Ermənilər tarixi kökü olan azərbaycanlıların qonşusu olmasaydı… TƏHLİL

Ermənilər tarixi kökü olan azərbaycanlıların qonşusu olmasaydı… TƏHLİL

Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirərək, saxta tarix formalaşdırmaları ilə dünyada "seçilib", "tanınıb"lar. Dünyanın istənilən bir ölkəsinin qələm əhlindən, siyasətçisindən ermənilərlə bağlı sərt mesaja rast olunması təsadüfi deyil. O qədər iyrənc və qorxuncdurlar ki, milli xüsusiyyətini qısa bir zamanda sezmək olur. Məşhur fars şairi Sədi Şirazinin ermənini yer üzünün ilanı, insanlığın düşməni kimi qələmə verməklə nə qədər haqlı imiş. Bəli, biz erməni kimliyini dünya xalqlarının tanınan şəxsiyyətlərinin dili ilə görürük və belə nümunələr istənilən qədərdir. Bu gün tarixdə baş verən hadisələrin davamı müxtəlif yollarla həyata keçirilir. Eyni siyasətin müasir dövrümüzdə inikasını görürük. Bu fikirlərdəki həqiqət əsaslıdır. Dili hibrit, yəni calaq dili, ərazisi, mədəniyyəti, mətbəxi, tarixi olmayan ermənilərin ünvanına deyilənlər elə onlara məxsus olan bu "dəyərlər"dən qaynaqlanır. O "xalq"ın əfsuslar olsun ki, qonşusu azərbaycanlılardır. Məğrur, sözünün gücü, əməli, tarixi, irsi olan, dünyanın marağında olan bir dövlətlə qonşu olublar. Amma hərdən düşünürəm ki, ermənilər tarixi kökü olan azərbaycanlıların qonşusu olmasaydılar, necə dünyaya çıxa bilər, mənim mətbəxim, musiqim, dilim, ərazim vardı, - deyə bilərdi. Zaman yerində dayanmır, dəyişir. Yeni meyarlar, yeni baxışlar yaranır. Amma erməni cildi dəyişmir. Tarixə nəzər salaq, bir daha görərik ki, ermənilərin Azərbaycan ərazisinə "təşrif buyurmaları" nə vaxt və necə olub? Qədim İrəvan torpağında necə məskunlaşıblar.

"İNDİKİ ERMƏNİSTAN ƏRAZİSİNDƏ TARİX BOYU AZƏRBAYCAN XALQI YAŞAYIB"

Bildiyimiz kimi, XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi Şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.
1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Bu gün Ermənistan Respublikası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmışdır.
"Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərkən bildirib. Ermənilər kütləvi surətdə indi Ermənistan adlanan əraziyə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra imzalanan Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən, İran və Türkiyədən köçürülüb gətirilmişdir. Bu ərazi qədim türk-oğuz yurdudur.

"TARİXİN MÜXTƏLİF VAXTLARINDA BİZİM XALQIMIZ ÖZ DOĞMA TORPAQLARINDAN MƏHRUM EDİLMİŞDİR"

Mənbələrdən məlumdur ki, müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. "Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik", - deyə Cənab Prezident bildirib.
Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır.

TARİXİ-MEMARLIQ ABİDƏLƏRİNƏ, MADDİ İRSƏ QARŞI MƏDƏNİ SOYQIRIMI

Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir ediblər.
XX əsrin əvvəllərinədək İrəvan qalası, onun içərisində yerləşən Xan sarayı, Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. Çoxsaylı qalalar, qala-şəhərlər, hərbi istehkam obyektləri mövcud olub. Orta əsrlər dövrünə və Rusiya işğalı dövrünə aid ədəbiyyatlarda indiki Ermənistan ərazisində mövcud olmuş və hərbi istehkam xarakteri daşıyan İrəvan qalası, Keçi qalası, Sərdarabad qalası, Talın qalası, Gümrü qalası, Şörəyel qalası haqqında məlumatlar verilir. Adları sadalanan bütün bu qalaları İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra ermənilər tədricən dağıdaraq yer üzündən siliblər. Onların içində tez-tez adı çəkilən qala İrəvan qalasıdır. Mənbələrdə qeyd olunur ki, İrəvan qalasının ruslar tərəfindən işğalından sonra qalanın tərtib edilən çertyojunda göstərilən miqyasa əsasən aparılan hesablamalardan bəlli olur ki, uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə etmişdir. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində Qırmızı körpü adlanan körpü salınmışdı.
XIX əsrin 30-cu illərində İrəvan qalasındakı 120-dən artıq binada müxtəlif təyinatlı dövlət müəssisələri və təşkilatlar yerləşirdi. 50-ci illərdə qalanın içərisində müxtəlif tikinti işləri aparılmış və təmir-bərpa işləri görülmüşdü. Qalada rus hərbi hissələri və onlarla top saxlanılırdı.İrəvan şəhərində mövcud olmuş mülki memarlıq nümunələrindən ən diqqətçəkəni İrəvan qalasındakı Xan sarayı, yaxud Sərdar sarayı idi. İstər Səfəvilər, istər Nadirşahlıq, istərsə də Qacarlar dövründə İrəvan hakimlərinin, bəylərbəylərinin və xanlarının iqamətgahı İrəvan qalasında olmuşdur. Mütəxəssislərin qənaətinə görə, İrəvan Xan sarayı memarlıq forması, biçimi, plan quruluşu, daxili həcminin həlli və bədii tərtibatına görə Şərq memarlığının şah əsərlərindən sayılır. Xan sarayı erməni vandalları tərəfindən Yer üzündən silinsə də, günümüzədək gəlib çatan məlumatlar, arxiv sənədləri, rəsm əsərləri, fotolar İrəvan Xan sarayı kompleksinin tam mənzərəsini yaratmağa imkan verir.
1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 №-li azərbaycanlı orta məktəbin binasını yandırıblar. ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs edərək yazırdı ki, bir gecə İrəvanda dostu onu apararaq Qnuni küçəsindəki 22 №-li evin arxasında bir qalaq zibilliyi göstərmişdir. Dostu pıçıltı ilə R.Kullenə söyləmişdi ki, hələ Ermənistanda azərbaycanlılar yaşadığı zaman həmin yerdə onlara məxsus sadə məscid olmuşdur. R.Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi linglə uçurmuş, sonra isə buldozerlə yerlə bir etdiklərini dostu ona söyləmişdi. Təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə, onların maddi irsinə qarşı sözün həqiqi mənasında mədəni soyqırım həyata keçirilmişdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə