Niyə dağıdıcı müxalif Xankəndi yolunda deyil, Fəvvarələr meydanında aksiya keçirməyə cəhd edir?
Mövcud reallıq və faktlar ondan ibarətdir ki, üzərindən 30 ildən də artıq vaxt keçməsinə baxmayaraq hələ də dağıdıcı müxalif partiya funksionerləri meydan təfəkküründən, küçə davranışından xilas ola bilməyiblər. 30 ildir ki, dağıdıcı müxalifət başbilənləri məqsədlərinin və istiqamətlərinin nədən ibarət olduğunu dərk etmirlər. Bu da onu deməyə əsas verir ki, Əli Kərimli, İsa Qəmbər, Tofiq Yaqublu, Arif Hacılı, Cəmil Həsənli və digərləri ancaq xarici maraqlı dairələrin sifarişlərinə uyğun fəaliyyət göstərirlər. Düzdür xaricdən aldıqları maliyyə yardımları hesabına əyin-başlarını və yaşayış durumlarını dəyişiblər, ancaq düşüncə və davranışları 1988-1990-cı illərdə olduğu kimi qalmaqdadır. Misal üçün milli maraqlara qarşı qərəzli mövqe sərgiləyir, dövlətçiliyə qarşı əsassız ittihamlar irəli sürür, xarici maraqlı dairələrin sifarişləri əsasında Bakının mərkəzində icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərirlər. Xaricə satılanların bir prinsipi var, onlar kimi düşünüb, fəaliyyət göstərməyənlər, hakimiyyətə işləyənlərdir. Dəfələrlə müxalif partiya sıralarında elələri olub ki, dövlətçilik maraqlarından çıxış edib, xarici məkrli dairələrlə əlaqələrin dayandırılması tələbini irəli sürüblər. Bu zaman partiya sədrləri tərəfindən ittiham olunub, hakimiyyətə işləməkdə günahlandırılıblar. Bir qədər sonra isə müxtəlif qondarma ittihamlarla partiyadan uzaqlaşdırılıblar. Misal olaraq, Sahib Kərimlini, Elçin Həsənovu, Aydın Əliyevi və digərlərini göstərmək olar. Bu kimi faktlar Əli Kərimli, İsa Qəmbər, Tofiq Yaqublu, Arif Hacılı, Cəmil Həsənli və digərlərlərinin sivil mübarizə metodlarından uzaq olduğunu göstərir. Həm də təsdiq olunur ki, müxalif partiya sədrləri ancaq korporativ maraqlardan çıxış edirlər. Onların Azərbaycanda gedən demokratik proseslərdən, vətəndaş cəmiyyəti quruculuğundan, sivil mübarizə taktikasından bəhrələnmək niyyətləri və istəkləri yoxdur.
Aydın Əliyev: “Məhkəmədə Əli Kərimlinin qatı diktator olduğunu sübut etdim”
Diqqətçəkən maraqlı məqam ondan ibarətdir ki, bəzən partiya sədrlərinin qəzəbinə tuş gələrək partiyadan uzaqlaşdırılmalarını həzm edib, taleləri ilə barışmayan eks-sıravilər olur. Misal olaraq, AXCP NTK-nın sədri olmuş Aydın Əliyevin Ə.Kərimlinin tələbinə əsasən, partiya sıralarından xaric edilməsini rahatlıqla həzm etməməsini göstərmək olar. A.Əliyev AXCP sıralarından xaric edilməsini partiya nizamnaməsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, hüquqlarının bərpası iddiası ilə Nəsimi rayon məhkəməsinə müraciət edib. Bu barədə, bizə A.Əliyevin özü məlumat verdi: “Nəsimi rayon məhkəsməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə keçirilən prosesdə iddiam təmin olundu. AXCP sədri Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri müxtəlif üsullardan istifadə etməklə partiyadan uzaqlaşdırır. Əli Kərimli qatı diktatordu. O cəbhəçiləri aldadır, xalqımıza və dövlətimizə qarşı xəyanət edir”.
Qeyd edək ki, A.Əliyevin vəkili Vasif Mirzəyev məhkəmə prosesində çıxış edərək bildirib ki, AXCP sədri Əli Kərimli Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması üçün təqdim edilən sənəd əsassız olub: “Həmin sənəddə Rəyasət Heyətində iştirak etmiş şəxslərdən biri olan Hüseynova Solmaz ölkə ərazisində olmayıb. Həm də yığıncaqda iştirak edən şəxslərin bəziləri, ümumiyyətlə, nizamnaməyə əsasən, Rəyasət Heyətinin üzvləri ola bilməzlər. Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma protokol sənəddə ümumi yığıncağın iştirakçısı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Açıq şəkildə görsənir ki, bütün bunlar Əli Kərimlinin göstərişi ilə həyata keçirilib. Nizamnamənin kobud şəkildə pozulduğunu müşahidə edirik. Bu səbəbdən xahiş edirik ki, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı qərarı ləğv olunsun və onun AXCP NTK sədri vəzifəsinə bərpa olunması ilə bağlı qətnamə çıxarılsın".
Məhkəmə tərəfində aparılan uzun araşdırmalardan və şahid ifadələrindən sonra hakim Rəşid Səmədov iş üzrə məhkəmə qərarını elan edib. Belə ki, Əliyev Aydın Sədətqulu oğlunun cavabdehlər Azərbaycan Xalq Cəbhəsi Partiyasına və Kərimli Əli Əmirhüseyn oğluna qarşı "Ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması" ilə bağlı iddia tələbi təmin olunub. Qərara əsasən, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunub. Bundan əlavə, iddiaçı A.Əliyevin AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb.
“Əli Kərimli icra və probasiya şöbəsinə gəlib, üzərinə öhdəlik götürdü”
Hikkəsindən və diktator xislətindən dönməyən Ə.Kərimli məhkəmənin qərarını icra etməkdən boyun qaçırır. Bunu bizimlə söhbətində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev deyib: “Mən məhkəmənin qərarı ilə AXCP üzvlüyünə bərpa olunsam da, NTK-nın sədrliyinə bərpa olunmağım yubanır. Ə.Kərimli müxtəlif bəhanələrlə mənim Nəzarət-Təftiş Komissiyasının sədrliyinə bərpa olunmağıma əngəllər yaradır. O, yalançı və hiyləgərdir, həm də qatı diktatordu, AXCP-yə özünün şəxsi ofisi kimi baxır. Mənim şikayətim əsasında Nəsimi rayon probasiya və icra şöbəsi Ə.Kərimlini şöbəyə dəvət etdi. O, üzərinə öhdəlik götürdü və öhdəlik məktubunu imzaladı. Lakin yenə də, problemlər yaradır. AXCP-nin nizamnaməsinə görə, həftədə bir dəfə Nəzarət-Təftiş Komissiyasının iclası keçirilməlidir. Lakin Ə.Kərimlinin tapşırığı əsasında iclaslar keçirilmir. Bununla da mənim məhkəmənin qərarı ilə NTK-nın sədrliyinə bərpa olunmağım əngəllənir”.
A.Əliyev onu da bildirdi ki, Ə.Kərimlinin nizamnamə pozuntusu törətməsi ilə bağlı yenidən məhkəməyə müraciət edib: “Məhkəmə olacaq. Mən Ə.Kərimlinin diktator olduğunu növbəti dəfə sübut edəcəm. Hər bir cəbhəçiyə də məsləhət görərdim ki, ehtiyatlı olsunlar, Ə.Kərimli qorxulu diktatordur, hər kəsi ləkələyə bilər”.
Göründüyü kimi, müxalifət partiya sədrləri öz şəxs maraqlarını hər bir partiya üzvünün mənafeyindən üstün tutur və Azərbaycanın milli maraqlarını zərbə altında qoymaqla "əyləc mexanizmi" qismində çıxış edirlər. Təbii ki, bu cür fəaliyyətlə cəmiyyətdə uğur qazanmaq və siyasi dəstək əldə etmək mümkün deyil. Necə ki, bunun acı nəticəsini müxalif partiyalar yaşamaqdadırlar. Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifətin rüsvayçı məğlubiyyətlə üzləşməsi cəmiyyətin onlara vurduğu sərt şillədir, ən böyük cəzadır. Buna baxmayaq, onlar seçkilərdə uğur qazana bilməmələrinin səbəblərini elmi-siyasi təhlilini aparmırlar. Ən azı papaqlarını qarşılarına qoyub, secki məğlubiyyətinin səbəblərini müzakirə etmirlər. Bu da növbəti seçkilərdə onların yenidən acınacaqlı məğlubiyyət yaşamalarına gətirib çıxarır.
AXCP, Müsavat və digər dağıdıcı müxalif partiyalar daim destruktiv fəaliyyətə üstünlük veriblər
Fikir verilsə bir daha aydın olar ki, AXCP, Müsavat və digər dağıdıcı müxalif partiyaları daim destruktiv fəaliyyətə üstünlük veriblər. Hər zaman milli maraqlarımız, dövlət və dövlətçiliyimizə qarşı əks-kampaniya aparıblar. Bu gün bütün dünya azərbaycanlıları, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışır, Qarabağ iqtisadi ərazilərində separatçıların və onların himayədarlarının ifşası istiqamətində müvafiq işlər görülür dağıdıcı müxalifət isə xarici qaranlıq dairələrlə birləşib milli maraqlarımıza ziyan vurmağa cəhdlər göstərir. Bir neçə gün əvvəl məram və məqsədlərini anlamayan bir qrup şüvəni başlarına toplayan AXCP, “Milli Şura” və Müsavat funksionerləri Bakının mərkəzi meydanı olan Fəvvarələr meydanında icazəsiz aksiya keçirməyə cəhd göstərdi. Təbii ki, dövlət qurumları ilə razılaşdırılmadığından, aksiya iştirakçıları polis tərəfindən saxlanıldı və onların bir neçəsi cərimələndikdən sonra sərbəst buraxıldı. Müsavat funksioneri və “Milli Şura”nın üzvü Tofiq Yaqublu isə məhkəmənin qərarı ilə 25 gün inzibati cəza aldı. Xatırlatmaq lazımdır ki, aksiyadan öncə şəhər polisinin rəhbərliyi icazəsiz aksiyanın keçirilməsinə imkan verilməyəcəyini bildirmişdir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd etmişdir ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək: “Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək”.
Sual yaranır, niyə 15 gündür ki, Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına dağıdıcı müxalifət dəstək vermir? Nədən aksiyaya qoşulmaq istədiklərini bildirmirlər? Ola bilməzmi müxalif toplum Fəvvarələr meydanında deyil, Xankəndi-Laçın yolunda ermənilərin faydalı qazıntılarımızın talan edilməsinə etiraz olaraq aksiya keçirmək istədiklərini bildirsinlər? Nə mane olur, xaricdən sifarişmi lazımdır? Söz yox ki, xarici qüvvələrin Xankəndi-Laçın yolunda aksiyanın keçirilməsinə qarşıdılar. Bu səbəbdən də Bakıdakı təmsilçiləri olan siyasi və ictimai təşkilatlar susmağa üstünlük verirlər.
Dağıdıcı müxalif ünsürlər haqq işimizə əngəllər yaratmağa, milli varlığımız uğrunda savaşımıza kölgə salmağa çalışırlar
Məlum olduğu kimi, 15 gündür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda QHT-lərin, ekoloqların, könüllülərin və digər təbəqələrdən olan insanların iştirakı ilə etiraz aksiyası keçirilir. Aksiya iştirakçılarının tələbləri haqlı və əsaslıdır. Azərbaycanın suveren ərazilərində sərvətlərimizin talan edilməsinə son qoyulmalıdır. Təbii ki, Rusiyalı sülhməramlılarının erməni separatçılarının və onların himayədarlarının talançılıqlarına göz yumması təəssüf doğurur. Azərbaycan fəalları etiraz aksiyası ilə bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir. Bütün dünya azərbaycanlıları, diaspor təşkilatları, dost dövlətlərin vətəndaşları Xankəndi-Laçın yolunda keçirilən aksiyaya bu və digər formada dəstəklərini nümayiş etdirdikləri halda dağıdıcı müxalif ünsürlər haqq işimizə əngəllər yaratmağa, milli varlığımız uğrunda savaşımıza kölgə salmağa çalışırlar. Belə siyasi partiyanın mövcudluğuna son qoyulmalıdır. Müvafiq dövlət qurumları təcili tədbirlər görməli və dövlət maraqlarına zidd fəaliyyət yolu tutan partiyaların, o cümlədən AXCP-nin, Müsavatın və digər siyasi və ictimai təşkilatların dövlət qeydiyyatını ləğv etməlidir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB