Azərbaycan-Rumıniya strateji tərəfdaşlığında yeni mərhələ TƏHLİL

Prezident İlham Əliyev: "Müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir"

Dünya dövlətləri ilə Azərbaycanın müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Son 19 ildə Cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Münasibətlərin tarixi ötən əsrləri əhatə edir və bu münasibətlərin əsası mənbələrdə qeyd olunduğu kimi, hələ XV əsrdə qoyulub. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətlərarası ikitərəfli münasibətlərin coğrafiyası genişlənmiş və Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanımışdır. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmiş və Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Ulu Öndər Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 1996-cı ilin martında Rumıniya Prezidenti İon İliyesku Azərbaycana rəsmi səfərə gəlmiş və səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, hava əlaqələri, ticarət gəmiçiliyi, beynəlxalq avtomobil daşımaları haqqında və digər sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Qarşılıqlı əlaqələrin təzahürü olaraq 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılmışdır. 1998-ci il iyunun 29-da Rumıniya Prezidenti Emil Konstantinesku Heydər Əliyevin dəvətilə Azərbaycana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında dostluq münasibətlərinin və tərəfdaşlığın inkişafı haqqında" bəyannamə imzalanmışdır.

"SİYASİ ƏLAQƏLƏRİMİZ ÇOX YÜKSƏK SƏVİYYƏDƏDİR VƏ QARŞILIQLI SƏFƏRLƏR BUNU BİR DAHA GÖSTƏRİR"

Ulu Öndərin siyasi kursunu bu gün uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir çox dünya ölkələri ilə yanaşı, Rumıniya ilə də dostluq əlaqələrini uğurla inkişaf etdirir. 2004-cü ildə İlham Əliyevin Rumıniyaya rəsmi səfəri və səfər çərçivəsində "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması münasibətlərin genişlənməsinə geniş imkanlar açdı. Beləliklə, qarşılıqlı səfər və görüşlər ölkələr arasında siyasi - iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etməsinə səbəb oldu. Prezident İlham Əliyev çıxışlarının birində ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş" və digər sənədlər dövlətlərarası münasibətlərdə körpü rolu oynayıb.
Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri münasibətlərin daha da inkişafına söykənir. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti diqqətə çəkilib.
Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinə önəm verilib. Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalanmışdır. Bu gün regionda böyük gücə malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.

"ENERGETİKA, ƏLBƏTTƏ Kİ, TƏKCƏ RUMINİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN YOX, BÜTÖVLÜKDƏ DÜNYA GÜNDƏLİYİNİN MƏRKƏZİNDƏ OLAN MƏSƏLƏDİR"

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri bu əlaqələrin yüksələn xətlə inkişafına, dostluq münasibətlərinə söykənir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər zamanı dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalayıblar.
Bu Sazişin imzalanması ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Bu Azərbaycanın Mərkəzi Asiya ilə bağlılığını artıracaq. Bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcəkdir. Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti mühüm əhəmiyyətli bir layihədir.
Cari ilin fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannisin mətbuata bəyanatlarla çıxışı zamanı, dövlət başçımız "Biz keçən ay Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir", - deyə bildirib. Cənab Prezident onu da qeyd edib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər: "Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır… Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir". Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər.
Rumıniya strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırdır. Qeyd etdiyimiz kimi, Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. 2023-2024-cü illərdə ruminiyaya əlavə qaz nəql ediləcək. "Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir", - deyə Prezident qeyd edib.

"BİZ TİCARƏT DÖVRİYYƏMİZİN ŞAXƏLƏNDİRİLMƏSİ ÜÇÜN ƏLAVƏ ADDIMLAR ATACAĞIQ"

Cənab Prezident ticari-iqtisadi sahələrdə də nəticələrə nəzər salıb. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil, -eyən Azərbaycan Prezidenti ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini diqqətə çatdırıb: "Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər. Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir".
Bütün bunlarla yanaşı, Azərbaycan Ruminiya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar var. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaqdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə