“İran Ermənistanla eyni siyasəti yürüdür” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın İrandakı Səfirliyində törədilmiş terror hadisəsi bir daha İranın Azərbaycana qarşı apardığı düşmənçilik mövqeyinin sübutudur. Hadisədən dərhal sonra terrorçunu mətbuat qarşısına çıxararaq hadisənin məişət zəminində baş verdiyini deməsi, daha sonra onu ruhi xəstə olması adı ilə ruhi xəstəxanaya yerləşdirməsi İran xüsusi xidmət orqanlarının əvvəlcədən hazırladığı plan olduğuna əsas verir.
İran XİN- in mətbuat xidmətinin də terrorçunun dediyi fikirləri söyləməsi bu hadisənin arxasında İran rəsmilərinin dayandığını sübut edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.


Onun sözlərinə görə, İranın Azərbaycana qarşı yeritdiyi siyasət Ermənistan siyasəti ilə eynidir: “İran da Azərbaycanın ərazi bütövlüyünə təhdidlər yaradır və soydaşlarımızı qətlə yetirir. Buna daha bir sübut bir neçə gün bundan öncə İranın Cənubi Azərbaycan əyalətlərində baş vermiş güclü zəlzələ nəticəsində İran hakimiyyəti tərəfindən azərbaycanlılara qeyri-insani, düşmənçilik münasibəti göstərməsidir”.

Deputat sözlərinə belə davam edib: “Evləri dağıdılmış minlərlə azərbaycanlıya bu şaxtalı soyuq havada heç bir yardım göstərilmir. Uşaqlar, qocalar qadınlar acından və soyuqdan zülm çəkirlər. Azərbaycanlıların yaşadıqları digər əyalətlərdən yardım gətirmək istəyən insanlar da incidilir yardım çatdırılmasına maneçilik törədirlər. Bu, artıq insanlığa qarşı törədilən bir cinayətdir.
Bu gün İran Ermənistandan başqa bütün qonşu dövlətlərlə düşmənçilik siyasəti aparır. İran rejimi başa düşməlidir ki, bu cür siyasət sonda hakimiyyətlərinin sona çatması ilə nəticələnə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə