20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir ŞƏRH

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir ŞƏRH

Tarix boyu dünya xalqlarının taleyinə həm faciəli, həm də qəhrəmanlıq günləri yazılıb. Lakin nadir hallarda bu iki məqam üst-üstə düşür. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 33 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların əziz xatirəsi bizim hər birimizin qəlbində əbədi yaşayır.1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan töksədə öz istəyinə çata bilmədi.Həmin dövürdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. İmperiyanın paytaxtında - bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda - öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla birgə yaşayır.

20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi daim ulu öndər Heydər Əliyevi düşündürürdü. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Heydər Əliyev bu barədə belə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər həyata keçirdi. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsini və müavinət təminatını da daim diqqət mərkəzində saxladı, Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi.Bu gün Ümummili lider Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Prezident İlham Əliyevin fərmanı ilə “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmana edilən dəyişikliyə əsasən təqaüdün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilmişdir (əvvəl 500 manat təşkil edirdi).Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb.Biz 20 Yanvar Şəhidlərini qürurla yad edirik. Ona görə də biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi yox, o günü həm də xalqımızın qəhrəmanlıq səlnaməsi kimi qiymətləndiririk. Müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoyan 20 Yanvar şəhidlərinin əziz xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə