İrəvanda və Xankəndidə rusofobiya meyilləri artır ŞƏRH+AKTUAL

“Kremlyovskaya praçka” yazır: “102-ci baza olub, var və olacaq, hətta erməni banan respublikasını baş-ayaq edərək onu silkələmək tələbi yaranarsa belə...”

Rusiyanın nüfuzlu “Kremyovskaya praçka” analitik teleqram kanalı növbəti dəfə Ermənistanda artan anti-Rusiya meyilləri barədə sərt yazı ilə çıxış edib. Yazıda bildirilir ki, erməni radikalları Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında keçirdikləri mitinqlərinə sanki işə gedirmiş kimi yollanırlar. Belə ki, növbəti mitinq günü də istisna deyil. Adıçəkilən kanalın yazdığına görə, əgər rus hərbçiləri olmasa idi banan respublikasının bədbəxt mövcudluğu çoxdan qeyri-mümkünlüyə çevrilərdi: “Lakin sabit olaraq, təxminən həftədə bir dəfə rusiyalı əsgərlər degeneratların müxtəlif rusofob çığır-bağırlarını eşitməli olurlar. Onların şüarları dəyişmir. Rusiyanı əsassız qaydada” Laçın dəhlizinin blokadadan çıxara bilməməkdə, bacarıqsızlıqda, acizlikdə” ittiham edirlər. “Desertə” isə rusiyalı sülhməramlıların Qarabağdan çıxarılmasını və 04436-cı hərbi hissəni bağalanmasını tələb edirlər”.

“Əgər Paşinyan həqiqətən də “Moskvanın agenti” olsaydı, çətin ki, rusofob erməniciklər mütəmadi şəkildə belə var-gəllər edərdilər”

“Görünür, rəsmi İrəvan marginallara himayədarlıq edir”, yazan “Kremlyovskaya praçka”ya görə, bunun müqabilində aksiyada “Kreml Nikolun ağasıdır” plakatlarını görmək gülünc təsir bağışlayır: “Sözdə “milli-demokratik qütbü”nün simbiozu və erməni hökuməti bu cür uşaq oyunu cəhdləri ilə hansısa gözləri yayındırdıqlarını real olaraqmı düşünürlər? Əgər Paşinyan həqiqətən də “Moskvanın agenti” olsaydı, çətin ki, rusofob erməniciklər mütəmadi şəkildə belə var-gəllər edərdilər”.

Kanal yazır ki, burada ikili oyun ola bilməz. Belə ki, “qardaş xalqlar” haqqında “nəğmələr” oxunsa da, Ermənistan Qərbin əl oyuncağına çevrilib: “Görünür, kuratorları tərəfindən Rusiyaya məxsus hərbi obyektlərin funksiyalarının və imkanlarının məhduduluğu, ardınca isə onların qovulması ilə bağlı erməni əhalisinin beyinlərin yuyulması prosesi öz bəhrələrini verməyə başlayıb. Lakin onlar və onlara satılmış İrəvanın cəhdləri havayıdır. Rusiya hərbçilərinin Gümrüdəki mövcudluğu Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təmin edən mühüm amildir. Ona görə də 102-ci baza olub, var və olacaq, hətta erməni banan respublikasını baş-ayaq edərək onu sirkələmək tələbi yaranarsa belə”.

Qarabağdakı separatçılar RSK-ya şər atmağa başlayıb (?)

Bu arada onu da xatırladaq ki, rusofobiya faktı artıq Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinə qarşı da artmağa başlayıb. Onlar RSK rəhbərliyini hədəfə almaqla iddia edirlər. Guya Ermənistandan Xankəndiyə göndərilən humanitar yüklər arasında kompüterlər, planşetlər və s. avadanlıqlar olub, rusiyalı sülhməramlılar isə həmin avadanlıqları mənimsəyərək ermənilərə vermirlər. Üstəlik, sonradan əlavə maddi vəsaitlər tələb olunub ki, avadanlıqlar Xankəndiyə aparılsın, amma ermənilər buna razılıq verməyəndən sonra RSK təmsilçiləri bəyan ediblər ki, həmin avadanlıqlar yolda gətirilərkən sıradan çıxıblar və s.

Beləliklə, artıq Ermənistandakı anti-Rusiya meyilləri Qarabağdakı separatçılara da sıçrayıb və belə bir faktın ortaya çıxması, əslində, erməni tərəfinin çıxılmazlığını isbatlayır. İstər Ermənistanın baş naziri Nikol Paşinyan olsun, istəyir XİN başçısı Ararat Mirzoyan olsun, istəyirsə də Qarabağdakı məngənədə sıxışıb qalmış Ruben Vardanyan və digər cinayətkar rejim təmsilçiləri olsun – onların vaxtları tükənib. Son çırpınışlar isə əlbəttə ki, nəticəsiz qalacaq!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə