Cənub Qaz Dəhlizi gələcək planlarımız üçün aydın yol xəritəsidir ŞƏRH

Cənub Qaz Dəhlizi gələcək planlarımız üçün aydın yol xəritəsidir ŞƏRH

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, - mən, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də buraya əlavə edərdim, - onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir. Azərbaycanın təbii qazının Avropaya daha böyük həcmdə çıxarılması üçün 2013 cü ilin dekabrında bir sıra Avropa dövlətlərinin nümayəndələrinin iştirakı ilə müqavilə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “XXI əsrin müqaviləsi” adlandırdığı bu sənəd TANAP, TAP boru kəmərlərinin tikintisini reallığa çevirdi. Eyni zamanda, Xəzər dənizindən İtaliyaya doğru, Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olan yeni “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaratdı. Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Əslində isə layihədə iştirak edən dövlətlərin IX görüşü baş tutmuşdur. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək qeyd etmişdir ki, sonuncu-səkkizinci görüşdən az müddət keçsə də, bu müddətdə dünya düzənində çox mühüm dəyişikliklər baş vermiş, enerji təhlükəsizliyinin hər bir ölkə üçün əhəmiyyəti artmışdır. Xüsusən, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, Avropada enerji təhlükəsizliyi məsələsi gündəmə gəlmişdir. Bu qlobal problemin aradan qaldırılması üçün çox ciddi səylər göstərilməlidir. Bu məsələdə Cənub Qaz Dəhlizinin roluna toxunan Prezident demişdir: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var”.

Bu nəhəng layihənin icrası üçün qarşılıqlı etimad və həmrəyliyin vacibliyini qeyd edən cənab İlham Əliyev ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Azərbaycan Prezidenti tərəfindən imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum” un əhəmiyyətini qeyd etmişdir: “...O, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir. Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur”.

Məşvərət Şurasının son toplantısı göstərdi ki, siyasi iradə, müdrik siyasət öz sözünü demiş və deməkdə davam edir. Cənab İlham Əliyevin uzaqgörən siyasəti bundan sonra da Azərbaycanın enerji strategiyasının uğurla həyata keçirilməsini təmin edəcəkdir.

Məcid Əhmədov

YAP Pirallahı rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə