“Azərbaycan mövqeyində israrlıdır” – DEPUTATIN ŞƏRHİ

“ABŞ Azərbaycanı regionun, Cənubi Qafqazın aparıcı dövləti hesab edir, Bakı ilə bütün məsələləri müzakirə edir və ölkəmizin qərarları ilə razılaşır. Ermənistanla Azərbaycan arasında sülhün yaranmasında atılan addımlarda, görülən işlərdə rəsmi Vaşinqtonun tutduğu mövqe digər aktorlardan fərqlidir. Azərbaycanın ABŞ-la birgə həyata keçirdiyi layihələr regionda və dünyada sülhün təmin edilməsində kifayət qədər rola malikdir. Əfqanıstanda və Kosovoda həyata keçirilən sülhməramlı missiyada Azərbaycanı yaxından iştirakı ABŞ tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizin loqistik imkanlarından ABŞ-ın Əfqanıstan kampaniyasının sonunda geniş şəkildə istifadə edilməsi unudulmamalıdır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon söhbəti zamanı Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlıq keçirməsinin bəzi səbəbləri var: “Əvvəla Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiq olduğunu büruzə vermək istəyir. Həm də Cənubi Qafqazdakı münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda aparıcı rola malik olduğu görüntüsünü yaradır. Əlbəttə, bizim üçün sülhün yaranması vacibdir və bu təşəbbüslər alqışlanmalıdır. Amma sülhyaratmada iştirak edənlər nə qədər səmimi və ciddidirlər, artıq bu, böyük sualdır. Prezident İlham Əliyev Blinkenin Laçın-Xankəndi yolunda baş verənlər barədə dediklərinə cavabı maraqlı və tutarlı olub. Cənab Prezident hər hansı blokadanın olmadığını qeyd edib və 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir. Qeyd olunub ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti bir daha regionda baş verənlər barədə daha obyektiv fikirlər səsləndirib, ABŞ rəsmisinin təsəvvür etdiyi siyasi mənzərənin heç də Ermənistan rəhbərliyinin təsvir etdiyi kimi olmadığını diqqətə çatdırıb. Bütün bunlara rəğmən Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə