb ki, Azərbaycan ekoaktivistləri tərəfindən Laçın yolunun “bağlanması” Qarabağdakı ermənilərə qarşı “deportasiya, soyqırımı siyasətidir”. Və bu ikiayaqlı dünya birliyinə çağırış edir ki, “ermənilər qışın sərt soyuğunda və şaxtada qazsız, işıqsız və internetsiz qalıblar, yol bağlı olduğundan Qarabağdan İrəvana gedə bilmirlər. Bu da insan haqlarının pozulmasıdır”. Amma internet davası aparan Vardanyan tarixi unutmamalıdır. Düz 30 il bundan əvvəl candaşı, soydaşı olan ermənilərin Xocalı, Malıbəyli, Cəmilli, Qaradağlı, Qaybalı, Kərkicahan, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam və digər şəhər və kəndlərimizdə törətdikləri vəhşiliklərdən xəbərsizdirmi? Azərbaycanlılara sadəcə yaşamaq haqqı, həyatda qalma haqqı verməyən, onları mülkiyyət hüququndan məhrum edənlərin kimliyini Vardanyan bilmirmi? İnternet, yüksək səviyyəli xidmət tələb edən bir ovuc erməni buna onların haqqının çatıb-çatmadığını da götür-qoy etsinlər. Bu haqqı ruslardan, farslardan, fransızlardan, gürcülərdən amerikalılardan istəməkdə sərbəstdirlər, amma azərbaycanlılardan istəmək... Bu, artıq həyasızlığın ta kəndisidir.
Bu gün ortada sülh müqaviləsi ilə bağlı bəzi müzakirələrin getdiyi barədə fikirlər dolaşır. 44 günlük müharibənin qalibi olan Azərbaycan Ermənistana sülh təklifləri edir. Tarixdə isə yalnız qaliblərin diqtə etdikləri barədə yazılıb. Buna baxmayaraq, Azərbaycan 5 baza prinsipləri üzərində tərtib olunmuş təklifləri Ermənistan tərəfinə göndərib. Ermənistanın uzun çək-çevirdən, müzakirələrdən sonra həmin təkliflərə verdikləri cavabın Türkiyə vasitəsilə Azərbaycana göndərildiyi deyilir. Cavabda nəyin yazıldığından tam olaraq xəbər yoxdur. Nəzərə alsaq ki, bundan əvvəlki sülh təkliflərinə Ermənistandan daha çox pozucu niyyətlər üzərində qurulmuş cavab verilmişdi, budəfəki cavabın da hansı şəkildə olduğunu təxmin edə bilərik. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, əgər sülh müqaviləsində Qarabağın statusu ilə bağlı bənd yoxdursa, o, bir neçə ay sonra ləğv ediləcək: “XİN, eləcə də Nikol Paşinyan aktiv şəkildə Azərbaycanla sülh müqaviləsindən danışırlar. Bununla əlaqədar deyə bilərəm ki, delimitasiya olmadan sülh müqaviləsi imzalamaq yeni milli faciəyə çevriləcək. Ermənistan həmişəlik 2020-2022-ci illərdə “itirdiyi əraziləri” unutmalı olacaq. Azərbaycan tələb etdiyi anklavları alacaq və İrəvan-Mehri yolunu bağlayacaq. Əgər sülh razılaşmasına statusun gələcək müzakirəsi salınmasa, Qarabağ bir neçə ay sonra sadəcə yox olacaq”. Nəzərə alsaq ki, bu şəxs Ermənistanın nə vaxtsa baş naziri olub, burada bir az diqqətli olmalıyıq. Yəni, ermənilərin hər an altına imza atdıqları sənədlərdən çəkiləcəyini, imtina edəcəklərini gözləyə bilərik.

Əvvəlcə Araik Arutyunyan Moskvaya getdi və oradan geriyə, Xankəndiyə qayıtdı və sonra konstitusiya dəyişiklikləri tələb etdi ki, bunun da pərdəarxası məqamları artıq bəllidir. Separatçıların liderindən belə dəyişikliklərə gedilməsini Ermənistanın Baş naziri Nikol Paşinyan tələb etdiyi üzə çıxıb. Onda belə çıxır ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşan, ya da özünü belə göstərməyə çalışan baş nazir Paşinyan Qarabağ separatçıları ilə bağlarını hələ də qoparmayıb. Erməni mediası iddia edib ki, baş nazir Arutyunyanın hakimiyyətinin məhdudlaşdırılmasına nail olaraq, Qarabağdakı xaosu gücləndirmək istəyir. Paşinyanın bu “əməliyyat”ı qondarma rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katib”i Samvel Babayanla apardığı ortaya çıxıb. Babayanın Xankəndiyə getməsi haqda məlumatlar da bu versiyanı sübuta yetirir.
Qarabağdakı separatçıların bir qismi, yəni Arutyunyanın səfində duranlar işlərini rəsmi İrəvanla qurmaqla məsuliyyəti bölüşməyi də yaddan çıxarmayıblar. Vardanyanın yanındakılar isə daha çox beynəlxalq təşkilatlarla işləməyə üstünlük verirlər. Buna görə də Vardanyanın tez-tez xarici televiziyalara verdiyi intervülər qarşı tərəfin narahatlığına səbəb olub. Qondarma qurumun “konstitusiya”sına ediləcək “dəyişiklik” də Moskvanın emissarlarının neytrallaşdırmağa yönəlib. Qərbə meyllənən Paşinyan hakimiyyətinin Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq üçün Qarabağdan başlamasının səbəbini də burada axtarmaq lazımdır. Amma Ermənistan rəhbərliyi bunu bacara biləcəkmi? Azərbaycanın balanslaşdırıcı siyasətini imitasiya etməyə çalışan İrəvanın bunu həyata keçirəcək səviyyədə nə iqtisadi, nə siyasi, nə də hərbi potensialı var.
Ermənistanın hakim dairələri zaman-zaman ATƏT-in Minsk qrupu və, bu qurumun münaqişənin həllində hakim ola biləcəyi barədə yanlış informasiyalar tiraşlayırlar. "Minsk Qrupu formatı tarixin zibilliyinə məhz ABŞ və Fransadan olan həmsədrlərin uydurma bəhanə ilə 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırmasından sonra atılıb. Budur fakt. Onlardan bu cür fəaliyyətə görə başa düşülən izah da gəlməyib. Bunu nəzərə alaraq, biz Bakı və İrəvana üçtərəfli format çərçivəsində yardım etməyə diqqətimizi yönəltdik", - deyə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib. Deməli, Ermənistanın Minsk qrupuna yarınmaq istəyi də “suya düşüb”. Həll yolu yalnız Azərbaycanla dil tapmağa, Bakının qaydalarına boyun əyməyə qalıb.
Fevralın sonuna qədər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri nəzərdə tutulub. Səfərin detalları ilə bağlı hələlik razılıq əldə edilmədiyi qeyd edilib. XİN-dən bildirilib ki, Rusiya sülh müqaviləsinin imzalanması üçün Bakı və İrəvana yardım edir. Mariya Zaxarova deyib ki, Rusiya XİN-in nümayəndəsi İqor Xovayevin bu yaxınlarda Ermənistan və Azərbaycana səfərini xatırladıb və diqqətə çatdırıb ki, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər: "Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm”.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel isə ermənilərin daha çox şikayət etdiyi Laçın dəhlizinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib. O, həm Azərbaycan, həm də Ermənistanla sıx əlaqə saxlanıldığını vurğulayıb. Məlumatda bildirilib ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dəstəyi ilə ali nümayəndə Borrel hər iki tərəflə sıx əlaqə saxlayır. Üçtərəfli bəyanata əsasən, o, sülhməramlı kontingentin nəzarətində olan Laçın dəhlizinə görə Rusiyanın məsuliyyətini qeyd etməlidir. Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərində problemin nəticələrinin aradan qaldırılması üçün ayırdığı humanitar maliyyə vəsaiti 2022-ci il üçün 3.6 milyon avro təşkil edib. Vəsait yerdə fəaliyyət göstərməyə qadir olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi üçün tam səfərbər edilib.
Bəli, Rubenin şikayəti Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində diqqətimizi yenidən faciələrimizə fokusladı. İnternetin kəsilməsinə, təbii qazın az, yaxud tam məhdudlaşdırılmasına etiraz edən ermənilərə Xocalı qətliamını xatırlatmalıyıq. Soyuğu, şaxtalı gecəni meşədə keçirən azərbaycanlılarla Xankəndidəki evində, isti yorğan-döşəyində hiss edən ermənilər arasında fərqi görməzdən gələn bütün ermənilərə bunu çatdırmalıyıq. Çünki hissiyyatı olmayan kim olursa olsun, hadisəyə yanlış çərçivədən baxacaq…
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB