İranın iyrənc terror cinayəti ŞƏRH

Yanvarın 27-də səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Bu fakt İranın beynəlxalq öhdəliklərə həqarət etdiyinin və Azərbaycana qarşı xəyanətkar missiyasını iyrənc formada davam etdirdiyinin növbəti sübutudur. İranın dövlətçilik tarixində müxtəlif xarici dövlətlərin rəhbərlərinə, diplomatik nümayəndələrə qarşı terror hadisələri törətdiyi hər kəsə məlumdur. Bu gün də bu rəzil siyasət davam etdirilir.
Belə bir addım vaxtilə xristian dövlətlərinin İrandakı diplomatik nümayəndəliklərinə qarşı atılıbsa, bu gün artıq dini bir olan müsəlman dövlətlərinə də qarşı həyata keçirilir. İslam dəyərlərini yüksək tutan Azərbaycan dövləti və xalqı islam pərdəsi altında gizlənən riyakar İrandan növbəti gözləmədiyi zərbəni də aldı. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın ermənilər tərəfindən işğalı zamanı riyakarlıq edən İran öz yoluna yenə də sadiq qaldı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün öz qalibiyyət dövrünü yaşayan Azərbaycan dövləti bütün bu sınaqlara mətanətlə sinə gərəcək. Qəhrəman Azərbaycan xalqı öz dövlətini qoruyacaq, Prezidentimizin həyata keçirdiyi müstəqil siyasətin əbədiliyini təmin edəcəkdir. Çünki Azərbaycanda dövlətlə xalqın sarsılmaz birliyi mövcuddur.
Terrorçunu zərərsizləşdirən qəhrəman Azərbaycan övladı əslində təkbaşına bütün dünyaya Azərbaycanın, xalqımızın və millətimizin terror qarşısında gücünü göstərdi. Bu gün dünya insanı Azərbaycan övladının cəsarətinə heyranlığını gizlədə bilmir. Biz Şuşanı da, Kəlbəcəri də, digər torpaqlarımızı da məhz bu qəhrəman övladlarımızın sayəsində azad etdik. İranın törətdiyi terror əməlinin qarşısında tək bir azərbaycanlı belə dayana bilər – biz, əslində, bütün dünyaya bunu bir daha nümayiş etdirdik.
Dünyanın bütün tərəqqipərvər insanları kimi biz də uzun müddət terrordan əziyyət çəkən ölkə və xalq kimi İranda səfirliyimizə qarşı baş verən terroru kəskin şəkildə pisləyirik. Buna öz etirazımızı bildirir və İrandan terror hücumu ilə bağlı üzr tələb edirik. İnanırıq ki, dünya birliyi bu məqamda bizimlə olacaq və İrana bu terror aktından dolayı öz nifrət və etirazını bildirəcək.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə