Avropa Parlamenti adi hüquqdan da bixəbərdir (?!) TƏRS BAXIŞ+ÖZƏL

Yaxud, qurumun Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Marina Kalyurandın məqsədi nədir?

Avropa Parlamentinin növbəti dəfə Azərbaycan əleyhinə qətnamə çıxarması və xüsusilə adıçəkilən qurumun Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, əslən Estoniyadan olan Marina Kalyurandın əsassız ittihamları bir daha göstərir ki, sanki Avropa Parlamenti əvvəl-başdan öz üzərinə belə bir missiya götürüb: istənilən halda Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası aparmaq və bu kampaniyada birtərəfli mövqe nümayiş etdirməklə, yaxud Ermənistanın işğalçılıq siyasətinə don geyindirmək vasitəsi ilə Qarabağdakı separatizmi dəstəkləmək!

Estoniyada yaşayan ruslar Marina Kalyuranddan tələb etsələr ki...

Beləliklə, Avropa Parlamentinin nədənsə erməni lobbisinin ətəyindən bərk-bərk yapışan deputatları rəsmi Bakının tam hüquqi əsasda irəli sürdüyü bəyanatına don geyindirməyə çalışır. Nədir ki, rəsmi Bakı bildirib – Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edərək ölkənin digər vətəndaşları kimi bütün hüquqlara malik olmalı, ya da ölkə ərazisini tərk etməlidirlər. Maraqlıdır, görəsən Estoniyada yaşayan ruslar Marina Kalyuranddan tələb etsələr ki, onlara müstəqillik verilsin və ruslar eston qanunlarına tabe olmayaraq özlərinə məxsus qanunlarla yaşamağa başlasınlar – o, buna razı olarmı?

Onu da qeyd edək ki, Marina Kalyurand təhsilinə görə hüquqşünasdır və həmin təhsilinə görə ən azından bilməlidir ki, onun separatçıları dəstəkləməsi ciddi şəkildə miqrasiya qanunlarına ziddir, üstəlik, istənilən ölkədə separatizmi bu və ya digər üsullarla dəstəkləmək həmin ölkələrin qanunları tərəfindən cinayət kimi qəbul olunur. Eləcə də, xanım Kalyurandın vətəni Estoniyada da. Hərgah belə bir cəhdlər olsa belə, separatizmə meyilli şəxslər minimum deportasiyaya məruz qalırlar, maksimum isə cinayət məsuliyyətinə cəlb edilirlər.

Ona görə də, estoniyalı başbilən xanım həqiqəti dərk etməli və bilməlidir:

1.Hazırkı məqamda Azərbaycan Respublikasının Qarabağ regionunda qalan və Rusiya sülhməramlıları kontingentinin müvəqqəti nəzarəti altında olan ermənilər Azərbaycan Respublikasının qanunlarına tabe olmadıqlarına görə ölkənin miqrasiya-viza qanununu pozmuş olurlar.

2.Azərbaycan rəhbərliyinin həmin erməniləri ya ölkə vətəndaşlığını qəbul etməli, ya da ərazilərimizdən çıxmalı olduqlarını bildirməsi qanunauyğun tələbdir. Üstəlik, həmin ermənilərin hazırkı dövrə qədər qanun pozuntularının belə üzərindən keçilir ki, bu faktın özü də Azərbaycan dövlətinin Qarabağ ermənilərinə verdiyi böyük və humanizm prinsiplərinə söykənən imtiyazdır!

3. Və bu gün “Dağlıq Qarabağ Respublikası” adlanan qurum heç bir halda hüquqi qüvvəyə malik deyil. Çünki həmin qondarma qurumu nəinki dünya birliyi, heç Ermənistanın özü də tanımır. Bu baxımdan, orada yaşayan və fəaliyyət göstərənlər də hazırda qanun pozucularıdırlar.

Avropa Parlamenti sadəcə sözdə “insan haqlarından” dəm vurur, reallıqda isə insan haqları onların marağında olmayan bir məsələdir

Bu gün Azərbaycana tərəf dil uzadan xanım Marina Kalyurand təəssüf ki, 30 il işğala, talana, şəhər və kəndlərinin yer üzündən silinməsinə, maddi-mənəvi irsinin dağıdılmasına, yüz minlərlə azərbaycanlının öz evlərindən-eşkilərindən qovulmalarına əhəmiyyət verməyənlərdən biridir və belə görünür ki, Avropa Parlamenti sadəcə sözdə “insan haqlarından” dəm vurur, reallıqda isə insan haqları onların marağında olmayan bir məsələdir. Halbuki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla elə onun öz ölkəsi – Estoniya da tanıyır!

Və biz yalnız Qarabağdan deyil, Ermənistandan zor-güc yolu ilə qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasından, öldürülməsindən, vəhşiliklərə məruz qalmasından danışmırıq. Danışmırıq ki, birdən xanım Kalyurandın və digər avroparlament deputatlarının “xətirlərinə” dəyər...

Korrupsiyaya bulaşmış Avropa Parlamenti: Marina Kalyurand erməni lobbisinin pullarına satılıb (?)

Sonda – Ermənistanın qanunsuz hərbi birləşmələrinə məxsus silahlılar, texnikalar bu gün də Qarabağda qalmağa davam edir. Məhz Laçın yolu vasitəsi ilə çoxsaylı minalar RSK-nın nəzarətindən keçirilərək sonradan Azərbaycana qarşı işlədilib. Ölən və yaralananların, əlil qalanların sayı isə 2020-ci ilin 10 noyabrından sonra yüzlərlə ölçülür. Bəs bu barədə niyə danışılmır?

Görəsən, Marina Kalyurand ağına-bozuna baxmayaraq, ağlına gələni dilinə ötürürsə, təkcə bu faktın özü belə qənaətə gəlməyə zəmin yaratmırmı ki, o Avropadakı erməni lobbisinin pullarına satılıb? Və ya bir müddət əvvəl kirli korrupsiya əməli ilə ifşa edilən Avropa Parlamentinin rəsmiləri bu rüsvayçılıqdan nəticə hasil etməyiblərmi?

Etməyiblərsə, bu zaman həmin qurumun Marina Kalyurand timsalındakı deputatlarının nə demələrinin, hansı qərar vermələrinin də Azərbaycan dövləti və xalqı üçün heç bir əhəmiyyəti yoxdur!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə