Azərbaycan xalqı milli həmrəyliyi və tolerantlığı birgə yaşadır ŞƏRH
Azərbaycan xalqının həmrəyliyi tarix boyu formalaşaraq XX əsrin sonunda keşməkeşli illərdə büruzə verdi. Həmrəylik, xalqın bütövlüyü milli-mənəvi dəyərlərə, vətənpərvərlik məfkurəsinə söykənir. Bildiyiniz kimi, həmrəylik gününün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Bütöv Azərbaycan eşqi ilə xalqımız sanki buxovlarını məhv etmişdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu günün əhəmiyyətini zaman keçdikcə daha çox anladıq. Aparılan məqsədyönlü təbliğatlar, dövlət siyasəti öz əməli nəticəsini otuz il sonra göstərdi.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının vətən təəsübkeşliyinin ən ali təzahürünün şahidi olduq. Məhz 30 ilə yaxın vətən, torpaq həsrəti Azərbaycan xalqının bir yumruq kimi birləşməsi ilə nəticələndi. Milli-etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir amal uğrunda mübarizə apardı. Dünyaya səpələnmiş əlli milyondan çox azərbaycanlının qəlbi Qarabağda döyündü. Bu, milli-mənəvi dəyərlərini qorumaqla yanaşı tolerant siyasəti ilə etnik balansı, milli müvazinəti qorumağı bacarmış Azərbaycan Respublikasının dünyaya mesajıdır. 2021-ci il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında demişdir: “Azərbaycanın, əslində, siyasəti də, mövqeyi də, xalqımızın düşüncələri də bu fikri təsdiqləyir. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var.”
Ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi kimi 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə nail oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın qətiyyəti, zəfərə inamlı çağırışı böyük ruh yüksəkliyi yaratdı və dinindən, etnik mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlarımızın güc və enerjisini qələbəyə yönəltdi. Vətən müharibəsi göstərdi ki, lazım gəldikdə bütün ölkə vətəndaşları dininindən, məzhəbindən, inancından asılı olmayaraq “dəmir yumruq” kimi birləşə bilir.
Vətən müharibəsi ərəfəsində və ondan sonrakı dövrlərdə Ermənistanın etnik münaqişəni əsl mahiyyətindən yayındırıb, dini müstəvidə təqdim edərək dəstək qazanmaq cəhdləri də artdı. Ermənilər tarixin müxtəlif dönəmlərində zorla erməniləşdirilmiş bir sıra qədim xristian-alban abidələrinin təhlükədə olduğu, yerli əhalinin guya dini etiqad azadlığının pozulduğu barədə dünya ictimaiyyətinə “həyəcan təbili” çaldılar. Azərbaycan Respublikasının öz sərhədləri daxilində öz suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa etməsi üçün apardığı hərbi əməliyyatları təhrif edərək bunun ermənilərin timsalında xristian dünyasına qarşı yönəlmiş aqressiya kimi qələmə verməyə çalışdılar.
Azərbaycan Respublikası yarandığı ilk illərdən milli siyasətini aşağıdakı kimi qurmuşdur:
- Azərbaycan xalqının tarixən formalaşmış zəngin tolerantlıq ənənələrini daha da inkişaf etdirmək;
- Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi konstitutsion əsaslara söykənən prinsiplərini qorumaq;
- Azərbaycanın müxtəlif dinlərə, inanclara münasibətdə həyata keçirdiyi daxili və xarici siyasətdən vaz keçməmək;
- Azərbaycan həqiqətlərinin, o cümlədən, mədəniyyəti və multikulturalizminin dünyada uğurlu təbliğ etmək.
Qədim tarixi keçmişə malik Azərbaycan xalqı və onun sivilizasiyalar qovşağındakı geosiyasi mövqelərinin möhkəmlənməsi Azərbaycan Respublikasını XXI əsrin ilk onilliklərində özünü tam təsdiq etmiş, regionun lider dövlətinə çevirdi. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu və ən əsası həmrəyliyini bugünədək qoruyub saxlaya bilmişdir.
Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB