İtaliya-Azərbaycan əlaqələrində BÖYÜK PERSPEKTİV – TƏHLİL

İtaliya-Azərbaycan əlaqələrində BÖYÜK PERSPEKTİV – TƏHLİL

Müstəqilliyini yenidən bərpa etdiyi dövrdən başlayaraq ölkəmizin İtaliya ilə də ikitərəfli münasibətləri qurulub və zaman keçdikcə bu münasibətlər yüksək səviyyəyə doğru inkişaf edib. Hazırda Azərbaycanın İtaliya ilə dərin əlaqələri var və bu əlaqələr heç də təsadüfi deyil. Təbii ki, neft-qaz sahəsindəki layihələrin xüsusi əhəmiyyəti var və bu da ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirməkdədir. Ölkə rəhbərimizin, cənab Prezindent İlham Əliyevin də qeyd etdiyi kimi, son bir ayda İtaliyanın üç nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.
Göründüyü kimi, Azərbaycan-İtaliya münasibətləri möhkəm təməllər üzərində qurulub və qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Bu baxımdan da ölkələrimiz arasında olan həmin o möhkəm təməllər üzərində qurulan münasibətlər getdikcə daha da yaxşılaşmaqdadır. Ölkələrimizin bu münasibətlərdə maraqlı olduğu da təkzib edilə bilməz. Hər iki ölkənin strateji tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində nümayiş etdirdiyi səylər göz önündədir və illərdir ki, biz bunun əyani şahidiyik. Heç şübhəsiz ki, bu səylər də əbəs yerə deyil və bu da təkzib edilə bilməz ki, iki ölkə arasında olan münasibətlər dövlətlərarası əlaqələrin bütün istiqamətlərində öz bəhrəsini verməkdədir.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olması İtaliya tərəfindən mövqeyimizin beynəlxalq platformalarda daim dəstəkləndiyində də özünü göstərib. Bu gün də bu əlaqələr TAP və CQD kimi önəmli layihələrdə belə davam etməkdədir. İtaliya üçün Azərbaycan çox önəmli bir ölkədir və bizimlə ikitərəfli əlaqələrə üstünlük verildiyi göz önündədir. İtaliya bizim təkcə ənənvi enerji resurslarımızla deyil, həmçinin alternativ enerji bazarlarında oynayacağımız rolla da maraqlanır. Azərbaycan-İtaliya əlaqələri hətta Qərb üçün belə böyük imkanlar deməkdir. İtaliya şirkətlərinin Qarabağın yenidən qurulmasında ciddi şəkildə iştirak etməsi də sıradan bir hal və eyni zamanda təsadüfi hesab oluna bilməz, bu, həmin imkanların düzgün dəyərləndirilməsi, eləcə də ölkəmizə olan marağın bariz nümunəsidir. İtaliyanın "Iveco" şirkətinin artıq azad olunmuş ərazilərdə özünün, yük maşınları istehsal edəcək müəssisələrinin yaradılmasına start verməsi ikitərəfli əlaqələrin bundan sonra daha dinamik inkişaf edəcəyindən xəbər verir. Artıq bundan sonra bir neçə istiqamətdə, ələlxüsus bərpa olunan enerji, kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq, elm və təhsil, mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri barədə daha nikbin proqnozlar verilir.
Müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi və bu mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun iştirakı, eləcə də çıxışı ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf tendensiyasından xəbər verir. “Biz Azərbaycanın tarixi dostuyuq”, deyə bəyan edən italiyalı nazir əslində bununla ölkələrimiz arasında əlaqələrin hansı səviyyədə, hansı müstəvidə olduğunu diqqətə çatdırır. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakıda qəbul olunmasını, eləcə də bundan cəmi iki il sonra, yəni 2020-ci ildə Azərbaycan Prezidentinin Romaya səfərini, həmin ilin İtaliyada Azərbaycan mədəniyyətinin mühüm ili olduğunu Adolfo Ursonun diqqətə çatdırması Bakı ilə Roma arasında xüsusi münasibətlərə onun böyük inamla yanaşdığını göstərir. “İki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq", deməsi isə, italiyalı nazirin ölkələrimiz arasında olan münasibətlərin böyük perspektivləri barədə əminliyindən xəbər verir.
İtaliya Avropa İttifaqının bizim üçün ən önəmli tərəfdaşıdır. Bu baxımdan da İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması və inkişaf etməsi həddindən artıq dərəcədə vacibdir. Ölkəmizin ən böyük ticarət partnyoru sayılan İtaliya ilə Azərbaycan arasında münasibətlərin çox möhkəm təməlləri var və məhz həmin təməllər üzərində də əlaqələr sürətlə inkişaf etməkdədir. İnkişaf etmiş sahələr arasında enerji təhlükəsizliyi ön planda durur və bu baxımdan da Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi, eləcə də gələcəkdə davam etdirilməsi İtaliyanın özü üçün belə olduqca vacib hesab olunur. Nəzərə almaq lazımdır ki, Cənub Qaz Dəhlizinin sonuncu ünvanı məhz İtaliyadır və bu həm də o deməkdir ki, Azərbaycanla İtaliya arasında münasibətlərin daha dinamik şəkildə, özü də davamlı olaraq inkişaf etdirilməsi eyni zamanda bütövlükdə Avropa üçün də maraqlıdır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər, xüsusən də Avropa ölkələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir, respublikamızla müxtəlif sahələri əhatə edən tərəfdaşlıqların inkişafına böyük önəm verirlər.
İtaliya Azərbaycanın Avropada böyük ticarət və ixracat tərəfdaşıdır. Hətta pandemiya dövründə belə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin əvvəlki dövrdən aşağı olmaması, həmin dövrdə bir çox ölkələrin ticarət göstəricilərinin aşağı düşməsi fonunda vəziyyətin Azərbaycan və İtaliya arasındakı iqtisadi əlaqələrə təsir etməməsi bir çox məqamlardan xəbər verir və sadalananları təsdiq edir. Cənubi Qafqaz ölkələri ilə İtaliya arasında aparılan ticarətin 90 faizdən çoxunun Azərbaycanın payına düşməsi özü də təsdiq edir ki, həmin ölkələr arasında İtaliyanın ən iri ticarət tərəfdaşı məhz Azərbaycandır. Ölkəmizdə sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkətinin fəaliyyət göstərməsi özü belə təsdiq edir ki, İtaliya Azərbaycanla əlaqələri inkişaf etdirmək və bu əlaqələri, münasibətləri davam etdirmək marağındadır. Deməli, cəsarətlə deyə bilərik ki, ölkələrimiz arasında tərəfdaşlıq bundan sonra da davam edəcək. Xatırladaq ki, cənab Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsi zamanı iki ölkə arasında tərəfdaşlığın uğurla həyata keçirildiyini bildirib. Ölkə rəhbərimiz qeyd edib ki, Avropa ittifaqı ilə Azərbaycanın yaxınlaşması da İtaliya dövləti üçün olduqca vacib haldır və bu səbəbdən də hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. Deməli, ölkəmiz üçün bu yaxınlığın hər mənada, xüsusən də siyasi baxımdan böyük önəmi var.
Göründüyü kimi, İtaliya həmçinin siyasi siferada belə Azərbaycanla çox yaxşı münasibətlər qurmaqda maraqlıdır və bu münasibətlər qurulub da. İtaliya ilk növbədə hərbi, təhlükəsizlik məsələlərində hər zaman konstruktiv mövqedə olub. Bundan əvvəl də İtaliya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etməsinin səbəblərindən biri, özü də ən əsası ondan ibarət olub ki, İtaliya Ermənistanın işğalı nəticəsində beynəlxalq hüququn pozulması məsələsində həmişə, hər zaman obyektiv mövqedə olub. Bu fakt isə Azərbaycan tərəfindən yüksək qiymətləndirilir və bu baxımdan da çəkinmədən deyə bilərik ki, İtaliya ilə münasibətlərin daha da inkişaf etdirilməsi üçün bundan sonra da imkanlar genişdir, böyük perspektivlər gözləniləndir və buna xüsusi diqqətlə yanaşmaq gərəkir. Xüsusən də Avropa İttifaqının bir sıra ölkələrinin Azərbaycana qarşı ədalətsiz mövqe, eləcə də ikili standartlar konteqstində İtaliya, Macarıstan və bir sıra ölkələrlə münasibətləri inkişaf etdirmək çox vacib hesab olunur. İtaliyanın bu zamana qədərki mövqeyini nəzərə aldıqda isə görürük ki, bu Avropa ölkəsi həmin sırada birincidir. Çünki İtaliya istər torpaqlarımızın işğal altında olduğu vaxtda, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də postmüharibə dövründə ölkəmizə qarşı ədalətli mövqe sərgiləyən, dövlətlərarası münasibətlərdə ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını, suverenlik kimi beynəlxalq hüququn fundamental norma və prinsiplərini əsas götürən ölkə olaraq Azərbaycanın xarici siyasətində önəmli yer tutur. Unutmaq lazım deyil ki, İtaliya parlamentarilərinin 44 günlük müharibədən qısa müddət sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmələri, İtaliya mediasının müharibə, eləcə də müharibənin nəticələri, həmçinin Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri, vandalizm aktları barədə obyektiv, ədalətli mövqe sərgiləməsi iki ölkə arasındakı bağların möhkəmliyindən, bundan sonra da həmin münasibətlərin heç bir kənar təsirlərə məruz qalmadığından xəbər verir.
Təsadüfi deyil ki, Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur və ölkələrimizi dostluq, əməkdaşlıq əlaqələri bağlayır. Münasibətləri ortaq faydalı tərəfdaşlıq xarakteri daşıyan tərəflərin, həm İtaliyanın, həm də Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir desək, yanılmarıq. Bu xüsusda ölkə başçısının, cənab Prezident İlham Əliyevin ötən il İtaliyaya işgüzar səfəri münasibətlərin inkişafında əlbəttə ki, böyük əhəmiyyət kəsb edib. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi, qarşılıqlı faydalılığa əsaslanan yeni əməkdaşlıqların əsasının qoyulması, sözsüz ki, münasibətlərin, əlaqələrin daha da yaxşılaşdırılması, dinamik inkişaf etdirilməsi, eləcə də davamlılığı baxımından xüsusilə qeyd edilməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə