Səfirliyimizə terror hücumu sifarişlidir ŞƏRH

Azərbaycanın Tehran şəhərindəki səfirliyinə edilən silahlı hücum terror aktıdır. Azərbaycan Prezidenti İlham Əliyev hadisəyə münasibət bildirərək səfirliyimizə hücumu, məhz terror aktı kimi qiymətləndirib. Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması davamlı xarakter almışdı. Həmin kampaniyanın nəticələrindən biri də bu terror aktının baş verməsidir.

Ümumiyyətlə, İranın Azərbaycana qarşı qərəzli münasibətinin, etdiyi təhdidlərin müəyyən səbəbləri var. Bu da ondan ibarətdir ki, öz ərazilərini erməni işğalından azad edən Azərbaycanın həm regionda, həm də dünyada mövqelərini güclənib. Eyni zamanda, dövlətimiz regionda sülh və əməkdaşlıq müstəvisində önəmli təşəbbüslərlə çıxış edir. Bütün bunlar rəsmi Tehranı narahat edir. İran hakimiyyətinin bir müddətdir ki, ölkəmizə qarşı qərəzli, təhdid dolu münasibəti də buradan qaynaqlanır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə terror hücumu ciddi suallar doğurur.

Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi hadisəyə rəsmi münasibət bildirib. Eləcə də, bir çox dövlətlər bu terror aktını kəskin şəkildə pisləyiblər. Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi. İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Xarici İşlər Nazirliyinin bəyanatında İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılması tələb edilir. O cümlədən, hadisə ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Təəccüb və təəssüf doğuran hal odur ki, Tehran polisi cinayətin məişət zəminində baş verməsinə dair açıqlama verdi. Amma bu yanaşma tamamilə əsassızdır. Bu açıqlama cinayətin dəqiq səbəblərini gizlətməyə xidmət edir. Artıq terror hücumunun videogörüntüləri də yayılıb. Hadisə obyektiv araşdırılmalı və bütün cinayətkarlar layiqli cəzalarını almalıdırlar. Bu, sıradan cinayət deyil, bu terror cinayətini törədənlərin və onun sifarişçilərinin tezliklə tapılıb cəzalandırılması üçün İran tərəfi lazımi addımlar atmalıdır. Terror hücumu nəticəsində həlak olmuş soydaşımızın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa arzulayıram.

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə