Böyük Qayıdış: dünyada analoqu olmayan layihələr TƏHLİL

Böyük Qayıdış: dünyada analoqu olmayan layihələr TƏHLİL

Prezident İlham Əliyev: "Yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq"

Dünyada Avropadan Asiyaya qədər olan məkanlarda böyük nüfuza sahib olan Azərbaycan 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad edərək bir daha dünyaya gücünü göstərmiş oldu. Tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq və digər məsələləri reallaşdırmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət kəsb edir. Müasir dövrün tələbləri nəzərə alınaraq mütərəqqi beynəlxalq təcrübə, nəzərə alınıb və Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Güclü iqtisadi inkişafa sahib olan Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2.2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya edilən köç, eləcə də, Şuşada, Füzulidə və digər ərazilərdə görülən işlər, Füzuli Beynəlxalq Hava Limanın cəmi səkkiz ay ərzində tikilib istifadəyə verilməsi, Zəngilan Beynəlxalq Hava Limanını açılışı və s. işlərin uğurla davam etdiyini göstərir. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu isə cari ildə istifadəyə veriləcək. "Böyük Qayıdış Proqramı uğurla icra edilir. Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Bununla bərabər, 10-dan çox kəndin Baş planı təsdiqləndi və bir neçə kəndin təməlini mən şəxsən qoymuşam. Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su elektrik stansiyasının açılışı baş verib. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjisindən qaynaqlanacaq. Bu ərazi nəinki təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrində yaşamaq məcburiyyətində qalan insanları bir araya gətirəcək, eyni zamanda, gələcəkdə Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaqdır.

"MƏCBURİ KÖÇKÜNLƏR QAYIDIŞ GÜNÜNÜ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR"

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılacaq Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Cənab Prezident çıxışlarının birində bildirdiyi kimi, biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Nəhayət, həmin günə şahidlik etdik. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk sorağı idi. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).Artıq Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb.Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. "Bu il Ağalı kəndində həyat artıq bərpa edilib, - deyə Prezident bildirib: "Birinci layihə icra edilmişdir və zəngilanlılar öz doğma torpağına qayıtmışlar. Bu, tarixi hadisədir. Çünki müharibədən iki il keçmədən – cəmi il yarımdan sonra biz artıq birinci keçmiş köçkünləri öz doğma torpaqlarına qaytarmışıq, onlar üçün gözəl şərait yaratmışıq. Bu, bir daha onu göstərir ki, dövlətimiz güclüdür və iradəmiz yerindədir. Eyni zamanda, bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bizim vətəndaşlarımız öz dədə-baba torpaqlarına bağlıdır, necə deyərlər, torpaq çəkir. Hətta heç vaxt o yerləri görməyən gənclər, uşaqlar, məktəblilər böyük həvəslə Ağalıya qayıdıblar və bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, məcburi köçkünlər qayıdış gününü səbirsizliklə gözləyirlər".

TALIŞ KƏNDİNDƏ 20 EV DOĞMA YURDLARINDAN DİDƏRGİN DÜŞƏN AİLƏLƏRƏ TƏHVİL VERİLƏCƏK

Bu gün artıq bir çox ərazilərimiz kimi, Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində də bərpa-quruculuq işləri davam etdirilir. İlkin mərhələdə 20 ev müasir tələblərə uyğun qurularaq bir zamanlar doğma yurdlarından didərgin düşən ailələrə təhvil veriləcək. Artıq 20 evin əsaslı təmir-bərpa işləri başa çatıb. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, hər bir ev mətbəx mebeli ilə təchiz edilib. Məişət avadanlıqları sakinlərin köçürülməsindən öncə qurulub, tam hazır və işlək vəziyyətə gətiriləcək. Kənddə inzibati binada, məktəbdə, uşaq bağçasında, xeyir-şər evi və mağazada əsaslı təmir işləri davam edir. Talış kəndində qaz, elektrik, su, rabitə xətlərinin çəkilişi aparılır. Müasir kanalizasiya sistemi inşa olunur. Kəndarası yollar da yenidən qurulur. Yolların işıqlanması günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə həyata keçiriləcək.Tarixi dövrə nəzər salsaq görərik ki, Tərtər rayonunun inzibati ərazi vahidində olan Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Hansı ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinin adı, toponomik cəhətdən bu məlikliyin adından götürülüb. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsində olan Talış kəndi, sonralar isə Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, ardınca isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiya tərəfindən ilhaq edilib. Bəzi mənbələrdə Talış mahalı və ya Talış məlikliyi adlanıb. Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı iyunun 16-cı kənd erməni işğalçılarından azad edilib. Lakin 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar. 2 aprel 2016-cı il tarixdə Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı ermənilərdən tam geri alınıb. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bu gün işğaldan azad olunan ərazilərdə, eləcə də Talış kəndində quruculuq, bərpa işləri sürətlə davam edir. Əlbəttə ki, Qarabağın bərpası dünyada analoqu olmayan böyük bir layihədir. Bütün bunlar əhalinin bu yerlərə Böyük Qayıdışının təmin edilməsi üçün atılan addımdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə