Azərbaycan Qırğızıstan münasibətləri: 30 illik strateji tərəfdaşlıq müstəvisində TƏHLİL
Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Ölkəmizin türkdilli dövlətlər arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qırğızıstanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Qırğızıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Ötən 30 il ərzində Azərbaycan və Qırğıstan çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, genişləndirməyə, münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməyə nail olub. Qeyd edək ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Bu gün dövlətlərarası diplomatik əlaqələrin qurulmasından 30 il ötür. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Bu gün Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Azərbaycanlılar əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlamışlar.
Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Cənab İlham Əliyevin mühüm rolu var. 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyinin açılması, 18 yanvar 2008-ci ildə isə Qırğızıstanın Azərbaycana yeni səfir təyin etməsi deyilənlərə sübutdur. Azərbaycanla Qırğızıstan arasında cari ilin 20 aprel tarixində imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə yüksək əməkdaşlığa köklənir. "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum"u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzalaması isə olduqca xüsusi əhəmiyyətə malikdir. İmzalanan sənədlərin müxtəlif sahələri əhatə etməsi, dövlət idarəçilik akademiyaları, televiziya və radio verilişləri yayımları, kənd təsərrüfatı, iqtisadiyyat, maliyyə, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında memorandum və sazişlərin gələcəkdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin daha da yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq. Əminliklə deyə bilərik ki, dövlət başçısı İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində əməkdaşlığın səmərəliliyini artıran amillər daha da diqqətə alınacaq, iki xalq arasında dostluq və əməkdaşlıq bağları daha da möhkəmləndiriləcəkdir. Dünyamız ancaq sülh və əmin-amanlıq şəraitində daha da inkişaf edə və təhlükəsiz ola bilər. Dövlətlər bir-birinə faydalı olmaqla yanaşı, dünyanı təhlükəyə atan, dövlətlərin və insanların gələcək talelərinə təhdid yaradacaq əməllərdən və süni münaqişələrdən qaçmalıdırlar. Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə daim sadiq qalaraq, dostluğa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərini, həmçinin beynəlxalq təşkilatlardakı layiqli təmsilçiliyini bundan sonra da uğurla davam etdirəcəkdir.
Sevindirici haldır ki, bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Bütün bu amillər, eləcə də dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub. Əlaqələrimiz dinamik və səmərəli inkişaf etməklə, gələcək perspektivdə daha da məqsədəuyğun nəticələrə zəmin yaradır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB