Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkəmizdə son 19 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır. Dövlət tərəfindən həyata keçirilən sosialyönlü tədbirlər nəticəsində, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbat və ehtiyacları yüksək səviyyədə ödənilib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Bu və ya digər amillər planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir.
SOSİAL RİFAH - BÖYÜK NAİLİYYƏTLƏRLƏ MÜŞAYİƏT EDİLƏN İNKİŞAF
Əlbəttə ki, iqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Həyata keçirilən müxtəlif tədbirlər, islahatlar və maliyyə təminatının gücləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verir. Dövlət başçısının minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamları, tələbələr, magistrlar və doktorantların təqaüdlərdə ciddi artım və s. insan amilinə ayrılan diqqətin bariz nümunəsidir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə ardıcıl olaraq keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması, qayğılarının həllinə yönəlmiş tədbirlər davamlı olaraq həyata keçirilib. Göründüyü kimi, bu və ya digər sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə prioritet təşkil etdiyini göstərir. Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini əhatə edir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və ölkəmizdə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Son 19 ildə Pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, Milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olmuş oldu. Həmçinin əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bütün bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı da qeyd olunmalıdır. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilərək Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənildi. Bu, ikitərəfli addım idi - vətəndaşla bank arasında etimad mühiti bərpa olundu, eyni zamanda, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll edildi.
DÖVLƏTİN YENİ SOSİAL PAKETİ
Yeni ilin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı dövlətin yeni sosial paketinin işə başladığını təsdiqləyir. İmzalanan Sənəd bir daha təsdiq edir ki, ölkədə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir. Sözügedən Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncama əsasən, minimum əməkhaqqı 345 manata çatdırıldı və Vahid Tarif Cədvəli üzrə əməkhaqları artırıldı. Minimum pensiya isə 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaqdır. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcəkdir. Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcəkdir.
Qeyd edək ki, son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.
Ümumilikdə, bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcəkdir.
"HƏYAT DAVAM EDİR VƏ BU DAVAMLILIQ İNKİŞAF, TƏRƏQQİ İLƏ MÜŞAYİƏT OLUNANDA, DAHA BÖYÜK RUH YÜKSƏKLİYİ YARADIR"
Həqiqətən də, bu sosial addımlar əhali tərəfindən böyük məmnunluqla qarşılanır. Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Müasir, modern dövlət olaraq tanınan ölkəmiz Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi islahatları reallaşdırır, innovativ inkişafa yol açan dövlətə çevrilib. Əlbəttə ki, həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Prezident İlham Əliyev, çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Ölkəmiz 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gəlir. Əgər bu gün Azərbaycanın qazandığı biri-birindən əhəmiyyətli uğurlarından bəhs ediriksə, gələcəkdə daha möhtəşəm uğurlardan danışacağıq. Həyat davam edir və bu davamlılıq inkişaf, tərəqqi ilə müşayiət olunanda, daha böyük ruh yüksəkliyi yaradır. Bu uğurlara yol açan əsas amil isə möhkəm təmələ əsaslanan siyasətdir". Bu gün ölkəmiz güclü iqtisadi imkanlara malik dövlətdir və Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır və qeyri-neft sektoru inkişaf edir. Ölkəmizin təşəbbüsü ilə irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə, hər bir Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Bu cür sosial qərarlar davamlı xarakter alıb və bütün bunlar insanların güzəranı daha da yaxşılaşdırır. İmzalanan bu və ya digər sərəncamlar bir daha təsdiqləyir ki, Azərbaycan sosialyönümlü dövlətdir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən islahatlar davamlı olaraq reallaşır.Aparılan islahatlar planlı, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq gerçəkləşir. Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB